Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi
"Azərbaycan Kitabxanaları Azərbaycan Xalqının Milli sərvətidir":İ.Əliyev

Kitabxanamız

Elektron Kitabxana

Elektron Kataloq

Tədbirlər

Kitab abidələrimiz

Normativ sənədlər

Biblioqrafik vəsaitlər

Neftçala rayon İcra Hakimiyyəti


Neftçala nefti. Mənbələrə görə Neftçala ərazisində neft hələ qədim zamanlardan məlumdur. Belə ki, ərəb coğrafiyaşünası Əl-İstəkrinin 930-cu ildə yazdığı “Книга путей и царств” əsərində Bakı ilə yanaşı, Muğanda da neft mənbələrinin olduğunu qeyd etmişdi. Mənbələrə görə o zamanlar bu ərazilərdə yaşayan sakinlər qara maye sandıqları nefti Allahın möcüzəsi hesab edirdilər. Və insanlar ondan yalnız müalicə, daha sonralar isə evləri işıqlandırmaq və yanacaq məqsədilə istifadə etmişlər. Faydalı qazınti kimi neftə maraq bu ərazidə XIX əsrin 40–cı illərinə təsadüf edir. Akademik Q.V.Abixin 1849-cu ildə Neftçalanın Babazanan yüksəkliyində yerüstü neft-qaz əlamətlərinin və hidrogen sulfidli isti su bulaqlarını öyrənmiş, 1859-cu ildə II dəfə küryani düzənlikdə və Neftçala yatağında geoloji tədqiqat işləri aparmışdır. 1861-ci ildə həmin ərazilərdə və Xəzər dənizində Kumani adasının əmələ gəlməsi ilə əlaqədar III dəfə tədqiqat işlərini davam etdirmiş və 1863-cü ildə isə tədqiqatlarını “Xəzər dənizində adalar əmələ gəlməsi və Xəzər vilayətində palçıq vulkanları haqqında məlumatlar” adlı əsərində toplayıb çap etdirmişdir. Bundan sonra 1890-cı ildən 1901-ci ilə kimi Qafqaz Dağ-Mədən idarəsinin geoloqlarından A.İ.Sarokin, A.İ.Konşin (“Xəzər sahilinin cənub hissəsindəki mineral bulaqları və neftli sahələrin öyrənilməsi“ (1890)), Barbot-de-Marni (“Xəzər sahili neft yataqlarının müqayisəli oçerki“ (1892)), B.Müller (“Qafqaz vilayətinin faydalı qazıntıları haqqında“ (1890)), N.O.Lebedev və başqaları Küryani ərazilərdə geoloji tədqiqat işləri aparmışlar. Burada XX əsrin əvvəllərində neft sənayesi sahibkarlarından Nobel, Bekkendorf, Putilov və bir çox kapitalistlərin sərmayə qoyduqları neft quyuları qazılmışdı. İlk neft quyusu isə Neftçalada 1872-ci ildə qazılmışdı. Lakin daha ardıcıl və səmərəli neft axtarışı və neft hasilatına olan maraq daha çox sovet hakimiyyəti illərinə təsadüf edir. Belə ki, 1926-cı ildə 1 №-li kəşfiyyat quyusu sənaye əhəmiyyətli neft vermişdir. Beləliklə, bu ərazilərə diqqət və maraq, məhz “qara qızıl” sayılan bu sərvətin mövcudluğu Neftçalanın bir şəhər kimi yaranmasına və formalaşmasına xüsusi təkan vermişdir. Deyilənlərə görə 1923-cü ildə böyük kimyaçı alim Qubkin Neftçala ərazisində geoloji kəşfiyyat işləri apararkən, o vaxt boş, şoran torpaqları göstərmiş və ayaq basdığınız bu yerlərin hər qarışının altı qızıldır, böyük sərvətdir demişdir. O vaxt aparılan kəşfiyyatlar nəticəsində az dərinlikdən belə neft yataqları tapılmışdır. 1937-ci ildə geniş axtarış–kəşfiyyat işləri neft yatağının kəşfi ilə nəticələndi. Beləliklə, Neftçalada “Neftçalaneft” NQÇİ yaradıldı. Hansısa səbəblərdən 1963-1992-ci illərə qədər bu müəssisə bir neçə dəfə Salyanneftlə birləşdirilib ayrıldıqdan sonra, nəhayət 1994-cü ildə Neftçala NQÇİ bazasında Anşad-Petrol (Azərbaycan Neft Şirkəti Atilla Doğan-Petrol) müştərək müəssisəsi yaradıldı. Hazırda “Anşad-Petrol” Neftçala ərazisində kəşfiyyat-istismar işləri aparmaqla yanaşı, rayonun qaz və su təhcizatını da təmin edir. Neftçala yatağından əsasən, parafinsiz, qətransız, yüngül fraksiyanın çoxluğu ilə fərqlənən yüksək keyfiyyətli neft alınır.


