making a gif

















BOLQAR BİBƏRLİ TOYUQ SALATI

ƏRZAQLAR:
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1 ədəd qabığı soyulmuş xiyar (təzə və ya turşu)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl bolqar bibəri
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd sarı və ya narıncı Bolqar bibəri
Zövqə görə xırda doğranmış şüyüt
Duz, istiot
Xama, mayonez

HAZIRLANMASI:
Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin. Nuş olsun!



RƏNGLİ BOLQAR BİBƏRİ SALATI

ƏRZAQLAR:
2 ədəd iri qırmızı Bolqar bibəri
2 ədəd iri sarı Bolqal bibəri
2 ədəd portağal rəngli Bolqar bibəri
Cəfəri (zövqə görə nanə)
2-3 diş əzilmiş sarımsaq
Təxminən yarım limonun suyu
Zeytun yağı
Duz, istiot

HAZIRLANMASI:
Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya manqalda, ya da sobada bişirin. Qabığı bir az qaralanda və bibərlər azacıq yumuşalanda bibərlər hazırdır. Bibərlər bir az bişməli, amma eyni zamanda da diri qalmalıdırlar. Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın. Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir qaba qoyun. Üstünə doğranmış cəfəri (və ya cəfəri və nanə qarışığı), əzilmiş sarımsaq, limon suyu və zeytun yağı, duz, istiot əlavə edib qarışdırın. Soyuducuda bir qədər soyutduqdan sonra süfrəyə verin.Nuş olsun!



MİMOZA SALATI

ƏRZAQLAR:
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
Zövqə görə duz
6 qaşıq xama ,6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
Rəndələnmiş Holland pendiri

HAZIRLANMASI:
Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün. toyuq ətinin yarısı, xama-mayonez qarışığı, qozun yarısı, kartofun yarısı, duz, xama-mayonez qarışığı,yumurtaların yarısı, duz, yerkökünün yarısı, xama-mayonez qarışığı. Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin. Nuş olsun!



YERKÖKÜ SALATI

ƏRZAQLAR:
4 ədəd yerkökü
2 xörək qaşığə zeytun yağı
1 stəkan qatıq (çox turş olmasın)
3 diş sarımsaq
Zövqə görə sarı kişmiş
Zövqə görə xırda doğranmış qoz
Zövqə görə duz, istiot

HAZIRLANMASI:
Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.Tavada zeytun yağını qızdırın. Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) bişirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin. Nuş olsun!



CİYƏR PAŞTETİ

ƏRZAQLAR:
1 kq qaraciyər (qoyun və ya mal)
2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün)
1 böyük baş soğan¸ xırda doğranmış
2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş
170 qram kərə yağı¸ yumşaldılmış (əritməyin!)
Duz¸istiot

HAZIRLANMASI:
Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda, qoyun və ya mal ciyərindən daha tez bişir. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su töküb¸ ciyərləri suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez-tez kəfini yığın. Bişmiş ciyəri süzün, blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. Tavaya 2 xörək qaşığı yağ töküb qızdırın. Xırda doğranmış soğanı bu yağda qızardın (təxminən 7 dəqiqə çəkir). Qızarmış soğanı və soyutma yerkökünü ayrı-ayrı ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Çəkilmiş ciyər¸ soğan¸ və yerkökünü bir yerdə ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Üzərinə zövqə görə duz və istiot əlavə edin. Alınan kütləni bıçaqla kalka kağızının üzərinə qalınlığı təxminən 0.6 sm¸ uzunluğu 35 sm¸ eni isə 25 sm olan düzbucaq şəklində yayın. Sonra isə yumşalmış kərə yağını bıçaqla paştetin üzərinə yaxın. Kalka kağızını ehtiyyatla qaldıraraq paşteti rulet kimi qatlayın və eyni kalka kağızına bükün. Ən azı 2 saat soyuducuda saxlayın. Bu paştet soyuducuda nə qədər çox qalsa bir o qədər yaxşıdır - rulet özünü tutar. Süfrəyə verəndə orta qalınlıqda dilimlərə doğrayın. Bu paştet soyuducuda bir həftəyə dək saxlanıla bilər. Nuş olsun!



BADIMCAN BORUCUQLARI

ƏRZAQLAR:
2 iri badımcan
8 xörək qaşığı bitki yağı
2 xörək qaşığı mayonez
4 diş əzilmış sarımsaq
½ stəkan xırda doğranmış qoz
½ stəkan xırda doğranmış cəfəri və ya keşniş

HAZIRLANMASI:
Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlərə kəsin. Asağıdakı iki üsuldan birini istifadə edərək badımcanların acısını çıxardın. A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla qurulayın. B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərinə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla qurulayın. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün. Dilimlər bir az soyuduqdan sonra, hər birinin uzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın. Nuş olsun!



