Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti
Kiçicik bir sudur yer üzündə Kür.
Baxsan bu dünyanın xəritəsinə,
Bəs niyə qəlbimdə ümman döyünür,
Mən qulaq asdıqca Kürün səsinə?!
(Səməd Vurğun)




Kür çayı Türkiyədən başlayıb Qafqazın Gürcüstan və Azərbaycandan,o cümlədən Neftçala rayonu ərazisindən axıb keçən ən böyük çayıdır.Uzunluğu 1515 km (bəzən 1365 km də göstərilir) olan Kür çayı 900 km məsafədə Azərbaycan ərazisi ilə axır.Çay Türkiyədə Qars yaylasından başlayıb Xəzər dənizinə tökülür.Hövzəsinin sahəsi 188000 km –dir. Çay Tbilisi şəhərinə qədər dar dərələrlə axsa da, bu şəhərdən sonra onun dərəsi genişlənir. Qabırrı (Sari), Qanıx (Alazan) və Gəncə çaylarının mənsəb hissələrində Mingəçevir su anbarı yaradılmışdır.Su anbarından aşağıda Kür-Araz ovalığına çıxan Kür çayı burada çoxlu meandr əmələ gətirir. Çay mənsəbindən 236 km məsafədə Sabirabad şəhəri yaxınlığında ən böyük qolu olan Arazla birləşir.Kür şayı 100 km sahədə delta ilə Xəzər dənizinə tökülür.Əsas qolları bunlardır: Paravana, Xrami, Ağstafa, Şəmkir, Tərtər (sağ), Böyük Ziaxvi, Araqbi, Qabırrı, Qanıx, Türyan (sol) və s. Çayın suyu çox lillidir.Hər il Xəzər dənizinə orta hesabla 18 milyon ton lil gətirir. Kürdən suvarmada geniş istifadə olunur. Üzərində SES-lər yaradılıb. Kür çayı dənizçilik üçün çox yararlıdır. Ərdəhan, Borjomi, Qori, Msxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Şirvan, Salyan, Neftçala rayonu Kür çayının sahilindədir. Kür haqqında bir çox antik dövr müəlliflərinin əsərlərində dəyərli məlumatlar verilmişdir. Strabona görə Kürün Alazan, Sandoman, Kema və Xan adlı qolları var. Yeri gəlmişkən Alazan qədim türkdilli tayfalardan birinin adıdır. Qədim yunan,latur, ərəb, fars, erməni, gürcü mənbələrində hidronimin adı Kor, Kur, Kura, Kuri, Kuruş, Kurus və s. formalarda çəkilir. Kür sözü yerli Qafqaz-alban tayfalarının birinin dilindən götürülmüşdür.Kürün Azərbaycan dilində “Gur axan”, ”İti axan” mənasında olması güman edilir. Bəzi tədqiqatçılar Kür sözünün təmizlik, paklıq mənasında olduğunu irəli sürürlər. Torpağımızda ibtidai insanlar məskunlaşarkən bu çayın vadisinə yığışmış, ilk şəhərlər də bu ərazidə meydana gəlmişdir. Azərbaycanda bağçılığın, gəmiçiliyin, suvarılan əkinçiliyin ilkin tarixi bu vadi ilə bağlıdır. Qədim ticarətin inkişafında Kür çayından su yolu kimi istifadə edildiyi də məlumdur. Tarixdən bəllidir ki, Kür çayı çox hadisələrin şahidi olmuşdur.Roma sərkərdəsi Pompeyin (eramızdan əvvəl I əsr) qoşunları Kür çayının vadisinə gəlib çıxmışlar. Eranın müxtəlif əsrlərində Sasanilər, ərəblər, Xəzərlər, Səlcuq türkləri, Tatar-monqollar, Teymurləngin qoşunları, farslar və başqaları bu çayın vadisinə dəfələrlə yürüşlər etmişlər.Eramızdan əvvəl və eramızın I əsrində yaşamış yunan