|
Ziyalılarımız.
İmamverdi Əbilov.
Hacı İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Qoltuq kənd yeddiillik məktəbini tamamladıqdan sonra Buzovna pedaqoji məktəbini, sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir.
Əmək faəliyyətinə 1943-cü ildə balıq vətəgəsində başlamışdır. Pedaqoji təhsil aldıqdan sonra müəllim işləməyə başlamış, bununla yanaşı, 1955-ci ilə qədər Rayon Komsomol Komitəsinin katibi, Neftçala rayon partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, ikinci katibi vəzifələrində çalışmış və heç vaxt pedaqoji işdən ayrılmamış, bütün ömrünü müəllimliyə həsr etmişdir.
İ.Əbilov həmin illərdə elmi-ədəbi-publisistik fəaliyyətlə məşğul olmuşdur. 1960-cı ildə ilk “Rəsul Rza” kitabı kütləvi tirajla çapdan çıxmış və həmin il o, respublikanın “Qabaqcıl maarif xadimi” adına layiq görülmüşdür. Ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə haqqındakı sanballı əsərləri ilə geniş oxucu marağını cəlb edən İ.Əbilov çağdaş Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında dəyərli elmi məqalələr yazıb çap etdirmişdir.
İ.Əbilov 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Filologiya elmləri doktoru, professor elmi dərəcələrinə sahib olmuşdur.
İmamverdi müəllim, 1985-ci ildə “SSRİ maarif əlaçısı”, 1990-cı ildə isə Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatının laureatı adına layiq görülmüşdür. Publisistik əsərlərindən bəzi nümunələr orta məktəbdə tədris olunan “Ailə” dərsliyinə daxil edilmişdir. Moskvada, Tehranda, Bağdadda, Zaqafqaziya respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda professor İ.Əbilov respublika elmi-ədəbi ictimaiyyətini təmsil etmişdir.
Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olan İ.Əbilovun Respublika və keçmiş ittifaqın bir sıra mətbuat orqanlarında elmi, ədəbi, nəzəri, pedaqoji məsələlərdən bəhs edən 700-dən artıq məqalə və resenziyası dərc olunmuşdur. Bunlardan əlavə onun “Rəsul Rza”, “Azərbaycan ədəbiyyatında Lenin surəti”, “Azərbaycan ədəbiyyatında yeni insan”, “Könül dünyamıza səyahət”, “Xatirələr işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı, Rəhmət duası”, “Ömrün anları”, “Əsrlər...Nəsillər...Əməllər...”, “Ağsaqqal ləyaqəti”, “Ömrün dan qızartasından qürüb şəfəqlərinədək...”, “Zamanla Vaxt arasında”, “Xalqla xidmət-el məhəbbətinə körpüdür”, “Ömrün anları”, “Təbiətin və təfəkkürün möcüzəsi”, “Dünənin...Sabahın...Çağdaş dahisi” kitabları nəşr olunmuşdur.
İ.Əbilovun şəxsi arxivində müxtəlif vaxtlarda dostluq və yaradıcılıq ünsiyyətində olduğu məşhur elm-sənət-ədəbiyyat korifeylərinin məktubları, səs yazıları, hədiyyələri, nadir fotoları saxlanılır.
İ.X.Əbilovun ədəbi-elmi-pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmiş, müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. “1941-1945 Böyük Vətən Müharibəsi illərində əmək rəşadətinə görə” və “İgidliyə görə” medalları, “Fəxri xeyriyyəçi” qızıl medalı ilə təltif olunmuşdur. O, “S.Vurğun” xatirə diplomunun, “Araz” ali ədəbi mükafatının, “Akademik Mehdi Mehdizadə” ali pedaqoji mükafatının, “Rəsul Rza”, “Səməd Vurğun”, “Xudu Məmmədov”, Türk Törə Ocağının “Şan yarlığı” beynəlxalq mükafatlarının, “XXI əsrin Tanınmış Maarifçisi” beynəlxalq diplomunun laureatıdır.
İ.X.Əbilov təkcə Neftçalada yox, bölgənin müxtəlif güşələrində keçirilən elmi-mədəni tədbirlərdə fəal iştirak edir. Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin Neftçalada keçirdiyi “Yeni dövr və ziyalı mövqeyi”, “Ziyalı və zaman”, “Elmlər Akademiyası -50”, “Füzuli-500”, “İlk milli Konstitusiyamız və Azərbaycan dili”, “Dədə Qorqud-1300” mövzularına həsr olunmuş elmi-nəzəri konfranslar İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə keçirilmişdir.
İ.Əbilov, həmçinin xeyriyyəçi kimi el arasında böyük nüfuza malik bir insandır. Doğulduğu Qoltuq kəndindəki Cümə Məscidinin inşası, habelə tarixi “Pir” ziyarətgahının əsaslı təmiri-bərpası, Qobuüstü asfalt yolun salınması onun adı ilə bağlıdır.
Səmərəli elmi fəaliyyətinin nəticəsi olaraq, o, 2006-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü seçilmişdir. 2007-ci ildə “Vektor” Beynəlxalq elm mərkəzinin elmi şurası Azərbaycan-Türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə professor Hacı İmamverdi Əbilov “Fəxri doktor” adına layiq görülmüşdür. İ.X.Əbilov, həmçinin, Neftçala rayon Ziyalılar İttifaqının, Ağsaqqallar şurasının, Mədəniyyət fondunun sədri, respublika Ağsaqqallar şurasının üzvüdür. 2000-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülmüşdür.
Akademik Bəkir Nəbiyevin “El ağsaqqalı, elm fədaisi” monoqrafik əsəri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İ.Əbilov Prezidentin fərdi təqaüdçüsüdür. 2007-ci ildən “Əsərləri”nin 15 cildliyi nəşr olunur.
Görkəmli ədəbiyyatşünas alim İ.Əbilov haqqında kitabxanamız tərəfindən biblioqrafik göstərici hazırlanmışdır.
İbrahim Nurlu.
1941-ci ilin aprelin 26-da Neftçala rayonunun Böyük Oriyat kəndində anadan olmuşdur. 1957-ci ildən əmək fəaliyyətinə başlamış, 1958-ci ildən məktəbdə kitabxanaçı, 1960-cı ildən isə Neftçala şəhər əsas internat məktəbində pioner baş dəstə rəhbəri, tərbiyəçi müəllim işləmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini qiyabi bitirmiş, hazırda Həsənabad qəsəbəsindəki Ş.Orucov adına orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir.
