















|
TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV
ƏRZAQLAR:
3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd
1 stəkan quru gavalı (tumunu çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan quru İran xurması (tumunu çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
½ stəkan quru ərik
1 kilo kiçik parçalara bölünmüş toyuq əti
1 ədəd baş soğan - nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
Duz, istiot
HAZIRLANMASI:
Düyünü təmizləyin və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, gavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun. Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin. Nuş olsun!
BADIMCAN, BİBƏR VƏ POMİDOR DOLMASI
ƏRZAQLAR:
6 ədəd kiçik badımcan
6 ədəd yaşıl bolqar bibəri
6 ədəd pomidor
Duz,istiot
1-2 xörək qaşığı ərinmiş və ya duru yağ
İçi üçün:
4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 qr çəkilmiş qoyun və ya mal əti
2 ədəd baş soğan
1 ədəd yaşıl uzun bibər
Doğranmış pomidor içi
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
Duz, istiot
HAZIRLANMASI:
Əvvəlcə tərəvəzləri hazırlayın. Badımcanın hazırlanmasının iki üsulu var. Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.
Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün, əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.
Bibərlər: Bibərlərin saplağını yumruvari və saplağı tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.
Pomidorlar: Pomidorların saplağını yumruvari və saplağı tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıçaq və ya qaşıqla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın - bunu ətli iç üçün istifadə edəcəksiniz.
İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın. Doğranmış pomidor və bibəri əlavə edib, 5 dəqiqə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.
Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bibər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin. Nuş olsun!
YARPAQ DOLMASI
ƏRZAQLAR:
450g çəkilmiş qoyun və ya mal əti
1 orta baş xırda doğranmış soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı ərinmiş kərə yağı
½ stəkan su
HAZIRLANMASI:
Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə: Qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Saplarını kəsin.
Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə: Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzün.
Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.
Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun.
Dolmaların üstünə yağ və su tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir. Dolmanı süfrəyə sarımsaqlı qatıqla verin. Nuş olsun!
KÜFTƏ-BOZBAŞ
ƏRZAQLAR:
Qoyun əti – 163 qr
Quyruq – 20 qr
Düyü – 15 qr
Təzə alça – 30 qr
Noxud – 25 qr
Kartof – 150 qr
Baş soğan – 18 qr
Zəfəran
Quru nanə
İstiot, duz.
HAZIRLANMASI:
Küftə – bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşındam keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədəd yuyulmuş alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zə`fəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.Nuş Olsun!
TURŞU QOVURMASI
ƏRZAQLAR:
1 qab paxla turşusu
4 soğan
2 xörək qaşığı bibər püresi
1 xörək qaşığı kərə yağı
Qarğıdalı yağı
HAZIRLANMASI:
Soğanları və paxla turşusunu doğrayın. Tavaya kərə yağı və qarğıdalı yağı qoyun, soğanları qovurun. Üzərinə paxlanı və püreni əlavə edib qarışdırın. Qovurun və altını söndürün. Süfrəyə verdiyiniz qaba tökün və üzərini cəfəriylə bəzəyin. Nuş olsun!
SOĞANLI PİZZA
ƏRZAQLAR:
4 soğan
1 yumurta
Duz
3 xörək qaşığı qarğıdalı unu
2,5 stəkan holland pendiri
XƏMİR ÜÇÜN:
1-1,5 stəkan su
Lazım olan qədər un
1 xörək qaşığı. bitki yağı
HAZIRLANMASI:
Soğanlı içlik: soğanları soyub, halqalar şəklində doğrayın. Yumurta ilə duzu çəngəllə çırparaq üstünə qarğıdalı unu əlavə edin. Bunu soğanların üstünə töküb yaxşı qarışdırın.
Xəmir: unu su və bitki yağı ilə yoğurub dairəvi formada açın. Üstünə soğanları, holland pendirini töküb 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Nuş olsun!
