Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti

Böyük vətən müharibəsinin qəhrəmanları - Böyük vətən müharibəsi illərində alman faşizminə qarşı 3787 nəfər neftçalalı cəbhəyə yola düşmüş, onlardan 1302 nəfəri döyüşlərdə həlak olmuşdur. 251 nəfər döyüş hünərlərinə görə SSR-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, 3 nəfər isə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür.
Ağaşirin Ağaməmməd oğlu Cəfərov 1906-cı il fevralın 25-də Ballıcallı kəndində anadan olmuşdur. 1928-1930-cu illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən sonra o, Neftçala NQÇİ-də, Neftçala Yod-brom zavodunda fəhlə, Xıllı MTS-də traktorçu işləmişdir. Böyük vətən müharibəsinin ilk günlərində cəbhəyə yola düşən A.Cəfərov qələbə gününə kimi döyüşən orduda xidmət etmişdir. O, Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmış, Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada laiq görülmüşdür. O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır. Müharibədən sonra bir neçə vəzifədə çalışmış, 1984-cü ilin mayın 3-də vəfat etmişdir. Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.
Əlif Duraxan oğlu Piriyev 1922-ci ildə Z.O.qoltuq kəndində anadan olmuşdur. 1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına laiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır.
İvan Qriqoriyeviç Ostapenka 1913-cü ildə Kubanda Krosnadar diyarının Yeysk rayonundakı Qlafirofka kəndində anadan olmuşdur. Ata anasını çox erkən itirmiş Vanya 16 yaşında ikən Azərbaycana gəlmiş, rayonumuzdakı Nord-Ost Qoltuq kəndində balıqçılığa pənah gətirmişdir. Onun son döyüşü 1944-cü ilin şaxtalı dekabr gecəsində oldu. Tərkibində vuruşduğu batalyon Budapeşt yaxınlığında Dünay çayını keçmək və düşmən mövqeyini ələ keçirmək əmri almışdır. Güllə yağışı altında 25 qayıqdan qarşı sahilə yalnız iki qayıq çıxa bildi. 300 nəfərdən cəmi 40 nəfər sağ qalmışdı. Bölmə komandiri kiçik serjant İ.Q.Ostapenka da onların arasında idi. Düşmənlə əlbəyaxa vuruşda onlar qalib gəldilər. Bu döyüşdə İvan ağır yaralandı. Ruminyanın hərbi səhra qospitalının birində müalicə olunan Ostapenka ona Sovet İttifaqı adı verildiyini eşitsədə buna inanmadı və bunun başka Ostapenka olduğunu düşündü. Evlərinə qayıdarkən arvadı Stepanida bu xəbərin doğru olduğunu bildirdi və ona göndərilmiş rəsmi sənədi ərinə verdi. İvan Qriqoriyeviç Ostapenka 1990-cı ildə vəfat etmişdir. Neftçala Mədəniyyət və İstirahət parkında onun büstü qoyulmuşdur.

Əfqanıstan döyüşlərində, yadelli torpaq uğrunda Neftçala sakinləri Xalis Cəfərov, Etibar Əsgərov, Hüseyin Xəlilov, Ümüdvar Xəlilov siyasət qurbanları olmuşlar. Neçə-neçə analar kiminsə sərəncamı, düşünülməmiş hərəkəti üzündən gözü yaşlı qaldı.

20 Yanvar şəhidləri

Nurəddin Aslan oğlu Ağahüseynov 1951-ci ildə Neftçala rayonun Həsənəbad qəsəbəsində anadan olmuşdur. 8 illik sinifi bitirib, Leninqrad
(İndiki Sank-Peterburuq) şəhərində hərbi qulluqda olub. 1972-ci ildə Azərbaycan Yüngül Sənaye Texnikomunu bitirib və müxtəlif sahələrdə işləmişdir. 1990-cı il yanvarın 25-də işdən evə gələrkən sükan arxasında sülh ordusu sayılan Sovet hərbiçiləri tərəfindən atəşə tutularaq qətlə yetirilmişdir. 3 övladı qalmışdır- iki qız, bir oğlan.