NAR BİLƏRZİYİ SALATI

ƏRZAQLAR:
3 ədəd yerkökü
3 ədəd kartof
2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi - xırda-xırda doğranmış
2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
Mayonez, xama
Duz, istot
Nar dənələri (təxminən 1 iri nardan)

HAZIRLANMASI:
Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin. İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın: kartof, mayonez (təxminən 2 x. qaşığı), çuğundurun yarısı, mayonez, yerkökü, mayonez, qoz, toyuğun yarısı, mayonez, yumurta, mayonez, qalan toyuq, mayonez, qalan çuğundur, mayonez. Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun. Nuş olsun!



NANƏLİ BADIMCAN SALATI

ƏRZAQLAR:
1 kq yarım badımcan
Yarım stəkan zeytun yağı
Təxminən 2 stəkan qatıq
2 diş sarımsaq - əzilmiş
Zövqə görə doğranmış təzə nanə və ya quru nanə
Zövqə görə duz

HAZIRLANMASI:
Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq qalınlığında). Acısını burada izah olunduğu kimi çıxardın. Suyunu sıxın. Badımcanı qızğın yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun. Bir qədər soyuduğunda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin. Nuş olsun!



KƏRƏVƏZLİ TOYUQ SALATI

ƏRZAQLAR:
2 ədəd toyuq döş əti - az duz atılmış suda bişirib, əlinizlə didin
3 ədəd kərəviz sapı - xırda-xırda doğrayın
3 ədəd təzə xiyar - soyub, xırda-xırda doğrayın
Yarım stəkan xırda-xırda doğranmış qoz ləpəsi
Təxminən 2 stəkan qatıq
3 xörək qaşığı və ya zövqə görə mayonez
Zövqə görə duz, istiot
Xırda-xırda doğranmış şüyüd

HAZIRLANMASI:
Ərzaqları bir qabda qarışdırın. Salatı süfrəyə verməzdən əvvəl soyudun. Sonda isə qaba yığıb üstünə şüyüd səpin. Qatıq və mayonezin miqdarını istəyə görə azaldın və ya çoxaldın. Nuş olsun!



LOBYA ÇIĞIRTMASI

ƏRZAQLAR:
1 kq göy lobya
Təxminən 6 xörək qaşığl duru yağ və ya kərə yağı
2 ədəd baş soğan
2 ədəd pomidor
4 ədəd yumurta
Reyhan
Zövqə görə duz, istiot

HAZIRLANMASI:
Əvvəlcə lobyanı su doldurulmuş qazana qoyub, qaynadıb tamaməm bişməzdən əvvəl süzün. Sonra ya elə olduğu kimi qoyun qalsın, ya da stəkanın dibiylə lobyanı bir az əzin, çox deyil. Tavada yağı qızdırın. Soğanı yağda bir az qızardın. Üstünə pomidor və reyhanı əlavə edib 5 dəqiqə də bişirin. Lobyanı buraya əlavə edin. Duz, istiot vurun. Tavanın qapağını örtün və yeməyi arada bir qarışdıra-qarışdıra, suyu çəkilənə və lobya bişənədək təxminən 15 dəqiqə bişirin. Yumurtaları bir kasaya qırıb qarışdırın. Sonra bu qarışığı lobyanın hər tərəfinə tökün. Qapağı bağlı, yumurtalar bərkiyənədək bişirin. Nuş olsun!



KARTOFLU KEKS

ƏRZAQLAR:
4 ədəd kartof
1 ədəd yerkökü
2 ədəd yumurta
Yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ
1 stəkan qatıq
1 stəkan un
1 çay qaşığı qabartma tozu
Keşniş,şüyüd
Duz, istiot

HAZIRLANMASI:
Kartof və yerkökünü suda qaynadıb bişirin. Qabıqlarını soyun və tərəvəzləri kubik şəklində doğrayın. Kənara qoyun. Sobanı 190C-dək qızdırın. Ölçüləri 23x13x8 santimetr olan baton formasının dibini və kənarlarını azacıq yağlayın. Kənara qoyun. İri kasaya yumurtaları qırın. Üstünə duru yağı əlavə edib, çırpma teli ilə qarışdırın. Üstünə qatığı töküb qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırın. Kütlənin üstünə doğradığınız kartof, yerkökü və göyərtini əlavə edib yavaşca qarışdırın. Alınan kütləni formaya töküb üstünü hamarlayın. Sobada təxminən 1 saat və yaxud keksin üstü qızaranadək bişirin. Soyuduqdan sonra dilimləyib süfrəyə verin. Bu keks soyuducuda 3 günə yaxın qala bilər. Soyuqkən çox yaxşı dilimlənir. Nuş olsun!



ƏTLİ BLİNÇİK

ƏRZAQLAR:

XƏMİRİ ÜÇÜN:
2 yumurta
1 xörək qaşığı şəkər tozu
Bir çimdik duz
2 stəkan süd
Un
2 xörək qaşığı duru yağ

İÇİ ÜÇÜN:
500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
Duz, istiot
Qızartmaq üçün duru yağ

HAZIRLANMASI:
Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminən 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun. İçi duzlayıb istiotlayın. Sonra isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın. Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün. İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin. Sonra isə süfrəyə verin. Nuş olsun!