İbrahim Nurlunun adı respublika ictimaiyyətinə çox tanışdır. İmzası rayon və mərkəzi mətbuatda tez-tez görünür. Respublika Jurnalistlər Birliyinin üzvüdür. Neftçalanın tarixi, coğrafiyası, tanınmış ziyalıları haqqında üç cilldən ibarət “XXI əsrin astanasında: Neftçala” trilogiyasını yazmaqla bütün respublikada, hətta respublikadan uzaqda da tanınmışdır. Müxtəlif mövzularda 20-dən çox kitabı nəşr olunmuşdur. Onun müxtəlif mətbuat səhifələrində dərc olunmuş məqalələri, bədii yazıları, xüsusilə pedoqoji mövzuda çıxışları müəllimlərin diqqətini cəlb etmişdir. İ.Nurlunun kitablarından müəllimlər və şagirdlər yerli material kimi geniş istifadə edirlər. Həyatı örnək olmağa layiq insanlar haqqında yazdığı kitablar onu gənclər arasında da şöhrətləndirmişdir. Yaradıcı uşaqlara qayğı göstərən, onlara hamilik edən İ.Nurlu öz şagirdlərinin bədii yazılarını “Səkkiz qönçə” adlı kitabda toplamış və öz vəsait hesabına nəşr etdirmişdir. Rayon ictimaiyyəti arasında yüksək nüfuz sahibi olan İbrahim Nurlunun “İlin müəllimi” respublika müsabiqəsində təhsil nazirinin təşəkkürünü qazanması, habelə “Pedoqoji mühazirələr” Respublika müsabiqəsində birinci yeri tutması onun öz üzərində daim işləməsindən xəbər verir.
İ.Nurlu “VEKTOR” Beynəlxalq Elm Mərkəzinin apardığı sorğuya görə “Azərbaycanın tanınmış maarifçiləri” Beynəlxalq layihəsinin qaliblərindən biri olmuş və “XXI əsrin tanınmış maarifçisi” Beynəlxalq diplomuna layiq görülmüşdür. Onun dərs dediyi şagirdlər öz müəllimlərini yüksək dərəcədə sevir, müəllim həmkarları ona böyük hörmət bəsləyirlər. İbrahim Nuriyev yenilikdən qorxmur, pedoqoji sahədə daim axtarışlar aparır, rayonda interaktiv təlim üsulunun tətbiqinin pionerlərindəndir. Onun təhsil nazirliyində də yüksək qiymətləndirilən “test aparatı” isə bütün müəllim və şagirdlərin böyük marağına səbəb olmuşdur. O, gənc müəllimlərlə tez-tez görüşür, rayonda keşirilən pedoqoji məclislərdə, konfrans və bölmə iclaslarında öz bilik və təcrübəsini həmkarları ilə bölüşür.
2010-cu ilin yanvar ayından Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Aran bülgəsi üzrə aparıcı məsləhətçi kimi də fəaliyyət göstərir. Respublikanın qəzet və jurnallarda çıxan müxtəlif yazıları ilə yanaşı aşağıdakı kitabları çap olunmuşdur:
Üç cildlik “XXI əsrin astanasında Neftçala”, iki cildlik “Yeni əsr, yeni era Neftçala”, “Heydər əmanəti Neftçala”, “Kürəm Xəzərə bəndəm”, “Neftçala yanvar qırğını”, “Ömür keçdi, gün keçdi” və s.
Soltan Abbas.
1979-cu ildə “Damcı” ilk şerlər kitabı ilə oxucuların görüşünə gələn Soltan Abbas bu gün Azərbaycanda öz səsi ilə tanınan şairlərdən biridir.İlham bulağının damcıları gürşad yağışa çevrilərək oxucularına vətən,torpaq məhəbbəti,təmiz və ləkəsiz sevgi hissləri aşıladı,neçə-neçə kitaba dönərək şəxsi və dövlət kitabxanalarında öz yerini tutdu.15-ə yaxın kitabın müəllifi olan sadə kənd müəllimi şerlərində onu düşündürən mövzulardan söhbət açır,oxucularını bu narahat dünyamızın problemlərindən baş çıxarmağa çağırır.
Abbasov Soltan İsrafil oğlu- şair,publisist,1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.1933- cü il yanvarın 7-də Neftçalanın Ballıcallı kəndində kolxozçu ailəsində doğulmuşdur.Orta məktəbi 1952-ci ildə bitirmiş, Bakı pedoqoji məktəbində təhsil almış, H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdır.Bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlamışdır.İlk şeri,bir bəndlik bayatısı 1967-ci ildə “Təşviqatçı” jurnalında çap edilmişdir.1971-75-ci illərdə Salyanda “Kürün töhfəsi” ədəbi birliyinə başçılıq etmişdir .
1975- ci il noyabrın 18- də neftçalalı ədəbiyyat həvəskarlarının arzusunu nəzərə alaraq “Oktyabr bayrağı” qəzetinin redaksiyası nəzdində ədəbi birlik təşkil edildi. “Xəzər nəğmələri” adlandırılan bu ədəbi məclisin ağsaqqalı ilk gündən şair Soltan Abbas oldu.Birliyin səsi çox-çox uzaqlara yayılmışdı. “Oktyabr bayrağı” qəzeti hər dəfə öz dördüncü səhifəsində bu məclis üçün yer ayırırdı.Bakıdan,Gəncədən,Naxçıvandan,Qəbələdən,Şuşadan,Salyandan və başqa yerlərdən göndərilən şerlərin ən uğurluları qəzetdə verilirdi.Ədəbi məclisin işində respublikamızın tanınmış şair və yazıçıları tez-tez iştirak edər,yeni yazarlara məsləhət verərdilər.Birliyin sədri bu gün də Soltan Abbasdır.
“Sabir poeziya günləri” (1979), “Qızıl əllər” (1980), “Azərbaycan” (1991), “Vətən nəğməsi” (1989) almanaxlarında şeirləri çap olunmuşdur. “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanına (1980),Azərbaycan Komsomolu (1958), SSRİ Maarif Nazirliyinin (1985), Fəxri Fərmanlarına, Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə (1987), 1994-cü ildə isə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülmüşdür. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər”, “Ömrün şəhidlik zirvəsi”, “Torpağın sahibi”, “Səyyah etdi söz məni”, “Ömür töhfəsi”, “Torpağın oğlu” və s. şer kitablarının müəllifidir.
Soltan Abbas 100-dən artıq publisistik yazıların müəllifidir.Şairin istifadə etdiyi janrlar arasında lirik şerlər daha çox yer tutur. O Vətənin,xalqın dərdlərini öz dərdi kimi qəbul etməyə çağırır.Onun şəhidlər haqqında yazdığı “Ömrün şəhidlik zirvəsi” adlı toplusunda Neftçala torpağının 1990-cı ildən bəri döyüşlərdə həlak olmuş 167 şəhid oğluna həsr edilmiş poetik oçerklər toplanmışdır.