Şəmsəddin Əbilhəsən oğlu Orucov 1950-ci avqustun 2-də Sabirabad rayonun Cavad kəndində anadan olmuş, orta məktəbə Əlibayramlı rayonunun Qazməmməd kəndində getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçmüş, təhsilini şəhər yeddiillik internat məktəbində davam etdirmişdir. Ş.Orucov 1968-ci ildə Çingiz İldırım adına APİ-na daxil olmuş, 1973-ci ildə oranı bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışmışdır. Bakıda 1990-ci ildə törədilən Qanlı yanvar hadisələri bir çoxları kimi Şəmsəddin Orucovdan da yan keçməmişdir. Yanvarın 23-də gündüz saat 14:20 radələrində hərbiçilər tərəfindən evinin pəncərəsindən atılan güllə nəticəsində həlak olmuşdur. İki uşağı qalıb- Cavad və Kəmalə.
Əbülfəz Böyükağa oğlu Cəfərov Bankə qəsəbəsində anadan olmuş və orta məktəbi orda bitirmişdir. O, Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işləyirdi. 1990-ci il yanvarın 25-də rayon mərkəzinə gedir və ... “öldür”, “dağıt” əmri alan hərbiçilərlə qarşılaşır. Əbülfəz onların AXC-nin Neftçala rayon şöbəsinin üzvlərinə rastlarına çıxan hər bir adama necə divan tutduqlarının şahidi olur. Ələ keçənləri qəsəbənin hamamına yığıb tankların, VTR-lərin gurultusu altında işgəncə vermişlər ki, çıxırtılarını, iniltilərini eşidən olmasın. Bu mənzərəni görən Əbülfəz özünü saxlaya bilmir, əliyalın hərbiçilərin üzərinə atılır. Onu əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaralıyırlar. Barmağından üzüyünü çıxarıb, qol saatını açıb götürürlər.
Aldıqları əmrə əsasən tutulan günahsız müqəssirləri Bakıya gətirməli imişlər. Yaralarından qan daman Əbülfəz də onların arasında olur. Təyyarə Xəzər dənizinin üzərində ikən iki il iki ay nişanlı qalan, toy hazırlığında olan 25 yaşlı Əbülfəz canından çox sevdiyi Vətən göylərinə əbədilik “əlvida” deyir...

Milli qəhrəmanlarımız

“Azərbaycanın Milli Qəhrəmanlarının həyatı ibrət məktəbi, mədəniyyət mənbəyidir!” H.Əliyev. Tarixin bütün dönəmlərində, bəşəriyyətin bütün yaşamında Vətənimizin, doğma Azərbaycanımızın başından keçən ağrılı-acılı sınaqlar, eləcə də qəhrəmanlıq səlnamələri bizi kökümüzə daha sıx bağlamışdır. Ata-bablarımızın keçdiyi hünər yolu qəlbi Vətən sevgisi ilə çağlayan hər bir Azərbaycan vətəndaşının ruhuna hopmuş, onu əsrlərdən-nəsillərə daşıyan rəşadət nümunəsi olmuşdur. Tarix, əsrlər boyu öz ağrılı-acılı, enişli-yoxuşlu dolamlarından keçirtdi, ağır sınaqlara çəkdi bizi. Bəli, XX əsrdə xalqımızın başına gələn müsibətləri bu sınağın bir parçası hesab etməliyik. Biz 20 Yanvar qırğınından, Xocalı Soyqırımından keçdik, müqəddəs torpaqlarımız uğrunda gedən döyüşlərdə saysız-hesabsız şəhidlər verdik, lakin sarsılmadıq. Canı, qanı bahasına misilsiz rəşadətlər göstərən, qəhrəmanlıq zirvəsinə ucalan nə qədər oğul və qızlarımız yetişdi bu torpaqda. Bəli, biz torpaqdan boy atıb, torpaqdan ucalmışıq. Torpaq bizim anamız, beşiyimiz və son mənzilimizdir. “Torpaq – uğrunda ölən varsa, Vətəndir!” Deməli, torpağı vətən edən, bayrağını uca tutan onun övladlarıdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yüzlərlə Azərbaycan övladı iştirak edib. Azərbaycanın ermənilər tərəfindən əsir və girov götürülmüş 4459 vətəndaşı, müharibə nəticəsində fiziki sağlamlığını itirmiş 44 mindən çox insan, o cümlədən 22 mindən artıq soydaşımız şəhid olmuşdur. Onlardan 211 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Adları Azərbaycanın qızıl tarixinə əbədi həkk olundu bu vətən övladlarının. Öz icimizdən, öz sıralarımızdan çıxan adi insanlar kimi doğuldular, lakin hər kəs kimi yaşamağı qəbul etmədi bu qəhrəmanlar. Vətənin müdafiəsinə qalxdılar, böyük hünər göstərib Şəhidlik zirvəsinə ucaldılar, hər kəsin qəlbində əvəzsiz taxt quraraq, suveren Azərbaycan, dövlətçiliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verərək, əbədiyyətə qovuşdu onlar. Alı Mustafayev, Yavər Əliyev, Əli Məmmədov, əsl Azərbaycan qadınına xas igidlik və cəsurluq nümunəsi olan Gültəkin Əsgərova, Salatın Əsgərova, qorxmaz, qəhrəmanlıq rəmzinə çevirilən Əlif Hacıyev, Çingiz Mustafayev və s. bu kimi yüzlərlə qəhrəmanlar Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirərək yalnız bir müqəddəs amala sadiq qaldılar: Vətənə, Torpağa, Yurda hədsiz sevgi. Kimisi təyyarəçi, kimisi polis, kimisi siravi əsgər, həkim, jurnalist, operator, dövlət nümayəndəsi- deputat, fərqi yoxdur, torpaq namusunu, torpaq qeyrətini, babaların vəsiyyətini hər şeydən uca tutdu bu igidlərimiz. Lakin bir şeyi unutmaq olmaz ki, “Qəhrəmanlar düşmən gülləsindən ölmürlər, onlar unudulanda ölürlər”.