* * *

Yod-Brom. 1927-ci ildə 5 saylı quyu 50 metr dərinlikdən neftlə birlikdə duzlu su fontan vurdu. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar oldu. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlandı. Həmin illərdə quyular şəklində ilkin yod zavodu tikildi. 1931-ci il aprelin 28-də ilk məhsul 1500 kq Neftçala yodu Bakıya göndərildi, ordan da Moskvaya daşındı. 1932-ci il mayın 1-də “1 May” adına Yod zavodu əvvəllər 26 Bakı komissarı adına qəsəbədə-indiki Mirqurbanlı kəndində tikilib istifadəyə verilmişdi. 1950-1955-ci illərdə Xəzər dənizi sahilində yeni yataqlar yodlu-bromlu su yataqları kəşf olundu. Sonradan 1984-cü ildə Xəzər sahilində əvvəlkindən 4 dəfə güclü yeni Yod-Brom zavodu tikilib istifadəyə verildi. Sovetlər İttifaqının dağılmasından sonra məlum iqtisadi, siyasi problemlər üzündən bu zavod da iflic vəziyyətə düşdü və yalnız 2004-cü ildən burada həmin baza əsasında tikinti-quraşdırma işləri aparıldı, 2007-ci ildə Azər-Yod MMC rəsmi şəkildə fəaliyyətə başladı. Burada istehsal olunan texniki yod, kristal yod və dəmir bromid duzu ölkəmizdə və xarici bazarda uğur qazanmışdır.


* * *

Neftçala Şüşə zavodu. MMC - şüşə emalı zavodu «AzəriYod» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində fəaliyyətə başlayıb. Ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək.


* * *

Bankə balıq kombinatı. XIX əsrin əvvəllərində indiki Tataraməhlə kəndi ərazisində o zamanın sənədlərinə görə “Boji promısel” (Allah mədəni) kimi təqdim olunan məşhur balıqçılıq müəssisəsi vardı.Tacirlər burda duzlanmış balığı və emal olunmuş kürünü Kürdən Xəzərə hərəkət edən gəmilər vasitəsilə daşıyırdılar. Bu müəssisə Həştərxandan gəlmiş hindistanlı Sobra Maqundasov tərəfindən 10 il müddətinə icarəyə götürülmüşdü. Burda qulluqçular üçün tikilmiş binalar,xəstəxana,balıqçılıq ləvazimatları satılan mağaza və sairədən ibarət olan şəhərcik var idi. 1826-1827-ci illərdə İrandan edilən basqınlar zamanı vətəgə dağıdıldı və S.Maqundasov bu işdən əl çəkdi. Ötən əsrin ilk onilliyinin ortalarında vətəgədə dəhşətli yanğın baş verdi və nəticədə bütün vətəgələr öz inzibati idarə,yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürüldü.Uzun illər balıqçılığın mərkəzi hesab olunan “Boji promısel” 1841-ci ildə öz iqtisadi funksiyasını Bankə Balıq Kombinatına verdi .Beləliklə, Bankədə balıqçılıq sənayesinin vüsəti “Boji Promıselin” tənəzzülündən sonra başlayır. ötən əsrin əvvəllərində H.Z.Tağıyev Bankə vətəgələrini icarəyə götürmüşdü. Sosialist inqilabından sonra yaradılan Bankə Balıq Kombinatı və Balıq Zavodu uzun illər Azərbaycanda balıqçılıq şöhrətinin daşıyıcısı olmuşdur. XX əsrin 30-cu illərində Neftçala “Kür Balıqçılıq rayonu” kimi dünya bazarında ehtiyac duyulan balıq, kürü kimi nemətlərin ixrac mərkəzi kimi məşhurlaşdı. 40-cı illərin sonunda Bankənin iqtiisadi göstəriciləri rekord həddə çatdı.Müharibədən əvvəl və sonra rayonumuzda 4 balıqçılıq kolxozu olub: Kurkosada “Volna”, Prorvada Kalinin, Z.O. Qoltuqda “Stalin”, N.O.Qoltuqda “Beriya”adına kolxozlar. XX əsrin əvvəllərində balıq məhsullarının şöhrəti ilə dünyanı cəzb edən ərazimiz əsrin sonlarında ötən onillərin şöhrəti haqqında kədərli xatirələrlə yaşadı,nohur balıqçılığının inkişafına ümid bağladı. C.Cavadov adına Kürağzı Nərə Balıqyetişdirmə Zavodu və Kür təcrübi nərə balıqartırma Zavodu uzun illərdir ki, Xəzər dənizində nəsli kəsilməkdə olan nadir balıq növlərinin süni yolla artırılması ilə məşğul olur. 150 il əvvəl balıqçılıq şöhrəti ilə dünyanı heyran qoyan Tataraməhəllə ilə üzbəüz “Xıllı-Nərə” Balıqartırma Zavodu 2003-cü il oktyabrın 1-də istifadəyə verildi.Müasir texnoloji əsaslarla tikilən bu zavod təkcə rayonumuzun deyil, həm də respublikamızın iqtisadi mənzərəsində iftixar nöqtəsi kimi həmyerlilərimizi duyğulandırır.Xəzəryanı ölkələrin heç birində bənzəri olmayan bu müəssisə ildə 15 milyon - dörd növ nərə cinsli balıqlar körpəsi yetişdirib dənizə buraxmaqla ölkəmizi balıqçılıq sahəsində lider səviyyəsinə yüksəldəcəkdir.