S.Abbas 1991-ci ildən 2006-cı ilə kimi Boyat kənd inzibati ərazi nümayəndəsi işləmişdir.İşlədiyi müddətdə kəndə yol ,su,qaz çəkilməsinə,məktəb binasıın tikilməsinə,ərazinin telefonlaşmasına nail olmuşdur.Hazırda Neftçalanın Ballıcallı kəndində yaşayır.Təqaüdçüdür.
Şairin yaradıcılığı və əsərlərinin tam biblioqrafiyası ilə saytımızın “Biblioqrafik vəsaitlər ” bölməsində tanış ola bilərsiniz.
Narınc Xatun.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, ”Aşıq Pəri” məclisinin yaradıcısı və rəhbəri Narınc Xatun-Cəfərova Narınc Əvəz qızı 1930-cu ildə Neftçala rayonunda anadan olmuşdur. Böyük yaradıcılıq əzminə,güclü hafizəyə malik olan Narınc Xatun ilk şeirlərini hələ orta məktəb illərində yazmağa başlamışdır. Şeirləri “Oktyabr bayrağı” adlı rayon qəzetində, “Azərbaycan “ və “Azərbaycan qadını” kimi mərkəzi mətbuat orqanlarında dərc olunmuş, respublika radiosunun “Gənclik”, “Xalq yaradıcılığı-Bulaq” verilişlərində səslənmişdir. Narınc Xatun görkəmli el sənətkarı Mikayıl Azaflı ilə birlikdə müasir dövrdə analoqu olmayan 3 hissədən ibarət “ Azaflı və Narınc Xatun “dastanını yaratmışdır. 1982-ci ildə dastanın bir qolu Xalq artistləri Əlabbas Qədirov, Amalya Pənahova və Mikayıl Mirzənin ifasında respublika radiosunda səslənmişdir.
Aşıq yaradıcılığına olan böyük həvəsi N.Xatunda qadın aşıq və şairlərdən ibarət “Aşıq Pəri Məclisi” yaratmaq fikri oyadır.Azərbaycanı,eləcə də Borçalı və Göyçə mahallarını el-el dolaşaraq aşıq üslubunda yazan şairələri öz ətrafına toplayır. Nəhayət, 1984- cü ildə 22 senytabrda Yazıçılar İttifaqının “Natəvan klub”unda “Aşıq Pəri məclisi”nin ilk təqdimat mərasimi keçirilir.Mərasim mədəniyyət sahəsində əlamətdar hadisə kimi mərkəzi mətbuatda geniş işıqlandırılır. Ötən illər ərzində “Aşıq Pəri Məclisi” böyük yaradıcılıq yolu keçmiş, ölkəmizin hüdudlarından kənarda –Türkiyədə, İranda ,Gürcüstanda,Dağıstanda, özünə saysız –hesabsız dinləyici məhəbbəti qazanmışdır.
N.Xatunun təşəbbüsü ilə 1988-ci ildə Cəbrayıl rayonun Maralyan kəndində Aşıq Pərinin məzarının üstü abadlaşdırılmışdır. 1993-cü ildə N.Xatun Mədəniyyət Nazirliyinin köməyi ilə Aşıq Pərinin 180-illik yubileyinin yüksək səviyyədə keçirilməsini təşkil etmişdir. N.Xatun keçmişdə yazıb yaratmış qadın şairələrin və məclis üzvlərinin şerlərindən ibarət “El şairləri və aşıqları” kitabının tərtibçilərindən biridir.Kitab 1991-ci ildə o gənc aşıq qızların I Respublika Müsabiqəsinin keçirilməsi ilə bağlı təşəbbüs qaldırmış və onun Tovuz şəhərində keçirilməsinə nail olmuşdur. Böyük müvəffəqiyyətlə keçən müsabiqənin təşəbbüskarı və təşkilatçısı kimi Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Aşıq sənət aləminin fədaisi Narınc Xatunun şah əsəri pöhrədən qollu-budaqlı ağaca çevirdiyi, xalqa töhfə etdiyi “Aşıq Pəri Məclisidir”.Bu sahədə onun xidmətləri ölçüyə gəlməzdir. Bununla bərabər o, həm də incə ruhlu şairdir. Onun “Burla Xatun nəvəsiyəm” adlı şerlər kitabı 2004-cü ildə poeziya sevərlərə ərmağan edilib. 2006-ci ildə isə “Mən xalqımın aşiqiyəm” adlı ikinci kitabı işıq üzü görüb.
Gördüyü əvəzsiz işin müqabilində xalq tərəfindən sevilən, bütün ailələrin, el-obanin arzu olunan qonağına çevrilən N.Xatunun zəhməti dövlətin də diqqətindən yayınmamışdır. O, 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi kimi fəxri ada layiq görülmüşdür. 2000-ci ildə Mədəniyyət Nazirliyi “Aşıq Pəri Məclisinin” 15, sonra isə N.Xatunun 70-illiyini təntənəli şəkildə qeyd etdi. 2006-ci il oktyabr ayının 10-da Mahnı teatrında Mədəniyyət və Turizm Nazirliyi xətti ilə N.Xatunun anadan olmasının 75 illik yubileyinin təntənə ilə qeyd edilməsi də onun əməyinə verilən qiymətdən xəbər verir.
Narınc Xatun 2007-ci ildə dünyasını dəyişmişdir.
N.Xatunun ülvi, müqəddəs poeziya aləmi sözçülükdən uzaq, ürəyə yatan, könül oxşayan, insanı düşündürən bir aləmdir. Hər gülün, hər çiçəyin öz rəngi, öz ətri olduğu kimi bu aləmin də insana məmnunluq gətirən məqamları vardır.
Şairin yaradıcılığı və əsərlərinin tam biblioqrafiyası ilə saytımızın “Biblioqrafik vəsaitlər ” bölməsində tanış ola bilərsiniz.
Narıngül Sadiq.
Əziz oxucular! Neftçala rayonun ziyalı qadınları arasında Narıngül müəllimə öz çalışqanlığı, qayğıkeşliyi, həssas, zərif düşüncəli şairə kimi çox böyük hörmət qazanmışdır. Onun şerlərini oxuyan hər kəs yaddaşında əbədi olaraq Narıngül müəlliməyə dərin hörmət hissi bəsləyir. O,həm də fədəkar, zəhmətkeş bir anadır. Bu müəlliməni daha yaxından tanımaq, onun şeirləri ilə tanış olmaq ücün, biz onun öz qələmi ilə yazılmış “Qayğılı günlərim” adlı zərif,kövrək hisslərini həyat səlnaməsinin bir parçası kimi sizlərə təqdim edirik. “Qayğılı günlərim.”
