Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti

XX əsrin əvvəllərində insanların maariflənməsi uğrunda mühüm işlər görülmüşdür. Keçmiş ərazi bölgüsünə görə Azərbaycan 17 qəzaya bölünmüşdür. Bu qəzalardan biri də Səlyan (Cavad) qəzası idi. Səlyan qəzasına daxil olan 6 nahiyyənin içərisində yalnız Xıllı (Neftçala ərazisi) nahiyyəsində 1898-ci ci ildə ibtidai (iki sinifli) rus-tatar deyilən məktəb açılmışdı. Burada dərslər rus dilində aparılırdı. Yalnız həftədə bir saat Azərbaycan dilində şəriət dərsləri keçirilirdi. Xalq arasında bu məktəb “üç qulaq” adlanırdı. Təxminən məktəbdə 40-45 nəfər oxuyurdu. Məktəbdə ilk dərslik “Gülüstan” kitabı olmuşdur.
Neftçalada ilk maarif yoluna qədəm qoyan qadınlarımızdan Tura Əsədova, Süsən Abbasova olmuşdur.
1916-cı ildə xalqdan toplanan pullar hesabına Xıllıda birmərtəbəli dövlət binası tikildi və köhnə məktəb buraya köçdü. Məktəbdə milliyəti rus olmaqla iki müəllim işləyirdi. 1917/18-ci tədris ilindən başlayaraq, məktəb ana dilində ibtidai məktəb kimi fəaliyyət göstərməyə başladı. Xıllı məktəbinin direktoru Qori müəllimlər seminariyasını bitirmiş Axundov Əbülhəsən olmuşdu. O, qadınların təhsilə cəlb olunmasında böyük rol oynamış böyük maarifpərvər xadim idi. Həmçinin, ilk dəfə olaraq, o, öz qızlarını məktəbə cəlb etmişdi. Axundov Mirzə Əbülhəsən və oğlu Qulam Axundov Muğanda ilk tarix elmləri namizədi olmuşlar.
Rayonda ikinci açılan 1912-ci ildə cəmi səkkiz otaqdan ibarət ikimərtəbəli məktəb Novo-Vasilyevka kəndində olmuşdur. Məktəbin birinci mərtəbəsi sinif otaqları, ikinci mərtəbəsi isə yaşayış otaqları olmuşdur. 1912-22-ci illərdə məktəb ancaq rus məktəbi kimi fəaliyyət göstərmişdi. Yalnız 1922-ci ildə məktəbə azərbaycanlı uşaqlar da qəbul edilir.
1916-ci ildə Z.O.Qoltuq beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub. 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib.
1940-cı ilin fevralın 11-də Neftçala rayon kimi yaranandan sonra Xalq maarif şöbəsi yaradılmış və onun inzibati binası Bankə qəsəbəsində yerləşmişdir.
Hələ sovet hakimiyyətinin ilk illərində savadsızlığın aradan qaldırılması məqsədilə hər yerdə olduğu kimi indiki Neftçala ərazisində yerləşən yaşayış məntəqələrində bir çox savad kursları açılmışdı. Həmin dövrdə yeni məktəblər tikilmiş, rayonun Bankə, Böyük Oryad, Kürqarabucaq, Xolqarabucaq,
Astanlı, 26-lar, Şirvan Ərəbqardaşbəyli, və s. yaşayış məntəqələrində məktəblər açılmışdı. Bu məktəblərin məzunları içərisində çoxlu elm xadimləri, tanınmış pedaqoqlar, müharibə və əmək qəhrəmanları çıxmışdır.
2007-2008-ci tədris ilində Respublikada keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan müəllimlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 5000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır. Onların arasında Neftçala rayon Qırmızıkənd kənd orta məktəbin dil-ədəbiyyat müəllimi Rühangiz Əşrəf qızı Nəcəfova da olmuşdur.
Hazırda rayonda 53 ümumtəhsil məktəbi var. Rayonda beş məktəbəqədər müəssisə, 16 baxça, bir peşə məktəbi fəaliyyət göstərir.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilən işlər rayonumuzda da öz əksini tapmaqdadır. Belə ki, H.Əliyev fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilib. Bəziləri isə əsaslı təmir olunmuşdur. Son altı ildə Neftçalada dörd yeni məktəb, Mayak-1, Mayak-2, Kürqarabucaq, Xanqışlağı kəndlərində yeni məktəb binaları, 4 saylı məktəbdə dörd əlavə sinif otağı, Yenikənd Körpələr evi-uşaq bağçası tikilmişdir. Rayon 1 saylı və 2 saylı məktəblər də əsaslı şəkildə təmir olunmuş, yeni, müasir avadanlıqlarla təmin olunmuşdur. Bu iki məktəblərdə 2008-ci tədris ilindən vahid məktəbli formasına keçilmişdir.
Elm və təhsilə dövlət qayğısının nəticəsidir ki, 2008-ci il rayonumuzun orta təhsil məktəblərinin məzunları yaxşı nəticələr nümayiş etdirmişlər. Belə ki, respublikamızın ali təhsil müəssisələrinə qəbul olunan abuturientlərdən 227 nəfəri rayonumuzun məzunları olmuşdur. Həsənəbad məktəbinin məzunu olan Həsənov Elvin Abbas oğlu “Prezident təqaüdü”nə layiq görülmüşdür. doqquz nəfəri isə 600-dan çox bal toplamış məzunlardır: Lalə Əsgərova, Flora Bayramova (Həsənəbad məktəbi), Toğrul Xancanov (1 saylı məktəb), Könül Dadaşova, Asiya Əhmədova (Xıllı 1 saylı məktəb), 53 nəfəri isə 500-dən çox bal toplamış məzunlar olmuşdur.2008-ci ildə Azərbaycan Dillər Universitenin tələbəsi Fuad İntiqam oğlu Mənəfov XIII Respublika fənn olimpiadasında alman dili üzrə I yer tutub. 2009-cu ildə neftçalalı məzunlardan 210 nəfəri Respublikamızın ali məktəblərinə daxil olmuşdur.Onlardan iki nəfəri- Bayramov Məmməd Qurban oğlu və Əlizdə Nəzrin 600-dən çox, Rzayeva Solmaz, Bayramzadə Gülər, Əhmədov Gündüz, Məmmədov Xanəhməd, Əliyev Tural, Əbilov Yağmur 550-dən çox bal toplamışlar.35 nəfər isə 500-dən çox bal toplamışdır.
Hər il olduğu kimi bu il də Neftçalalı abituriyentlər ali məktəblərə qəbul imtahanlarınada yüksək göstəricilər əldə ediblər.2010-cı ildə 226 nəfər ali məktəblərə qəbul olunmuşdur.Onlardan 34 nəfəri 500-dən çox, 6 nəfər isə 600-dən çox bal toplamışdır:Quliyev Qurban Rövşən oğlu (şəhər 1 saylı orta məktəb)637 bal, Əliyev Kamran Qəhrəman oğlu (şəhər 1 saylı orta məktəb) 626 bal, Əlizadə Müzəffər İdris oğlu şəhər 4 saylı orta məktəb) 665 bal,Mahmudlu Nuray Elçin qızı (çəhər 4 saylı orta məktəb) 625 bal, Qurbanlı Hikmət Bəhlül oğlu (Xıllı 1 saylı orta məktəb) 662 bal, Kərimli Səyyarə İlham qızı ( II Qaralıorta məktəb) 601 bal.