AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət
siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin
ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi
tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxanalardan
istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana
işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən
anlayışlar aşağıdakı mənaları ifadə edir:
Kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti
sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana
fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana,
informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf
kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik
təminatını əhatə edən fəaliyyət sahəsi;
Kitabxanaçı – kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı
mütəxəssis;
Sənəd – informasiyanın mətn, səsyazma və təsvir formasında qeydə alınan,
müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması
məqsədini daşıyan maddi obyekt;
Kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə informasiya almaq
hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana
fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə
həyata keçirilən fəaliyyət;
Mərkəzləşdirilmiş kitabxana sistemləri – eyni sistemə aid olan kitabxanaların
vahid strukturda Könüllü birləşməsi;
Kitabxana fondu – ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə
uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının
məcmusu.
Maddə 2. Kitabxana işi
sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi.
Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi
bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik
aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə
bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr
tətbiq edilir.
Maddə 3. Kitabxana işi
sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri.
Kitabxana işi sahəsində
dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
Kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya
vasitələrindən istifadənin hamı üçün acıq olması;
Milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondlarının
toxunulmazlığı və üstün maliyyələşdirilməsi.
Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
Kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və
həyata keçirilməsi;
Kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul
və tətbiq edilməsi;
Kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən
müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən
(internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks
olunması;
Milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya
sisteminin yaradılması;
Dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının
milli və xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması;
Xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan
nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan
Respublikasına qaytarılmasının təmin olunması;
dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının
müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi;
kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata
keçirilməsinə köməklik göstərilməsi;
kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını
həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin
təşkili;
təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının
mühafizəsinin təmin olunması;
qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;
kitabxana fondlarının statistik uçotunun aparılması;
Maddə 4. Kitabxana fəaliyyətinin
əsas istiqamətləri.
Kitabxana fəaliyyətinin
əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından,
mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə
verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin
mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından
ibarətdir.
II FƏSİL
KİTABXANA SİSTEMİ
Maddə 5. Kitabxana sisteminin
təşkilinin əsasları
Azərbaycan Respublikasında
kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası
və kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış
dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir.
Maddə 6. Kitabxana sisteminin tərkibi
Azərbaycan Respublikasında
kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları
daxildir.
Dövlət kitabxanalarına aşağıdakılar daxildir:
Milli Kitabxana;
Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;
Şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar,
gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və onların filialları,
mərkəzləşdirilmiş kitabxana sistemləri;
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;
Dövlət, idarə, müəssisə və təşkilatların kitabxanaları;
Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun
filialları;
Dövlət təhsil müəssisələrinin kitabxanaları.
Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:
Bələdiyyə kitabxanaları;
İctimai birliklərin kitabxanaları;
Özəl və digər kitabxanalar;
Xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.
Maddə 7. Milli Kitabxana
Milli Kitabxana Azərbaycan
Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən,
milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında
və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri,
o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını
toplayıb mühafizə edən mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq
sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici,
ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks
kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası
abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili
depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.
Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi
əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.
Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək
haqlarına müvafiq əlavələr müəyyən edilir.
Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır.
Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün qanunvericilikdə
müəyyən olunmuş qaydada torpaq sahəsi verilə bilər.
Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar
Respublika əhəmiyyətli
elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli
və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya
və informasiya müəssisələridir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət
göstərən digər kitabxanalar üçün informasiya kitabxanalararası abonement
və metodik mərkəz funksiyasını yerinə yetirir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla
və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Elmlər
Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı
Dövlət Universiteti kitabxanasının işçilərinin əmək haqlarına müvafiq
əlavələr müəyyən edilir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 9. Kitabxanaların
digər informasiya orqanları ilə əlaqələri
Kitabxanalar sənəd-informasiya
ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki və digər
informasiya orqanları, arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı
əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr
əsasında həyata keçirilir.
Maddə 10. Kitabxanaların
yaradılması və yenidən təşkili
Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil olunur.