“1960-cı il mayın 5-də Neftcala rayon Söyüdlü qəsəbəsində anadan olmuşam. Mən 7-ci sinifdə oxuyanda atam rəhmətə gedib. Ağlım kəsəndən qayğılı günlər yaşamışam. Hər şeyə qarşı həddindən artıq diqqətli ,dəqiq və məsuliyyətli yanaşmağım,bəlkə də kövrək ,həssas duyğularımın şeirə çevrilməsinə səbəb olub. Ədəbiyyatı, şeri nə qədər cox sevsəm də, riyaziyyata bağlılığım da o qədər güclü olub. Bəlkə də məhz ona görə müəllimlərimin, eləcə də ilk dəfə mənə, o vaxtkı “Oktyabr bayrağı “ qəzetində “Uğurlu yol“ arzulayan tanınmış şair Soltan Abbasın tövsiyələrinə baxmayaraq, mən riyaziyyatdan uzaqlaşmadım. Elə məktəbi bitirdiyim il -1977-ci ildə indiki N.Tusi adına Azərbaycan Pedoqoji Universitetinin riyaziyyat fakultəsinə daxil oldum. 7-ci sinifdə ilk yazdığım şeir “Riyaziyyat” oldusa da onun ardınca əvvəl atama həsr etdiyim şeir, sonra isə bir-birini əvəz edən saf, titrək duyğularım...
10-cu sinifdə oxuyarkən rayonumuzun ”Oktyabr bayrağı” qəzetinin redaksiyasında təşkil olunan “Gənc qələmlər” dərnəyində ilk dəfə iştirak etdim. Şair Soltan Abbas, Z.Pərviz,Narınc Xatun, M.Məzahim və başqaları mənim şeirlərimi o qədər yüksək qiymətləndirirdilər ki, deməyə söz tapmıram. Bu qiymət mənim poeziya yollarında atdığım kövrək addımlara, acdığım təzə cığırlara sanki çıraq oldu ,işıq saçdı.Bir necə şeirim şəklimlə bərabər qəzetdə çap olundu –şair Soltan Abbasın “Uğurlu yol” başlığı altında məktəbdə ədəbiyyat nüəllimim Fərhad Əzizov mənim şerlərimdən ibarət guşə hazırladı. Bütün bunlar məni şer yazmağa daha da həvəsləndirdi. Sonra tələbəlik həyatı, uğurlar, cətinliklər, qayğılar. Daha sonralar ailə həyatı... 1982-ci ildə ailə həyatı qurdum .Özümlə bir məktəbdə çalışan İlham müəllimlə…Həmin illərdə kitab çap etmək çox çətin idi. Hətta rayonumuzun ağsaqqalı İmamverdi Əbilov da mənim kitabımın çap olunmasına xeyli səy göstərsə də alınmadı. Bu, yalnız 1997-ci ildə təsadüfi bir görüşün nəticəsində mümkün oldu. İşlədiyim Qədimkənd kənd orta məktəbinin məzunu olmuş, artıq nəinki rayonumuzda, eləcə də respublikamızda çox yaxşı tanınan, xeyriyyəçi alim Akif Kərimovla keçirilən görüşdə Akif müəllim bu işi öz öhdəsinə götürdü. Bunun üçün ona minnətdarlığım sonsuzdur... 3 övladım var-ikisi oğlan, biri qız. Hər üçü ali təhsillidir. Oğlum Rauf Azərbaycan Dövlət İqtisadiyyat Universitetini 2008-ci ildə, Qızım Pərvin isə Bakı Qızlar Universitetinin ingilis dili fakultəsini 2009-cu ildə bitirib. Oğlum Elvin isə Azərbaycan Kooperasiya Universitetinin sonuncu kurs tələbəsidir.
Nə qədər qayğılı həyat yaşasam da ,
Daş üstə daş qoyan varsa,
Öz ömrünü qıyan varsa,
Bircə nəfər duyan varsa,
Yaşamağa dəyər demək!...
...Və hansı mövzuda yazıramsa yazım ,təbiətə vurğunluqdan tutmuş,ən zərif sevgi hisslərinə qədər yalnız...
Ürəkdə hələ çox istəyim vardır,
Baxışda dəqiqlik ,gözdə dəqiqlik...
Ən böyük amalım, idealımdır,
Şeirdə dəqiqlik, sözdə dəqiqlik.
Nəcəfqulu Nəcəfov-85.
Fəal oxucu, peşəkar müəllim, əmək veteranı.
Hər dəfə Xıllı Mərkəzi kitabxanasında tədbirlər keçirilərkən Nəcəfqulu müəllimin iştirakı bizi çox sevindirirdi. Onun ahıl yaşı ilə bu qədər məsuliyyətili və fəal olması çoxlarını təəccübləndirirdi. Nəcəfqulu müəllimlə daha yaxından tanış olmaq, bir ziyalı kimi onun fikirlərini sizinlə də bölüşmək istədik.
Nəcəfqulu müəllim Neftçala rayonunun Aşağı Surra kəndində 5 yanvar 1925 - ci ildə anadan olmuşdur. Atası əkinçi kəndli , anası isə evdar qadın idi.1941- ci ildə Salyan şəhər orta məktəbinin 10- cu sinfini ,1943- cü ildə Salyan Pedoqoji məktəbinin 3- cü kursunu bitirmişdir. 1941- 43- cü ilə qədər Yuxarı Qaramanlı kənd yeddi illik məktəbində müəllim, daha sonra Aşağı Surra kənd orta məktəbində müəllim işləmişdir. Həmin dövürdə səhhəti ilə əlaqədar cəbhədə iştirak edə bilməmişdir. Sonraki illərdə Ali Partiya məktəbini bitirmiş, 1962- ci ildən 1967-ci ilə qədər Salyan rayon Partiya Maarif- Komitəsinin müdiri, 1967-ci ildən 1998- ci ilə qədər Mərkəzi dövlət arxivi Salyan filialının direktoru vəzifəsində işləmişdir. 1980- ci ildən “Əmək veteranı” adına layiq görülmüşdür 1946-cı ilin may ayından Nəcəfqulu müəllim SSRİ Ali Sovetinin fərmanı ilə “1941-1945- ci illərdə arxa cəbhədə əmək igidliyinə görə” medalı ilə təltif olunmuşdur. 1998- ci ildə təqaüdə çıxmış, hazırda fərdi pensiyaçıdır.