LAVAŞARASI
ƏRZAQLAR:
500 qr qiymə
2 ədəd iri soğan
2 diş sarımsaq
1 ədəd konservləşdirilmiş göbələk
300 qr sarı pendir
Mayonez
5-6 ədəd lavaş
Duru yağ
Duz, istiot
HAZIRLANMASI:
Qiyməni soğanla birgə yağda qovururuq. Bişənə yaxın göbələyi əlavə edib yaxşıca qızardırıq. Ayrı bir qabda pendiri sürtkəcdən keçirdirik, mayonez və sarımsaqla bir yerdə yaxşı qarışdırırıq. Lavaşı 4 bərabər hissəyə ayırıb üzərinə içlikdən qoyuruq. Dürmək kimi büküb duxovkanın qabına yerləşdiririk,üzərinə biraz duru yağ gəzdirib 150-200 dərəcədə bişiririk. Biraz qızardıqdan sonra üzərinə mayonezli qarışığı, 200 qr su əlavə edib yenidən duxovkaya qoyuruq və üstü qızaranacan bişiririk. Nuş olsun!
PAXLA ÇIĞIRTMASI
ƏRZAQLAR:
1 kq. təzə paxla
4-5 ədəd pomidor
2 ədəd iri soğan
3-4 ədəd bolqar bibəri
5 yumurta
Duru yağ
Duz, istiot, sarıkök
Su
HAZIRLANMASI:
Əvvəlcə paxlaları təmizləyib, nazik uzun-uzun doğrayırıq. Bişirəcəyimiz tavaya əlavə edib, üzərinə 1 stəkan yarım su tökürük. Əvvəl qapağını örtürük su qaynara düşsün. Daha sonra qapağı açıq saxlayıb su quruyana qədər lobyaları bişiririk. Paxlalar bişənə qədər başqa bir qabda əvvəl soğanları xırda doğrayıb qovururuq. Sonra bibərləri doğrayıb soğanla birgə qovurmağa davam edirik. Ən sonda pomidoru doğrayıb bura əlavə edirik. Bu hazırladığımız qarışığı paxlanın suyu quruyandan sonra üzərinə əlavə edirik. Yaxşı-yaxşı qarışdırıb, duz, istiot, sarıkök vururuq və bir müddət qovururuq. Tərəvəzlər tam bişdikdən sonra yumurtanı vururuq və tez qarışdırırıq ki, yumurta hər yerə yayılsın. Qapağı örtüb,vam xodda yumurtalar bişənə kimi bişiririk. Nuş olsun!
PENDİR VƏ GÖYƏRTİ İLƏ TOYUQ ƏTLİ KOTLET
ƏRZAQLAR:
Toyuq əti 500-600 qr
Kərə yağı 180 qr
Pendir 200 qr
Duz, istiot
Şüyüd,suxarı
Sulu yağ qızartmaq üçün.
HAZIRLANMASI:
İlk öncə içlik hazırlanır. Pendir rəndədən keçirilir. Üzərinə yağ rəndədən keçirilir. Yağın üzərinə şüyüd xırda doğranılır və qarışdırılır. İçlik hazırdı. Toyuq əti maşından keçirilir, duz, istiot vurulur yaxşı qarışdırılır. Sonra əlimizi sulayıb ətdən bir az götürürük. İçərisinə içlik qoyuruq, kotlet formasına salırıq. Sonra isə suxariyə batırıb bir az sulu yağda qızırdırıq. Təxminən 2-3 dəqiqə. Bir az qızartdıqdan sonra isə listə yığıb sobada 180 dərəcədə 20-25 dəqiqə bişiririk. Budur artıq pendir və göyərti ilə toyuq kotletimiz hazırdı. Nuş olsun!
HƏFTƏBECƏR
ƏRZAQLAR:
2 tikə toyuq əti (ət də olar kotlet şəklində)
2 ədəd badımcan
2 ədəd soğan
2 ədəd pomidor
1 ədəd bibər
1 ədəd kartof
Yarım dəstə keşniş
Yarım çay qaşığı sarıkök
Kərə və ya duru yağ
50 ml su
HAZIRLANMASI:
Bütün tərəvəzlər fal-fal doğranılır və sıra ilə qat-qat qazana düzülür: ət, kartof, soğan, badımcan, bibər, pomidor. Üzərinə keşniş doğranıb səpilir. Yağını və suyunu əlavə edilib zəif qazda bişirilir. Nuş olsun!