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda
(təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi və s) müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Maddə 11. Kitabxanaların
özəlləşdirilməsi və icarəyə verilməsi
Tipindən, tabeçiliyindən
asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların
(kitabxanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların
və sahələrin) özəlləşdirilməsi və icarəyə verilməsi profilinə müvafiq
olaraq qanunvericiliyə uyğun həyata keçirilir.
III FƏSİL
KİTABXANA FONDU
Maddə 12. Kitabxana fondunun tərkibi
Kitabxana fondunun tərkibinə
kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki
vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları
daxildir.
Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış
ola bilər.
Maddə 13. Azərbaycan
Respublikasının Dövlət Kitabxana Fondu
Azərbaycan Respublikasının
Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə,
qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri əsasında
təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından
ibarətdir.
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar
qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə
olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.
Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir.
Maddə 14. Kitabxana fondlarının
təchizatı
Kitabxanalar dövlət və
qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap
məhsullarını və digər informasiya daşıyıcılarını birinci növbədə almaq
hüququna malikdir.
Bu hüquq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat
orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi
nüsxələrin alınması, abunə, bağışlanma və vərəsəlik əsasında miras
qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab
mübadiləsi yolu ilə təmin edilir.
Təhsil müəssisələri kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla
tənzimlənir.
Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının
yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.
Maddə 15. Kitabxanaların
pulsuz məcburi nüsxələrlə təchizatı
Milli Kitabxana, qanunvericilik
və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika
əhəmiyyətli elmi-sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin
kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq
hüququna malikdir.
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul
olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan
çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik
və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika
əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına
profilinə uyğun olaraq 2 pulsuz nüsxə, Azərbaycan Respublikasında
nəşr olunan bütün qəzet və jurnal reaksiyaları isə 2 pulsuz məcburi
nüsxə göndərməlidirlər.
Maddə 16. Kitabxanaların mübadilə fondları
Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil
olmayan çap məhsulları və digər materiallar müəyyən olunmuş qaydada
bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.
Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə
fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmin
fonda verilir.
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab
mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün
əlavə kitab alınmasına vəsait ayırırlar.
Maddə 17. Depozitar kitabxanalar
Dövlət kitabxanalarında
oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi
və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.
Maddə 18. Dövlət kitabxana
fondlarının uçotu, mühafizəsi və onlardan istifadə edilməsi
Dövlət kitabxana fondlarında
saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi
və istifadəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş
qaydalara uyğun həyata keçirilir.
Maddə 19. Dövlət kitabxana
fonduna vurulmuş ziyana görə məsuliyyət
Dövlət kitabxana fonduna
vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə
əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi
məsuliyyət daşıyırlar.
İtirilmiş və yararsız vəziyyətə salınmış çap əsərləri və digər materiallar
kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri və materiallarla
əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının milli-mədəni
sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə şamil edilmir.
Nadir nüsxələr fonduna uçotu, mühafizəsi və istifadə qaydalarının
pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
IV FƏSİL
KİTABXANA XİDMƏTİNİN
TƏŞKİLİ
Maddə 20. Kitabxana xidməti
və onun vəzifəsi
Kitabxanalar çap əsərlərindən
və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə
kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir.
Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək,
informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır.
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və beynəlxalq
abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi,
yazılı və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə
təşkil edilir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı
nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə
çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri
dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə
fəal yardım etməkdən ibarətdir.
Maddə 21. Kitabxanaların
hüquqları
Kitabxanaların hüquqları
aşağıdakılardır:
Nizamnamələrində göstərilən
məqsəd və vəzifələrin həyata keçirilməsi üsullarını və formalarını
müəyyənləşdirmək;
kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək;
köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən
olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;
fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini
qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək:
kitabxana birliklərinin yaradılmasında iştirak etmək:
beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya
və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək.
Maddə 22. Kitabxanaların
vəzifələri
Kitabxanalar oxucuların
mədəniyyət təsisatları və mədəniyyət sərvətlərindən istifadə etmək
hüquqları, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların
kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar.