Nəcəfqulu müəllim Neftçala rayon MKS-nin Xıllı qəsəbə 1 saylı kitabxanasının fəal oxucularındandır. Nəcəfqulu müəllimdən kitab haqqında nə deyə bilərsiz?- soruşduqda belə cavab verdi: “Kitabsız evin bəzəyi yoxdur. Mən kitabların sayəsində məlumat qazanıb , bilik əldə etmişəm. Kitabları oxuyarkən mən həmişə dövlət imtahanı vermək səviyyəsində öz üzərimdə çalışıram. Bu gün cəmiyyətimizin narahatlığı ondadır ki, insanlar, əsasən gənclər mənəvi, fiziki kamilliyə yox maddiyyətə əyilirlər. Lakin mən öz vicdanım qarşısında üzü ağam. Heç zaman nəfsimin qurbanı olmamışam. Məhəmməd Peyğəmbərin ( ə.s.) sözləri ilə desək “ Əsl insan əqli ilə nəfsini idarə edəndir”. Mən çox kitablar oxumuşam. Amma ona görə oxumamışam ki, vəzifə, qazanc alım. Mən oxumuşam ki, bilim. M. Qorkinin bir fikrini söyləmək istəyirəm ki, “Kişi öz ağlı ilə yaşamalıdır. Həqiqəti dərk etmək azdır onu düşünmək lazımdır.”
Vətənpərvərlik haqqında soruşduqda Nəcəfqulu müəllim belə cavab verir. “ Vətənpərvərlik- Ana ləyaqətini dərk edən insan, yəqin ki, vətənpərvər olmalıdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin həyat yolu gəclərimizə əsl örnəkdir.
Heydər Əliyev haqqında onu deyərəm ki, Cavanşirdən özünə qədər və özündən sonra elə bir şəxsiyyət olmayıb və olmayacaqdır. Biz onu sayəsində müstəqillik qazanmışıq, Heydər Əliyev böyük tarixi şəxsiyyətdir”.
Bir sözlə Nəcəfqulu müəllimlə söhbət etmək çox maraqlıdır. Əsasən də onun gənc oxucularla olan söhbətləri çox nümunəvidir.
“Ziyalı gərək cəmiyyət üçün yaşasın” deyən Nəcəfqulu müəllim bu gün də mütaliə etməkdən yorulmur. Onun saydığı kitablar içində İ. Əfəndiyevin “ Söyüdlü arx”, “Körpüsalanlar”, “Üç atılan”, ”Xurşudbanu Natavan”, ”Büllur sarayda” və s.
İ. Hüseynovun “Yana- Yana” , M.S. Ordubadinin “Döyüşən şəhər”, “Gizli Bakı”, Qoqolun "Müfəttiş”, “Ölü canlar”, M.Qorkinin “Ana”, “Çerkass”, “Klima Samkinin həyatı”, A.S.Puşkinin ”Dubrovski”, Dostoyeviskinin “Alçaldilmış və təhqir edilmiş insanlar”, “İdiot”, “Karamazov qardaşları”, C. Cabbarlının “1905” , “Sevil”, A. Dümanın “Qraf Monte-Kristo”, ”Üç müşketyor” və s.
Nəcəfqulu müəllimin gənclərimizə tövsiyəsi odur ki, onlar daha çox mütaliə etsinlər. “Çünki sinəsində min aləm olan kitablar həqiqətən insanın ən yaxın dostudur.Hər sətirdən, hər misradan bilik qazanan, yaxşını pisdən ayıran, xeyirlə şəri fərqləndirən, dünya əbədiliyi və faniliyi ilə insanı düşündürən ifadələr insanlarda əlbətdə ki, müxtəlif keyfiyyətlər yaradır. Hər bir insan da çalışmalıdir ki, özünün zəif və qüsurlu xüsusiyyətlərinə qarşı mübarizə aparsın. Vətəninə layiqli vətəndaş, xalqına layiq insan olsun”
Biz fəxr edirik ki, Neftçala rayon MKS-in 44.000-ə yaxın oxucusu içərisində Nəcəfqulu müəllim kimi ziyalılarımiz var. Biz ona ulu tanrıdan can sağlığı, uzun ömür arzu edirik.
Əkbər Nəcəf.
Əkbər Nadir oğlu Nəcəf (Nəcəfli) 19.01.1975-ci ildə Neftçala rayonu Dördlər kəndində ziyalı ailəsində anadan oldu. Orta təhsilini Astanlı Kənd Orta Məktəbində tamamladı. 1992-ci ildə Türkiyədə təhsil haqqı əldə edərək Ankara Universitetində türk dili, Mərmərə Universitetində tarix təhsili aldı.
1998-ci ildə İstanbul nəşriyatlarında elmi redaktor olaraq fəaliyyətə başlayan Əkbər Nəcəf sırası ilə Türkiyənin ən böyük nəşriyyatları hesab edilən Kaknüs, Ötükən və Bağlamda “Türk və Şərq xalqları tarixi” sahəsində baş elmi redaktor işləmişdir.
“Bu Yaka” qəzetinin (İstanbul) baş redaktoru, “Pusula” qəzetinin (Vyana) əməkdaşı olmuşdur.
Hazırda Bağlam nəşriyatının (İstanbul) tarix sahəsində baş elmi redaktoru, Salampress qəzetinin (Moskva-Bakı) məsul katibi olaraq fəaliyyət göstərir.
Tamamı xaricdə nəşr edilmiş tərcümə, 10-dan çox kitabın və 20 məqalənin müəllifidir.
İxtisas sahəsi Ümumi Türk Tarixinin orta əsrlər tarixi olan Əkbər Nəcəf Türkiyə və Arvopa tarixçiləri arasında “Qaraxanlı tarixi”nin əsas araşdırmacısı olaraq tanınır. Onun qələmə aldığı “Qaraxanlılar (840-1212)” əsəri Orta Asiyada yaranmış ilk müsəlman-türk dövləti Qaraxanlıların yaranması və çiçəklənməsi mövzusunda dünya tarixçiliyində yazılmış ilk və tək kitab hesab edilir.
Onlarla beynəlxalq konfransın iştirakçısı olan Əkbər Nəcəfin tarix mövzuları xaricində fəlsəfə və ədəbiyyat mövzusunda da çoxlu sayıda məqaləsi nəşr edilmişdir. Onun “Çağdaş ərəb ədəbiyyatına eleştirəl katkılar” adlı məqaləsi nəşr edildiyi ildə Türkiyənin ən yaxşı məqaləsi seçilmişdir.
Bir çox azərbaycanlı alimin əsərlərinin Türkiyədə tərcüməsində və nəşrində böyük rol oynamış Əkbər Nəcəf, Türkiyədə Azərbaycan tarixi və ədəbiyyatı haqqında əsərlərin ərsəyə gəlməsində müstəsna əməyə sahibdir.