LANGET
ƏRZAQLAR:
Can əti
Qatıq, mayonez və bir qaşıq palçıq turşu
1diş sarımsaq
Kəklikotu
Duz və istiot
HAZIRLANMASI:
İlk öncə doğranmış ətləri xüsusi ət döyən çəkiclə döyəcləyirik və hər iki üzünə duz, istiot vurduqdan sonra qatıq, turşu, mayonez və sarımsaqdan hazırladığımız qarışığı ətlərin üstünə yayıb kəklikotu səpirik. Bu qayda ilə hazırlanan hər bir langeti ayrı bir qabda üst-üstə qoyuruq. Ətləri hazırladıqdan sonra tavamızı qızmaq üçün qazın üzərinə qoyuruq. Qızmış tavanın içinə yağ əlavə etdikdən sonra hazırladığımız ətləri tavaya düzürük. Tavanın qapağını bağlayıb qoyuruq orta istilikdə bişməyə. Arada bir ətləri çevirmək şərtilə.Nuş olsun!
QAZAN KOTLETİ
ƏRZAQLAR:
Çəkilmiş ət
Soğan
Kartof
Pomidor
Yerkökü
Bibər
Yağ
1 stəkan su
Duz, istiot
HAZIRLANMASI:
Çəkilmiş ətin içinə süzgəcdən keçirilmiş kök,duz istiot atıb qarışdırırıq. Şəkildəki kimi əti nə nazik, nə qalın edirik düzürük tavaya. Soğanı halqa şəklində doğrayırıq, ətin üzərindən düzüb, duz səpirik. Pomidoru da halqa şəklində doğrayıb soğanın üzərindən qoyub, duzlayırıq. Kartofu da halqa şəklində doğrayıb, pomidorun üzərindən düzüb duzlayırıq. Bibəri də halqa şəklində doğrayıb kartofun üzərinə düzüb, duz və sarıkök vururuq. 1 stəkan su və kərə yağı kəsib aralarına qoyuruq. Vam odda bişiririk, təxminən 1 saata bişir. Budur qazan kotletimiz hazırdı. Nuş olsun!
TOYUĞUN DÖŞ ƏTİNDƏN ZAPEKANKA
ƏRZAQLAR:
2 baş soğan
1-2 ədəd toyuğun döş əti
4 ədəd kartof
Holland pendiri
Tomat pastası
Xama
Duru yağ
Duz, istiot
HAZIRLANMASI:
Soğanları uzun doğrayıb tavada azcana qızardırıq. Toyuğun sinəsini xırda doğrayıb tavaya əlavə edirik. Üzərinə duz və istiot əlavə edib bişməyənə qədər qızardırıq (alaçiy). Holland pendirini sürtgəcdən keçirdirik. Sobaya qoymaq üçün tavaya yumru doğranılmış kartofları düzürük. Duz və istiotlayırıq. Üzərinə o biri tavada qızardılmış toyuq-soğan qarışığını əlavə edirik. Onun da üzərinə yenə kartof düzülür, istiot və duz vurulur. Sonra isə, təxminən 1 xörək qaşığı tomat pastası və bir o qədər də xamanı bir-birinə qarışdırıb bir məhlul hazırlayırıq. O məhlulu tavadakıların üzərinə yayırıq. Üzərinə rəndələnmiş holland pendiri səpilir. Tava sobaya qoyulur və 180 dərəcədə 20-30 (çox da çəkə bilər) dəqiqə bişir. Nuş olsun!
İTALYAN ÜSULU SPAGETTİ
ƏRZAQLAR:
1 paket makaron
5 diş sarımsaq
1 acı bibər
1 çay qaşığı quru reyhan
4 ədəd pomidor
Duz
HAZIRLANMASI:
Bir tavada zeytun yağı ilə sarımsaqları qovurun, üzərinə acı bibəri doğrayın, reyhanı əlavə edin bir iki dəqiqə qovurduqdan sonra 4 ədəd pomidoru töküb bişirin, damaq zövqünüzə görədə duz əlavə edin. Ayrı bir qazanda duzlu su qaynadıb içinə makaronları tökün 5 dəqiqə bişirin və süzün. Makaron suyundan bir su stəkanı ayırın. Süzdüyünüz makaronu pomidorlu sousa tökün və 3 dəqiqə daha bişirin əgər lazımdırsa, sousun suyu azdırsa makaron sousunda ayırdığınız 1 stəkan suyu da əlavə edin və 3 dəqiqə bişirin. Nuş olsun!
|