making a gif

















QURU XƏNGƏL

ƏRZAQLAR:
Un
1 yumurta
Su
Duz
Quyun ya mal ətindən qiymə
Soğan
DuZ,stiot
Yağ
Qatıq
Sarımsaq

HAZIRLANMASI:
Un, yumurta və sudan ələ yapışmayan xəmir yoğrulur (düşbərə xəmiri kimi). Çox nazik yuxa yayılır. Yuxa iri romblara bölünür və başqa bir səthin üstünə qurumaq üçün yığılır.Vaxtaşırı rombları yapışmamaq üçün çevirmək lazımdır. Qurumaq müddəti 7-9 saatdır. Bu müddətdə qiyməni hazırlayın. Çəkilmiş ət soğanla, duzla, istiotla qarışdırılır və tavaya qoyulur. Üstünə 2 x.q. su tökülür və ətin suyu buxarlananadək bişirilir. Sonra, əgər ət yağlı deyilsə, ətə yağ əlavə olunur və ət qızardılır. Qaydaya görə ət çox qızardılmamalıdır, amma mən özüm çox qızardılmış qiymə xoşladığım üçün, şəkildə də belə düşüb. Qatığı əzilmış sarımsaqla qarışdırın, bir az duz əlavə edin. Qazanda suyu qaynadın və duz əlavə edin. Su qaynayan kimi qurudulmuş xəmir rombları qazana atın və 5 dəq. bişirin. Ancaq qazanın yanından uzaqlaşmayın, çünki çox qaynatmaq olmaz, onda xəngəl xəmirə dönər. Qazanı aşsüzənə töküb yaxşıca silkələmək lazımdır ki, su qalmasın. Xəngəli dərhal boşqablara çəkin. Üstünə sarımsaqlı qatıq, yağ, və qızardılmış qiyməni tökün. Xəngəli isti-isti yeyirlər. Nuş olsun!



DÜŞBƏRƏ

ƏRZAQLAR:

Xəmir üçün:
2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su

İçi üçün:
250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot

Suyu üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
8 stəkan su
Zövqə görə duz

HAZIRLANMASI:
Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun. Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın. Açdığınız xəmiri iti bıcaqla 2.5 sm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə birləşdirin.
QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. Nuş olsun!



GÜRZƏ

ƏRZAQLAR:
217qr qoyun əti
30 qr baş soğan
80 qr un
25 qr ərinmiş yağ
Qatıq
Sarmsaq
Darçın
İstiot, duz

HAZIRLANMASI:
Ətlə soğandan hazırlanmış qiyməyə istiot, duz vurulub qızardılır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan dairələr kəsilir. Xəmir dairələrinin ortasına qiymə qoyulub tikiş yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda bişirilir, aşsüzəndən süzülür və süfrəyə verildikdə üstünə darçın səpilir, yanına sarımsaqlı qatıq qoyulur. Nuş olsun!