Başlıca əsərləri:
1. Ekber N. Necef, Karahanlılar, İstanbul 2005, Selenge Yayınevi, 422 sh.
2. Ekber N. Necef – A. Annaberdiyev, Hazar Ötesi Türkmenleri, İstanbul 2003, Kaknüs Yayınları, 364 sh.
3. Ekber N. Necef – B. Cavanşir, Şah İsmail Hataî Külliyatı, İstanbul 2006, Kaknüs Yayınları, 728 sh.
Tərcümə əsərləri:
5. Sergey G. Agacanov, Oğuzlar, Rusçadan Tercüme: Ekber N. Necef – Ahmet Annaberdiyev, İstanbul 2002, Selenge Yayınları;
6. Sergey G. Agacanov, Selçuklular, Rusçadan Tercüme: Ekber N. Necef – Ahmet Annaberdiyev, İstanbul 2006, Ötüken Yayınları;
7. Cemil Hasanlı, Soğun Savaşın İlk Çatışması: İran Azerbaycanı, Rusçadan Tercüme: Ekber N. Necef, İstanbul 2005, Bağlam Yayınları;
8. Musa Qasımlı, Azerbaycan Türklerinin Milli Mücadele Tarihi (1920-1945), Azerbaycan Türkçesinden Aktaran: Ekber N. Necef, İstanbul 2006, Kaknüs Yayınları;
9. Selahettin Halilov, Doğu-Batı: Ortak Bir İdeale Doğru, Çeviri: Ekber N. Necef – Rahil Necefov, İstanbul 2006, Mefkure Yay;
Məqalələri:
10. Ekber N. Necef, Salvador Dali: Resim Yapan Bir Filozof, Şey Dergisi, İstanbul 2003, Sayı: 3.
11. Ekber N. Necef, Çağdaş Arap Edebiyatına Eleştirel Katkılar: Mısır, Edebistan Dergisi, İstanbul 2006, Sayı 117-118;
İnternet saytlarındakı əsas yazıları:
12. Bilgi Arkeolojisi ve Kur’an Epistemolojisi, http://www.cemaat.com
14. Yenidünya Düzeni, I-IV Yazı, http://www.cemaat.com
15. Çatışmalar: Karşı-Tarih Okumaları, I, http://www.anlamak.com
16. Çatışmalar: Karşı Tarih Okumaları: Moğollar, http://www.anlamak.com
17. Burjuvazinin Das Kapitali Üzerine Bir Seyist, http://www.kalanlar.com
18. Çağdaş Arap Edebiyatına Eleştirel Katkılar: Mısır – I; Sıriye – II, Lübnan – III; Irak – IV; http://www.cemaat.com
Bu Yaka (İstanbul) qəzetində 25, Salampress qəzetində (Moskva-Bakı) 40-dan çox məqaləsi nəşr edilmişdir. Türkiyə, İran, Suriyada elmi ekspedisiyalarda iştirak etmişdir
Həsənağa Məmmədov.
1940-cı il yanvarın 1-də Z.O.Qoltuq kəndində anadan olmuşdur. 1960-cı ildə Bakı energetika texnikumunu bitirib. 1961-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Akademiyasına daxil olaraq, buranı fərqlənmə diplomu ilə qurtarmışdır. Aspiranturada saxlanan Həsənağa “Fasiləsiz işıq selinin-cərəyanın yaradılması və ötürülməsi qaydaları” mövzusunda yazdığı dissertasiyanı Moskvada müdafiə etdi və bu elmi iş alim mütəxəsislər tərəfindən çox yüksək qiymətləndirildi. Elmi rəhbəri prof. Lomakin ona öz elmi işini Moskvada davam etdirməyi məsləhət gördü. H.Məmmədov buradakı elmi-tədqiqat institutuna elmi təcrübələrini davam etdirməklə yanaşı, xarici dilləri də səylə öyrənirdi. O artıq rus dili yanaşı fransız,ərəb, fars və türk dillərində sərbəst danışırdı. Əlcəzairdə alim kadrlar yetişdirmək üçün onu bu ölkəyə göndərdilər. Həsənağa 3 il gərgin əmək sərf edib burada bir neçə aspirant yetişdirməyə nail oldu. Əlcəzair Universitetinin fəxri professoru seçilən H.Məmmədov “Elektrik şəbəkələri və sistemlərində fasiləsiz cəryanların yaradılması yolları” mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi. Lakin erməni daşnaqlarının məkrli niyyətləri, 20 17:06 13.05.2011yanvar qırğını, dəhşətli Xocalı soyqırımı haqqında radio vasitəsilə qürbət eldə xəbər tutan Həsənağa da çoxları kimi dözə bilmədi, əsəb gərginliyindən nitqi tutuldu. Onu Moskvaya müalicəyə göndərdilər. Həkim isə xain düşmən, erməni oldu...
Vətəni, xalqını dərin məhəbbətlə sevən Neftçalanın alim oğlu Həsənağanın ürəyindəki böyük arzular həyata keçməmiş qaldı. 1991-ci il mart ayının 12-də dünyasını dəyişdi. Məzarı İsmilli qəbirstanlığındadır.
Həsənağanın elm aləmində yarımçıq qalmış işlərini bu gün oğlu Vüqar, qızı Səadət davam etdirir.
Cəmaləddin Babayev.
1959-cu ildə Neftçala rayonun Aşağı Surra kəndində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirmişdir. 1977-ci ildə Bakı Rabitə məktəbində oxumuş, 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra mühasib ixtisasına yiyələnmişdir. Satirik təmsillərlə respublika qəzet və jurnallarında çıxış etmişdir.
2009-cu ildə 50 yaşı münasibətilə Azerbaycan Yazıçılar Birliyin Muğan filialının fəxri fərmanı ilə təltif olmuşdur.
Müzəffər Məzahim.
1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. Əvvəlcə Bakı Plan-Uçot texnikumunu, sonra isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitututunu bitirmişdir. Bir sıra müəssisələrdə mühasib, “Gündoğar” qəzetində şöbə müdiri işləmişdir. Sonralar inzibati ərazi nümayəndə , bələdiyyə sədri olmuş , hal-hazırda Aşağı Qaramanlı kənd inzibati ərazi nümayəndəsinin müavinidir. 1980-cı illərdən respublika qəzet və jurnallarında şeirləri çap olunur. “Görüşünə gəlmişəm“ və “Ata ocağı” şeir kitablarının müəllifidir.
Zərxanım Ülvi.
1950-cı ildə Neftçala rayonun Böyük Oryad kəndində anadan olmuşdur. 1965-ci ildə səkkizinci sinifi bitirərək, fəhlə-gənclər məktəbində oxumuşdur. 1979-1987-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1970-ci illərdən respublikanın qəzet və jurnallarında, müxtəlif almanaxlarda şerləri və publisistik yazıları dərc olunmuşdur. “Sənsiz yaman darıxmışam“ (1997), “Ömrüm həzin bir bayatı”(2001), “Sevgim həsrət butası" (2009) adlı şeir kitablarının müəllifidir.
