















|
TƏNDİRDƏ BİŞİRİLMİŞ ÇƏKİ BALIĞI
ƏRZAQLAR:
25q çəki balığı
40q baş soğan
1ədəd lumu
Cəfəri
İstiot,duz
HAZIRLANMASI:
Çəki balığı təmizlənir, istiot və duz vurulub bütöv şəkildə təndirdə bişirilir. Süfrəyə verildikdə yanına dairəvi doğranmış lumu dilimləri və baş soğan qoyulur, cəfəri səpilir. Nuş olsun!
TƏNDİRDƏ QIZARDILMIŞ KÜTÜM BALIĞI
ƏRZAQLAR:
250qr kütüm balığı
50qr pomidor
50qr xiyar
Baş soğan
Keşniş
15qr narşərab
İstiot,duz.
HAZIRLANMASI:
Balıq təmizlənir, yuyulur və istiot, duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına tərəvəz qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir. Nuş olsun!
KÜTÜM LƏVƏNGİSİ
ƏRZAQLAR:
Təzə kütüm
50qr qoz ləpəsi
Baş soğan
10qr ərinmiş yağ
25qr zoğal axtası
50qr kişmiş
Duz
HAZIRLANMASI:
Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikələrə doğranır. Nuş olsun!
QIZARDILMIŞ QIZIL BALIQ
ƏRZAQLAR:
Qızıl balıq
10qr buğda unu
25qr ərinmiş yağ
Baş və ya göy soğan
5qr narşərab
Cəfəri
İstiot duz.
HAZIRLANMASI:
Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, un vurulub yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırıcı şkafda bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur. Nuş olsun!
ÖZ BUĞUNDA BİŞİRİLMİŞ KÜTÜM
ƏRZAQLAR:
Təzə kütüm
15qr ərinmiş yağ
Baş soğan
3qr quru alça
5qr lavaşana
Keşniş
İstiot, duz
HAZIRLANMASI:
Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavşana, su və istiot tökülüb öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir. Nuş olsun!
NƏRƏ BALIĞINDAN KABAB
ƏRZAQLAR:
Nərə balığı
Bitki yağı
Baş soğan
Göy soğan
Təzə pomidor
Lumu
5qr narşərab
1qr sumaq
İstiot,duz
HAZIRLANMASI:
Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan və lumu dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir. Nuş olsun!
BALIQ DOLMASI
ƏRZAQLAR:
Balıq əti
Soğan
Üzüm yarpağı
Keşniş
Qatıq
İstiot, duz
HAZIRLANMASI:
Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur. Nuş olsun!
BALIQ KOTLETİ
ƏRZAQLAR:
200 qr balıq filesi
50 qr çörəyin yumşaq hissəsi
30 qr ərinmiş yağ
70 qr süd və ya su
İstiot,duz
HAZIRLANMASI:
Nərə və ya uzunburun balığın filesi doğranıb, soğanla birlikdə ət çəkən maşınından keçirirlər. Çəkilmiş ətə duz, istiot və süddə isladılmış bayat çörəyin yumşaq hissəsini əlavə edib qarışdırırlar. Kotlet kütləsindən kotletlər və ya küftələr hazırlayırlar, suxarıya batırıb yağda qızardırlar. Hazır kotletlər təzə tərəvəzlə bəzədilir, narşərab qoyulur. Nuş olsun!
|