Məcidov Zakir Nüsrət oğlu. Xalqımızın iftixarı, Vətənimizin fəxridir bu qəhrəmanlarımız. Onlar qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarıdır. Həmyerlimiz Zakir Nüsrət oğlu Məcidov və Xanoğlan Sadiq oğlu Məmmədov Azərbaycanın Milli Qəhrəmanı şərəfli adını daşıyan ləyaqətli oğullardır. Z.Məcidov 1956-cı ildə iyunun 26-da Neftçala şəhərinin Həsənəbad qəsəbəsində Nüsrət kişinin ailəsində anadan olmuşdur. Böyük və son dərəcə mehriban bir ailəsi var idi Nüsrət kişinin. dörd qız və üç oğlan, amma onların arasında həmişə özünəməxsusluğu ilə seçilirdi Zakir. Şən, zarafatcıl, həddən artıq dəcəl olan balaca Zakirin belə xarakteri, hələ erkən yaşlarında ikən itirdiyi, çox sevdiyi anasının xatirələrinə qarışdı. Özünə qapanan Zakirin təbiəti, sanki bir daha coşub-daşmayan, təlatümsüz, sakit dalğalanan dənizə bənzədi. Lakin heç kim bilmirdiki bütün təlatümlər, çalğalı coşqunluqlar onun böyük qəlbinin, mənalı gözlərinin dərinliyində məskən salmışdı. Bunu ancaq Vətənimizi mənfur düşməndən qorumaq üçün məğrur şahin tək döyüş meydanına atıldıqdan sonra anladı onu tanıyanlar. Z.Məcidov orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, 1974-cü ildə Ryazan vilayətinin Sasova şəhərində Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdu. Bu məktəbi 1977-ci ildə bitirərək, leytenant rütbəsi almışdı. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində yay uçuşlarında işləyərək, AN-2 təyyarəsinin II pilotu kimi çalışmışdı. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1982-ci ildə bu təyyarədə komandir təyin olunmuşdu. Daim irəliyə can atan Zakir, bununla kifayətlənmədi, 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk şəhərində Təyyarəçilər məktəbinə baş vurdu və Mİ-2 vertolyotu üzrə 6 aylıq kurs keçdi. Nəhayət, 1985-ci ildən artıq Mİ-2 vertolyotunda heyyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri oldu o. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olur. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda mübarizəyə qalxan Zakir 1992-ci ilin fevralında Azərbaycan hərbi hava hissəsinə üzv yazılır. Bakının Qala qəsəbəsində təşkil olunan Milli Ordunun 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. Öz ekipaji ilə birlikdə dəfələrlə, havada bir-birindən ağır, uğurlu hərbi əməliyyatların keçirilməsində xüsusi bacarıq, strateji əhəmiyyətli düşmən mövqələrinin dağıdılmasında böyük mərdllik göstərdi Zakir. Güclü raket zərbələri ilə erməniləri xeyli canlı qüvvə ilə itkiyə məruz qoydu, düşmənin nə qədər hərbi texnikasını darmadağın edilməsində böyük hünər göstərdi. Bunu görən azğın ermənilər onun başına pul qoydular. Hələ sağlığında ikən əfsanələr danışıldı haqqında. Vertolyotu yüksək bacarıqla idarə edən gənc pilot, çox vaxt alçaqdan sürərək, düşmən gülləsindən yayına bilir, ona tuşlanan raket atəşindən qorunmağa müvəffəq olurdu. Amma təkcə ailəsi bütün bunlardan xəbərsizdi... Zakirin ölüm xəbəri gələnə qədər. 1991-ci ilin noyabırında yenicə ailə qurmuş, lakin bu həyatın səadətini, məsuliyyətini yaşamağa, yeni evinin istiliyini dadmağa macal tapmadı bu qəhərəman əsgər, Sevimlisi olduğu hər kəsin- bütün yaxınlarının, qohum-əqrəbanın, bacılarının, xüsusən də seçib-sevib ailə qurduğu Lətafətin gözünü əbədi olaraq yolda qoydu Zakir. Ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı. Ancaq hələ dünyaya göz açmadan, namərd düşmən gülləsi sonsuza qədər onu atasızlığa məhkum qoydu. 