Zabil Pərviz.
1952-ci ildə Neftçala rayonunun Qaçaqkəndində anadan olub. 1970-ci il Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin filiologiya fakültəsinə daxil olub. 1974-cü ildə universiteti bitirib. Tələbəlik illərində şeirləri respublikanın nüfuzlu qəzet və jurnallarında, müxtəlif almanaxlarda çap olunub. “Yarı qönçə, yarı gül” adlı şeirlər kitabının müəllifidir.
“Gündoğar” qəzetinin əməkdaşı , “Ulu Türk Dünyası “ qəzetinin baş redaktorudur.
Anatolu Qəniyev.
1931-ci ildə Mirzə Heydər kimi görkəmli maarifçinin evində dünyaya göz açan Anatollu yetimliyin acısını tez daddı. Neft mədənlərinə işə gedərkən “kuşka”nın darısqal vaqonlarında onun ecazkar səsinə sərnişinlər heyran qalırdılar. Dostlarının, qohumlarının təkidi ilə 1955-ci ildə A.Zeynallı adına musiqi məktəbinə daxil oldu. Əvvəlcə Azərbaycan radiosu xorunun, 1959-ci ildən 1978-ci ilin sonuna qədər kimi Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərdi. “Qonaq gəl bizə”, Şəlalə”, “Lalələr”, “Çay dərən qızlar”, “Astarada”, “Yenilməz batalyon” filmində arabaçı oğlanın mahnısı çoxlarının bu gündə qəlbinə yatan, xoşladığı mahnılardır. R.Mustafayevin “Poçtalyon” mahnısı Anatolunun ifasında təkrarolunmazdır. Anatolu Qəniyev Dövlət konsert birliyinin tərkibində dünyanın bir çox ölkəsində qastrollarda olmuşdur. Bu gün Heydər Anatollu atasının sənət yolunu davam etdirir. A.Qəniyev 1987-ci ildə vəfat etmişdir.
Məleykə Əsədova.
Neftçala şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət Universitetinə qəbul olmuş və buranı bitirmişdir.
Hələ məktəbdə oxuduğu illərdə Məleykə özfəaliyyət göstərmiş, öz məlahətli səsi ilə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Hamı onun müğənni olacağını gözləyirdi. Lakin bir gün soraq yayıldı ki, Məleykə televiziya filminə çəkilib. Bu, rayonda böyük səs-küy doğurdu. Hamı onun iştirakı ilə çəkilmiş “ İtgin gəlin”i gözləməyə başladı və böyük maraqla da tamaşa etdi.
Əslində isə Məleykə hələ 1989 –ci ildə C.Cabbarlının “Aygün” tamaşasında Gültəkini oynayıb. Sonralar o, Orxan Kamalın “Yad qızı” əsərində Jalə, B.Vahabzadənin “Kimdir haqlı?” tamaşısında Arzu, Ə.Hacızadənin “İtgin gəlin”ində Əfsanə, Kəmalə Ağayevin “Apardı sellər Saranı” tamaşasında Sara, R.N.Güntəkinin “Dodaqdan qəlbə” tamaşasında Cavidan, Tahir Kazımovun “Taleyin qisməti beləymiş yəqin” 15 seriyalı filmində Xədicə rollarında oynamışdır.
Məleykə Əsədovanın teatrda yartdığı maraqlı rollar da çoxdur. Onun N.Hacızadənin “Qisas qiyamətə qalmaz”ında Mehrisi, Şekspirin “Kral Lir”ində Kardeliyası, N. Hacızadənin “Məhəbbət yaşayır”ında Nübarı, V.Babanlının “Ana intiqamı”nda Şahənəsi, N.Həsənzadənin ”Pompeyin yürüşü”ndə İlkicanı və s. Öz keyfiyyətləri ilə başqalarının yaratdığı həmin obrazılardan xeyli fərqlənir və üstün cəhətlərə malikdir.
Məleykə teatrda S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Şirin obrazı üzərində daha çox çalışmışdır. Məşqlərdən məşqə onun yaratdığı Şirin təkmilləşir, daha canlı olurdu.
1997-ci il iyunun 7-də milli dram teatrında əsərin ilk tamaşası çox uğurla keçdi. Tamaşada prezident H.Ə.Əliyev cənbaları iştirak edirdi. O, Məleykənin oyunu haqqında xoş sözlər dedi.
1995-ci ildə Moskvada beynəlxalq Çexov festivalının iştirakçısı olan Məleykə Əsədova tamaşaçılarını hələ çox-çox obrazlarla sevindirəcəkdir.
Gülnar Salmanova.
Xıllı Qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirib 1973-cü ildə Bakıya gələndə ingilis dili müəllimi olacağını qət etmişdi. Xarici Dillər İnstitutuna daxil oldu. Lakin gözəl səsə malik olması onun həyat yolunu başqa səmtə çevirdi. Az sonra Elmira Quliyevanın “Gəl oxu, gözəl vokalçı olarsan” fikrinə inanıb Konservatoriyaya üz tutdu. Lakin arzusu teatr sənətinə bağlı olduğundan burada da duruş gətirə bilmədi və nəhayət imtahansız olaraq Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbul edildi.. Tələbəlik illərində sənət müəllimi Lütfiyar İmanov ona böyük qayğı göstərdi. Təhsilini başa vurduqdan sonra onun məsləhəti ilə də Opera və Balet teatrına getməli idi, lakin musiqili komediya teatrının o vaxtkı direktoru Bala Qasımovun xahişi ilə Gülnar Salmanova bu teatra getdi və tale onu yanılmadığını göstərdi. Gülnar xanımı geniş tamaşaçı auditoriyası televiziyanın “Səhnə görüşləri” proqramına gedən “Feliçitay” sisiləsindən tanıdılar. Ofelya xanım Məmmədzadə, Ağaxan Salmanovla birlikdə olan üçlüyün “San-Remo” festivalına “getmələri” üzdəniraq müğənnilərin İtaliyada dükan–bazar söhbətləri tamaşaçıların xoşuna gəldi və yadda qaldı.
“Klaretura soprano” – olduqca yüksək vokal səsə malik olan Gülnar Salmanova teatrda elə ilk gündən baş və əsas rollarda çıxış edir. Onun reperturası isə çox zəngindir. 19081 – ci ildə səhnədə ilk rolu “Arşın mal alan”da gülçöhrə oldu. Sonra isə “Məşədi İbad”da Gülnaz, Ş.Axundovanın “Ev bizim, sirri bizim”də Çiçək və s.