coğrafiyaşünası Strabon Arazın Kür çayına töküldüyü yerdə Muğan və Salyan düzündə sakin olmuş kaspilərin özünəməxsus mədəniyyəti olduğunu qeyd edir. Azərbaycanın florası və faunasını öyrənmək baxımından da Kür çayı vadisi xüsusi diqqətə layiqdir. Çayın vadisi bəzi yerdə 10 km-lərlə uzanan meşələrlə, müxtəlif bitki örtüyü ilə əhatə olunmuşdur. Burada çoxlu nadir heyvanlar və quşlar məskən salmışdır. Kür çayı Neftçala rayonu ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı və Muğan-Salyan kollektoru Neftçala rayonundan keçir. Sahillərində boz çəmən,karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları yayılmışdır,şoranlıqlara rast gəlinir. Hər il aprel-may aylarında yağan yağışlar və dağlarda əriyən qar Kür çayında suyun həcminin artmasına və daşqınlar baş verməsinə səbəb olur ki,bundan da Kürqırağı ərazilərdə yaşayan insanlar çox əziyyət çəkirlər. Kürün sahillərinə bənd çəkilməsinə baxmayaraq bəzən bu daşqınlar nəzarətdən çıxa da bilir.Son illər aparılan araşdırmalara görə Kürün mənsəbinin həddən artıq lillənməsi çaya daxil olan suların sərbəst şəkildə Xəzər dənizinə tökülməsinə əngəl törədir.Bu lillənmə həmçinin Xəzərdən balıqların Kürə keçib kürü tökməsinə də mənfi təsir göstərir. Azərbaycanın şah damarı hesab edilən Kür çayı bədii ədəbiyyatda həmişə aktual olan və daim işlənən bir mövzudur. Kürqırağı bölgələrdə doğulub boya-başa çatmış şair və yazıçıların yaradıcılığında bu mövzu xüsusi yer tutur. Səməd Vurğunun “Muğan” poemasında, İsmayıl Şıxlının “Dəli Kür” romanında və bir çox başqa əsərlərdə Kür çayı xüsusi məhəbbətlə vəsf olunmuşdur. Azərbaycan şairlərinin Kürə həsr etdikləri şerlər :


1.Səməd Vurğun. Kür- Yeddinci nəğmə, Kürün bayramı-Onuncu nəğmə / Vurğun S. Seçilmiş əsərləri. III cild. “Muğan” (Poema).- Bakı, “Şərq-Qərb”.-2005.-s.282
2.Səməd Vurğun.Kür çayı / Vurğun S. Seçilmiş əsərləri. I cild.-Bakı, “Şərq-Qərb”.-2005.-s.77
3.Hüseyn Arif. Kür çayım / Arif H. Seçilmiş əsərləri .-Bakı, “Şərq-Qərb”.-2004.-s.24
4.Rəsul Rza. Kür-Araz / Rza R. Seçilmiş əsərləri .- Bakı, “Öndər nəşriyyat”.- 2005.-s.63
5.Əli Kərim. Kür / Kərim Ə. Seçilmiş əsərləri.-Bakı, “Lider nəşriyyat”.- 2004.- s.39
6.Əliağa Kürçaylı. Dedilər Kür quruyur. Kürüm. Muğanın qışı / Kürçaylı Ə. Seçilmiş əsərləri.-Bakı, “Şərq-Qərb”.- 2004.- s.232,318,330
7.Nəriman Həsənzadə. Kür axır / Həsənzadə N. Seçilmiş əsərləri.-Bakı, “Şərq-Qərb”.-2004.- s.43
8.Xəlil Rza Ulutürk. Ömrümdə Kür çayını bu rəngdə görməmişdim / Ulutürk X.R. Seçilmiş əsrləri .- Bakı,Gənclik.-2001.- s.102
9.İslam Səfərli .Bakıya Kür gəlir / Səfərli İ. Seçilmiş əsərləri.- Bakı, “Lider nəşriyyat”.-2005.- s.155
10.Narınc Xatun. Kürüm mənim / Xatun N. Mən xalqımın aşiqiyəm.- Bakı, “E.L” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC.-2006.-s.22