1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri idi. Həmin gün Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. Növbəti, dördüncü dəfə uçmaq əmri verildi ona. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. O, ailəsini bu sözlərlə inandırmağa çalışar və deyərdi: “Biz təyyarəçilər xeyirxah işlərlə məşğuluq, tanrıya yaxın uçuruq, o, bizi pənahında saxlayır”. Lakin düşmən atəşi ondan da yan keçmədi, döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyyət üzvləri baş komandir Z.Məcidov 36 yaşında, təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı Polovenko Ruslan 32 yaşında və sərrast nişançı-snayperçi, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına həlak oldular. Allah onlara və bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin! Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun adını daşıyır.
Xanoğlan Sadıq oğlu Məmmədov. Xanoğlan Sadıq oğlu Məmmədov 1975-ci il fevralın 13-də Neftçala rayon Cəngən (Beşdəli) kəndində anadan olmuşdur. 1982-ci ildə Cəngən kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1989-cü ildə bu məktəbin VIII sinfini bitirib, Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Burada o, 2 il dülgərlik sənətinin sirlərini öyrənmişdir. Tay-tuşları arasında öz boy-buxunu, qüvvətli, cüssəli görkəmi ilə ilə seçilirdi Xanoğlan. Lakin, fiziki görkəminə rəğmən təbiətcə sakit olan bu gənc, dinib-danışmağı çox sevməz, istəklərini və hiss etdiklərini içində götür-qoy edərdi. Az ömrünün bütün dönəmində o, öz insansevərliyi ilə hər kəsin hörmətini, rəğbətini qazanmışdı və hamı onu mərd insan kimi taniyir, sevirdi. Çox tez köçdü dünyadan Xanoğlan. Sirr saxlayan, mərd insan idi o. Öz arzularını, istəklərini də böyük sirr kimi beləcə özü ilə bərabər apardı bu dünyadan. Ən yaxınları belə, onun gənc qəlbinin təlatümlərini, coşub-çağlayan arzularını bilmədilər. Yalnız birini gizlədə bilmədi Xanoğlan; qəlbinə bütövlüklə hakim olan hədsiz Vətən sevgisini, düşmənə bəslədiyi sonsuz nifrətini. Məharətli ovçu idi Xanoğlan, demək olar ki, onun vurğunu idi. Ovdan o heç vaxt əliboş dönməzdi. Sərrast nişançı olması, onun düşmənlə üz-üzə dayandığı zamanlarda yəqin ki, çox köməyinə gəlmişdi. Lakin, qızğın döyüşlərdə düşmən gülləsindən salamat çıxan Xanoğlan, “özümüzünkülərin” namərd gülləsindən yayına bilmir. Belə ki, o, ömrünün bahar çağında, 20 yaşında Vətənimizi düşməndən qorumaq əvəzinə, onu parçalamağa çalışan, gözünü qan bürümüş qiyamçılarla atışmada həlak olur. Bəli, bu, ürəkləri ağrıdan, hamını sarsıdan acı bir həqiqətdir. Lakin, qəhrəman Azərbaycan əsgəri Xanoğlan Məmmədov, digər silahdaşları kimi bütöv və azad Azərbaycan naminə canını qurban verərək, mərdanə ölümüylə belə, namərd vətən xainlərinə meydan oxuyaraq əbədiyyətə qovuşur. 1993-cü il aprelin 13-də Neftçala rayon hərbi komissarlıqdan hərbi xidmətə çağrılan Xanoğlan, ilk olaraq, xidmətini Sənqəçaldakı hərbi hissədə rabitəçi olaraq başlamışdır. Sonra isə xidmətinə Çuxanlı, Pirişkül, Qalada topçu olaraq davam etmişdir. Dəfələrlə komandirlərindən evə təşəkkür məktubları göndərilmişdi. Doğmalarının xatirələrəri: ”Xanoğlan harda olsa onun insanpərvərliyi hamını valeh edirdi. O, Vətənini, torpağını, ailəsini və qohumlarını çox sevərdi. Hər dəfə evə gələndə ermənilərə nifrət etdiyini deyirdi və onlarla üzbəüz döyüşdə olacağını arzulayırdı. Vaxt gəldi, o, arzusuna çatdı. Onu Kəlbəcərə-Murovdağa göndərdilər. O, Kəlbəcərdən gələndə bu şeiri tez-tez deyərdi:
Duman alıb dağlarımı
Xəzan vurub bağlarımı,
İtirib xoş çağlarımı,
Ana, Murovdan gəlirəm,
Qardan, qırovdan gəlirəm.