Tərəf müqabillərindən görkəmli səhnə ustası Nəsibə xanim Zeynalova, Hacıbaba Bağırov. Səyavuş Aslan, Afaq Bəşirqızı olması ilə fəxr edir. Səhnədə 150-dən çox səhnə obrazı yaradan Gülnar xanım son zamanlar eyni vaxtda bir neçə rola girməyə başlamışdır. Ə.Əliyevin “Gülməyən qocalar” tamaşasında bütün rolları özü oynayıb, 7 obraz yaradıb. Bu il isə onun üçün məxsusi yazılmış “Eşitmədik, bilmədik, görmədik” tamaşasında Gülnar xanım dörd obraz yaradır.
G.Salmanova 1994-cü ildə Azərbaycan Respublikasının mədəniyyət nazirliyi tərəfindən “Səhnə ustası” fəxri adı verilmişdir. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında ondan başqa yalnız üç nəfər – Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslan bu ada layiq görülmüşdür. Gülnar xanım teatrın bədii şurasının üzvüdür və teatra təqdim edilmiş əsərlərə rəy verənlərdən biri odur.
Ailəlidir, oğlu Elçin BDU-nun fakultəsində oxuyur.
Teatrın keçmiş direktoru mərhum Qəzənfər Topçıyev onun haqqında müsahibələrinin birində belə demişdir: “Gülnar xanım əvəzsiz aktrisadır, teatrımız üçün nadir tapıntıdır..Əvəzsiz səsi ona bir-birində fərqlənən, müxtəlif sərgili obrazlar yaratmağa imkan verir. Gözəl obrazlar yaradacağına əminəm və inanıram ki, teatrımızın ikinci Nəsibəsi kimi bir-birindən qəşəng , yaddaqalan obrazları ilə öz tamaşaçılarını sevindirəcəkdir”. O gümanında yanılmadı. Və biz də inanırıq ki, qəlbi sənət eşqi ilə çırpınan, Nəsibə xanım Zeynalova məktəbi davamçılarından biri Gülnar xanım Salmanova teatr dünyasında öz inamlı addımlarını hələ çox atacaqdır.
Nadir Hüseynov.
1952-ci ildə Qırmızıkənd kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində alan Nadir orta məktəbi 26 Bakı komissarı adına (İndiki Mirqurbanlı) qəsəbə orta məktəbində başa vurmuşdur. Hələ məktəb səhnəsində onun çıxışları tamaşaçıların çox xoşuna gəlirdi. Onun C.Cabbarlının “Sevil” pyesində oynadığı Balaş obrazı, habelə söylədiyi şeirlər çox uğurlu alınırdı. Odur ki, o, öz həyat yolunu müəyyən edərkən səhnəni seçdi və 1971-ci ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbul oldu. Beş illik tələbəlik illəri arxada qaldı və bir gün neftçalalı tamaşaçılar Nadiri televiziya ekranında görərkən sevindilər. Öz həmyerlilərinə görə iftixar hissi keçirdilər.
1975-ci ildə Sankt-Peterburqda tələbələrin Beynəlxalq bədii qiraət üzrə müsabiqəsinin laureatı adını qazananda müəllimləri çox sevindi.
Nadir Hüseynov hazırda Azərbaycan İncəsənət Universitetində səhnə danışığı kafedrasının baş müəllimidir. Onu tez-tez “Mavi ekran”da görür, gözəl şeir söyləmələrinə tamaşaçılar heyranlıqla qulaq asırlar.
Zakir Əliyev.
22 may 1968-ci ildə Neftçala rayonu Xolqaraqaşlı sovetliyinin Mürsəqulu kəndində anadan olmuş, kənd səkkizillik məktəbini bitirmişdir.1983-cü ildə keçirilən III Ümumrespublika Baxış Müsabiqəsinin qalibi olmuş və Bülbül adına orta ixtisas musiqi məktəbinə Xalq artisti Arif Babayevin sinfinə qəbul edilmişdir.Sonrakı illərdə Azərbaycan Dövlət Televiziyasında çıxış etməyə başlamış, 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubiley tədbirlərində solo çıxışları ilə tamaşaçıların diqqətini cəlb etmişdir.Elə həmin ildə “Leyli və Məcnun” operasındakı çıxışına görə Moskvada keçirilən XII Ümumittifaq Gənclər Festivalının diplomantı olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunmuş, 1998-ci ildən Sumqayıt 3 saylı musiqi məktəbində , 2005-ci ildən Bülbül adına Orta İxtisas musiqi məktəbində, hazırda isə Azərbaycan İncəsənət Universitetində müəllim işləyir.Ailəlidir, 2 övladı var.
Zakir Əliyev yaradıcılığı dövründə zəmanəsinin korifey sənətkarlarından dərs almış və muğam sənətinin bütün incəliklərini öyrənmişdir. Məlahətli səsi ilə televiziya kanallarında tez-tez çıxış edərək tamaşaçılarını sevindirir.Həmçinin xaricdə və respublikamızda qastrol səfərlərində Azərbaycan muğam sənətini təbliğ edir.Müəllimlik fəaliyyətində də istedadlı gənclərə öz sənətinin dərinliklərini öyrədir.
Neftçala rayonunun görkəmli şəxsiyyətlərindəndirlər.
Tibb elmləri namizədləri
Akif Kərimov, Nizami Bağırov, İskəndər Bağırov, general Rafiq Ağayev
Tibb elmləri namizədi, kardioloq Mehdi Abbasov
Tibb elmləri doktoru, cərrah Tahir Məlikov
Tibb elmləri doktoru, professor Ruhulla Abdullayev
Kimya elmləri doktoru, professor Əliməmməd Lətif oğlu Şabanov
Kimya elmləri doktoru, professor Mirəslim Əsədov
Neftçi-geoloq Əli Nəzir oğlu Hüseynov
Biologiya elmləri doktoru Rafael Əhmədov
Biologiya elmləri namizədi Mirzağa Abdulla oğlu Qasımov
Biologiya elmləri namizədi Gövhər Hüseynağa qızı Əliyeva
Heyvanların süni mayalanması üzrə elmlər namizədi alim Əyyub Bəşirov
Zoologiya elmləri doktoru Hüseynağa Həsən oğlu Həsənov
Hüquq elmləri namizədi Aqşin İsabala oğlu Quliyev
Filologiya elmləri namizədi Məhin Məmməd qızı Quliyeva
Filologiya elmləri namizədi İsmayıl Əhməd oğlu Əhmədov
Əməkdar jurnalist Vaqif Əliyev
"Aşıq Pəri" məclisinin rəhbəri, əməkdar mədəniyyət işçisi Narın Xatun
Əməkdar müəllim Kəmaləddin Nağıyev
Texnika elmləri doktoru, professor Suriddin Əskərov
Rəssam Adil Hacıyev
Professor Əjdər Ağayev, professor
Rafiq Rzayev
|