|
Azərbaycan milli geyimləri.
Azərbaycan milli geyimləri
— Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır.
Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətlərini əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Azərbaycan XVII–ci əsrə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı da çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Uşaq geyimi öz formasına görə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi XIX–cu əsr-XX-ci əsrin əvvələrində alt və üst geyimlərindən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel üst geyimindən ibarət idi.
Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi.
Üst köynəyi - çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarından tikilirdi.
Arxalıq
- çiyinüstü, uzun, beli ensiz gödəkcədir.
Ləbbadə
- çiyinüstü üst gödəkçəsidir, sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi.
Kürdü
– qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi.
Eşmək
– qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəz dərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi.
Qadın bel üst geyimi.
Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Qadın baş geyimləri.
Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbədici və maraqlı idi. Bura ipək kəlağayılar, çalmalar, naz-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.
Baş geyimlərinin geniş yayılmış növlərindən biri ipək kəlağayı idi. Qeyd etmək lazımdı ki, onun örtülməsində yaş və sosial fərqlər mövcüd idi: yaşlı qadınlar – ağ, bej (açıq sarı-qəhvəyi), açıq mavi rəngli kəlağayı örtürdü. Kəlağayıları müxtəlif cür bağlayırdılar.
Digər qadın baş geyimi təsək (onu qadın papağı adlandırırdılar) idi. Təsəyi bəzəyən naxışın növündən asılı olaraq onun müxtəlif adları mövcüd idi: mirvari papaq, qızıl papaq, ay-ulduz.
Cəmiyyətin zəngin zümrələri arasında naz-nazı və qaz-qazı (xalq terminologiyası) kimi təntənəli günlərdə taxılan baş geyimləri geniş yayışmışdı ki, onlarda qış vaxtı başa bağlayırdılar və ya çiynin üzərinə sallayırdılar. Onlar üst qış geyimini əvəz edirdi.
Qadın baş geyimin ən sadə elementi ləçək (düzbucaq və ya üçbucaqşəkilli yaylıq) idi. Ləçəyi ev işləri zamanı, eləcə də başa xına qoyanda bağlayırdılar.
Şəhərlərdə qadınlar evdən çıxarkən bütün bədəni örtən çadra geyirdilər. Kəndli qadınlar çadranı çox nadir hallarda, yalnız hərdən kənddən uzaq məsafəyə gedəndə örtürdülər. Adətən baş üçün yaylıqla (yaşmaq) ağız və burnun bir hissəsini örtməklə kifayətlənirdilər. Varlı qadınlar atlas, kasıblar isə sətin, bez və ya dama-dama sarpinkadan (nazik pambıq parça) müxtəlif çalarda çadralar örtürdülər. Çadrayla yanaşı, şəhərlərdə qadınlar hərdən üzlərini göz üçün krujevalı torla örtürdülər.
Kişi milli üst geyimi
- üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.
Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa - içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.
Ayaqqabı növləri.
XIX - XX əsrin əvvəlində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud idi. Azərbaycanlılar, xüsusən kəndilər arasında ən çox yayılmış ayaqqabı növü – çarıqlar idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin özlərinin emal etdiyi dərisindən (gönündən), ya da daha mükəmməl üsulla emal olunmuş dəridən – aşılanmış göndən tikilirdi Çarığın bir neçə növünə təsadüf olunur: təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani, kalmani, şirmai və s.
Digər ayaqqabı növü yüngül çüvək (çust, mexs) idi ki, onları əsasən qara tumacdan tikirdilər, dabansız olurdu, ona görə də onları əsasən evdə geyirdilər.
Lapçın - Uzunboğaz ayaqqabı növü.
Boğazdı - ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur.
Zərgərlik məmulatları.
Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da daxil idi. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.
Kəmər — geyim elementi. Qədimdən mövcuddur. Yoxsulların kəmərləri sadə, hakim sinfin nümayəndələrinin kəmərləri isə, adətən, daş-qaşla bəzədilmiş qiymətli metaldan olurdu. Kəmərin qayışına bəzən qızıl və ya gümüş pullar da düzülürdü. Kəmər qadın bəzəyi kimi Azərbaycanda geniş yayılmışdı. Gəlin köçərkən keçmişdə qızın belinə rəmzi kəmər bağlayar və ona çoxlu övlad (adətən oğlan) arzulayardılar. Kəmər bağlamaq yetkinlik simvolu sayılırdı.
XIX-XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ən çox sevdikləri bəzək əşyaları arasında sırğalar xüsusi yer tuturdu.
Qeyd etmək lazımdır ki, Azərbaycanda hər region bir-birindən özünəməxsus geyimi ilə seçilirdi.
Naxçıvanlı qadınlar milli geyimdə.
Bakılı qadınlar milli geyimdə.
Qarabağlı qadınlar milli geyimdə.
Şəkili qadın milli geyimdə.
|