Maddə 23. Kitabxanalardan
istifadə sahəsində oxucuların hüquq və vəzifələri
Azərbaycan Respublikasında
hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.
Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların
nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.
Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.
Oxucular istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə
yanaşmalı, çap materiallarının və digər vəsaitlərin itirilməsinə və
ya yararsız hala salınmasına yol verməməlidirlər.
V FƏSİL
KİTABXANA İŞİNİN İDARƏ
OLUNMASI
Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi
Azərbaycan Respublikasında
kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir.
Maddə 25. Kitabxana işində
ictimaiyyətin iştirakı
Dövlət və qeyri-dövlət
orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi və fiziki
şəxslər, kitabxana fondlarının zənginləşdirilməsi, oxuculara xidmət
işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının və tədbirlərinin
hazırlanması və həyata keçirilməsində iştirak edirlər.
Maddə 26. Kitabxana işinin
elmi-metodik və kadr təminatı
Mülkiyyət formasından
asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana
və elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar tərəfindən
həyata keçirilir.
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabşünaslığa,
biblioqrafiyaya və informasiyaya dair metodik materiallar nəşr edir,
kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş üsullarını
ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının artırılmasını təmin
edir.
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan
şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas
təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş
stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər.
Maddə 27. Kitabxanaların
maliyyələşdirilməsi
Dövlət kitabxanaları
və büdcədən maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar
dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları
və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının
komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli
və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait kitabxanaların
sərəncamında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək
üçün istifadə edilir.
İdarə, müəssisə və təşkilatların, habelə ictimai birliklərin kitabxanaları
təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir.
Maddə 28. Dövlət kitabxanalarının
büdcədənkənar vəsaitləri
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının
möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə nizamnamələrində
göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında
büdcədənkənar fondlar formalaşdırılır.
Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə etmək şərti tələb
edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən
xüsusi xidmət növlərinə aid edilir.
Maddə 29. Kitabxanaların
inkişaf fondu
Kitabxanaların maddi-texniki
bazasını möhkəmləndirmək məqsədilə dövlət və qeyri-dövlət inkişaf
fondları təsis edilə bilər. Bu fondlar təsisçilərin payları, hüquq
və fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə müəyyən olunmuş
qaydada keçirilən lotereya və digər məqsədli kommersiya tədbirlərindən
daxil olan vəsaitlər hesabına yaradılır.
Maddə 30. Kitabxanaların
maddi-texniki təchizatı
Kitabxanalar kitab fondunun saxlanması və oxuculara xidmət etmək üçün
xüsusi layihə ilə tikilmiş binalarla kitabxana işini avtomatlaşdırmaq
üçün zəruri vasitələrlə təmin edilməlidirlər.
Maddə 31. Kitabxanaların
əmlakı və təsərrüfat fəaliyyəti
Kitabxana onun mülkiyyətində
olan və ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq istifadə edir.
Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına
torpaq sahələri və əlavə binalar ayrıla bilər.
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə
uyğun olaraq təsərrüfat fəalliyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən
əldə edilən vəsait bütövlükdə kitabxananın sərəncamında qalır.
Maddə 32. Kitabxana işçilərinin
sosial müdafiəsi
Dövlət kitabxana işçilərinin
sosial müdafiəsinə təminat verir.
Kitabxana işçilərinin
əmək haqları elm və təhsil sahələri işçilərinin əmək haqlarından aşağı
olmamalıdır.
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə
əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar
öz tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar
müəyyən edə bilərlər.
Kitabxana işçiləri öz peşə sosial hüquqlarını təmin etmək məqsədilə
qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada
bilərlər.
VI FƏSİL
YEKUN MÜDDƏALARI
Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq
Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq
kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana
işi sahəsində ictimai birliklər ilə əməkdaşlıq əldə edə bilərlər.
Maddə 34. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında
təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 1998-ci
il