X.Məmmədov qanlı Kəlbəcər döyüşlərində böyük mərdliklə döyüşmüşdür. Aranın ilıq iqliminə alışmış gənc, Kəlbəcərin və Murovun qarlı-sazaqlı dağ havasında bərk xəstələnir. Bir müddət qospitalda böyrəklərindən müalicə alır. Həkimlər ona cəbhəyə qayıtmamağı tövsiyə edirlər. Lakin, qəlbi vətən sevgisi ilə tutuşan X.Məmmədov, hünərli gənclik qüruru ilə həkimlərin bu tövsiyyəsinə qəti şəkildə etiraz edərək: ”Müharibə qurtarmamış evə qayıtmaq kişilikdən deyil” demişdir. Və yenidən cəbhəyə yollanmışdır. 1995-ci il mart ayının 13-də onların batalyonu Axstafaya göndərilir. Bəli, təsadüfdənmi, yaxud da alin yazısımı, Xanoğlanın taleyində 13 çox önəmli rəqəm kimi görünür. Doğum tarixi fevralın 13-ü, hərbi xidmətə getdiyi gün aprelin 13-ü, doğma Vətəninə son borcunu vermək üçün göndərildiyi tarix mart ayının 13-ü. Bəlkə hələ nə qədər bilmədiyimiz 13-lər olub onun doymağa macal tapmadığı həyatında. Qazax-Axstafa bölgəsində bir sıra qiyamçılar dövlət əleyhinə çıxaraq Vətən torpağımızı içdən çökəltməyə, onu parçalamağa çalışırdılar. Lakin Xanoğlan kimi qeyrətli oğullarımız sayəsində AMON-çuların dövlətçiliyimizə qarşı törətdikləri qanlı iğtişaşlar yatırılır. “Bu əməliyyatda iştirak etmiş və müstəqil dövlətçiliyimizin, Azərbaycan qanunlarının, qanuni hakimiyyətinin qorunmasında qəhrəmanlıq, cəsurluq göstərmiş, məharətlə əmaliyyat aparmış və dövlət çevrilişi cəhdinin qarşısını almış bütün döyüşçülərə təşəkkür edirəm, bildirirəm ki, bu əməliyyatda fərqlənənlərin hamısı yüksək dövlət mükafatları ilə təltif olunacaqdır”(H.Əliyev). X.Məmmədov 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Mərd əsgər, şəhid Xanoğlan Respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Doğulub boya-başa çatdığı Beşdəli kəndində qəhrəmanın büstü qoyulmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Milli Qəhrəman X.Məmmədovun məzarı Beşdəli kənd qəbiristanlığındadır. Lakin, o və bütün müqəddəs Şəhid ruhlarımız hələ də düşmən tapdağında olan torpaqlarımızı narahat-narahat dolaşır, onun işğaldan azad olacağı günü gözləyirlər. Allah, Vətənimizin hər qarış torpağı üçün canını qurban vermiş bütün Şəhidlərimizə Rəhmət eləsin! İnanırıq ki, şəhidlərimizin müqəddəs qanı yerdə qalmayacaq. Biz, bütün Azərbaycan, birgə birlik, həmrəy olaraq düşmənə qalib gələcəyik. Müstəqil Azərbaycan torpaqlarımızın bölünməzliyi, məhz vətənpərvər insanların gücü, mətanəti sayəsində təmin olunacaq və Vətənimizin inkişaf yolu daim uğurla davam edəcəkdir.