“SMAYL” ALADİKLƏRİ

ƏRZAQLAR:
2 yumurtası
0,5 l kefir
0,5 stəkan xama
Un
Qabartma tozu
2 qaynanmış yumurta
Yaşıl soğan
Duz, istiot

HAZIRLANMASI:
Qabda yumurtanı sındırıb, ona duz, xama, kefir əlavə edirik. Bunun üzərinə qabartma tozu olan unu elə əlavə etmək lazımdır ki, ondan aladik xəmiri alınsın. Sonra yumurtaları qaynadırıq, soyuduqdan sonra qabığını təmizləyib, kub formasında doğrayırıq. Yaşıl soğan isə halqavari kəsilir. Bundan sonra yumurta və yaşıl soğan xəmirə qatılır. Tavaya bitki yağı əlavə edilib qızdırılır, aladiklər bişirilir. Süfrəyə xamayla verilir. Nuş olsun!

SEZAR

ƏRZAQLAR:
500 qr pomidor
350 qr bolqar bibəri
400 qr xiyar
150 qr baş soğan
200 qr brınza pendiri
150 qr zeytun (tumsuz)

SOUS ÜÇÜN:
5 xörək qaşığı bitki yağı
2 xörək qaşığı limon şirəsi
Duz,istiot

HAZIRLANMASI:
Pomidoru iri, xiyar və bibəri nazik, uzun doğrayın. 7-10 ədəd zeytunu bəzəməyə saxlayıb, qalanını halqa, soğanı yarımhalqa, brınza pendirini kub şəklində doğrayın. Sous hazırlayın: yağı limon şirəsi ilə qatın, zövqə görə duz, istiot tökün. Salat qabına pomidor, xiyar, bibər, zeytun və soğanı yığıb, üzərinə sous töküb, hamısını qarışdırın. Pendir və zeytunu astaca tökün. Pendir yumşaq olduğundan onu qarışdırmayın. Zövqə görə göyərti ilə bəzəyin. Nuş olsun!



SEZAR

ƏRZAQLAR:
Kahı
Toyuğun döş əti
Suxarı
Mayonez
Duz, istiot

HAZIRLANMASI:
Kahı doğranır. Toyuğun döş əti qaynadılır, soyudulur, xırda doğranır. Üzərinə azca qızardılmış suxarı əlavə olunur və mayonez vurularaq qarışdırılır. Nuş olsun!



BAHAR SALATI

ƏRZAQLAR:
100 qr turp (ağ və qırmızı)
1 ədəd yumurta
40 qr xiyar
40 qr yerkökü
10 qr yaşıl kahı
Duz

HAZIRLANMASI:
Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır. Dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur. Nuş olsun!



KRALİÇA SALATI

ƏRZAQLAR:
3 ədəd kartof
3-4 ədəd kök
2 ədəd çuğundur
2 ədəd yumurta
Toyuğun döş əti
Dənələnmiş nar
Mayonez

HAZIRLANMASI:
Kartof, kök və yumurtanı qaynadıb qabıqlarını soyuruq.Toyuğun döş ətini qaynadıb, didib duzlayıb istiotlayırıq. Boşqabı əvvəlcə mayonezləyib 1-ci kartofu sürtkəcdən keçirib yayın. Üzərinə mayonez çəkib duz, istiot vurun. Sonra çuğunduru sürtkəcdən keçirib yayın, uzərinə mayonez çəkib, duz, istiot vurun. Kökü sürtkəcdən keçirib yayın, mayonez, duz, istiot vurun. Bu qaydada didilmiş toyuq əti və sürtkəcdən keçirilmiş yumurtanı da yayıb, üzərinə mayonez çəkib, duz, istiot vurun. Sonda üzərinə nar dənələri səpin. Nuş olsun!



ŞUBA SALATI

ƏRZAQLAR:
Çuğundur
Kök
Kartof
Yumurta
Duzlu xiyar
Zeytun yağI
Soğan
Mayonez
Göy soğan
Duzlu balıq

HAZIRLANMASI:
Çuğundur, kök, kartof, yumurta qaynadılır. Soyuduqdan sonra qabığı soyulur, ayrı-ayrılıqda sürtkəcdən keçirilir. Həmçinin duzlu xiyar, soğan sürtkəcdən keçirilir, göy soğan, balıq xırda-xırda doğranır. Bunları boşqaba lay-lay düzürük. Altdan kartof qoyulmaq şərtilə. Hər ikinci qatdan bir mayonez və duz vurulur. Sonda süfrəyə verəndə salatın üstünə xırda doğranmış göy soğan tökülür. Yaxşı olar ki, “şuba salatı” 6-7 saat saxlandıqdan sonra yeyilsin. Nuş olsun!



KƏLƏM SALATI

ƏRZAQLAR:
Kələm
Pomidor
Xiyar
Şüyüd
Cəfəri
Mayonez
Duz, istiot

HAZIRLANMASI:
Tərəvəzlər orta ölçüdə uzunsov şəkildə doğranır. Duz, istiot, mayonez qatılır.15 dəqiqə saxladıqdan sonra yeyilir. Nuş olsun!