* * *

Xıllı Nərə balıqartırma zavodu. Xəzər dənizinin bialoji resurslarının ehtiyatlarının idarə olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Milli Proqram tərtib edilmişdir. Milli Proqramında müəyyənləşdirilmiş istiqamətlərə müvafiq olaraq Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiyasiyası arasında imzalanmış “İnkişaf üçün kredit Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Ulu Öndər cənab Heydər Əliyevin 1998-ci il 28 sentyabr tarixli, 898 saylı Sərancamına və həmin Sazişin şərtlərinə əsasən Respublikada Təxirəsalınmaz Ekoloji İnvenstisiyalar Layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji layihələr həyata keçirməyə başlanmışdır. Dünya Bankı tərəfindən maliyyələşdirən “təxirəsalınmaz ekoloji investisiyalar” layihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə 2003-ci ildə tikilib istifadəyə verilmişdir. Zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Müasir tipli avadanlıqlarla təchiz olunmuş Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün – bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə 34,7mln. ədət müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilmiş, standart ölçü və kütləyə malik olduqdan sonra (1,0-1,2 g) Kür çayının mənbəsinə buraxılmışdır. Xıllı Nərə Balıq artırma zavodunun əsas fəaliyyəti nərəkimilərin artırılmasında qəbul olunmuş ümumi prinsiplər əsasında qurulmuşdur.Bunlar aşağıdakılardan ibarətdir:
• Xüsusi balıqovlama vətəqələrində ovlanmış nərə cinsli törədici balıqların nəqliyyat vasitələrilə zavoda daşınması
• Cinsi yetişkənlik həddinə çatmış balıqların müvafiq hormonal preparatla inyeksiya vasitəsilə stimullaşdıırılması
• Müxtəlif üsullarla cinsi məhsulların alınması...................................................................................................
• Kürünün mayalanması və yapışqan maddədən təmizlənməsi.......................................................................
• İnkubasiya prosesi......................................................................................................................................
• Sürfələrin və körpələrin böyüdülməsi........................................................................................................

Eyni zamanda təmir-törədici fondunun yaradılması məqsədilə Xıllı Nərə Balıqartırma zavodunda 2004-cü ildən elmi-praktiki təcrübələr həyata keçirilir.
Hazırda zavod şəraitində süni yolla alınmış 4000 ədədə qədər müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır.



Bölgə (Huso-Huso). Bölgə Xəzərdə əsasən Volqa, Ural və Kür Çayları ilə əlaqədar 3 böyük sürü ilə təmsil olunur. Ən iri çəkiyə malik olan nərə cinsli balıqdır. Keçən əsrin əvvəllərində təsadüf edilən və uzunluğu 4-5 m çəkisi isə 841-1004 kq olan bölgələrin tutulması haqqında məlumatlar var. Bu cür balıqların yaşı 100-120 çata bilir. Bölgə tez inkişaf edən növdür. Erkəklər 13 yaşında dişilər isə 18 yaşında cinsi yetişkənliyə çatırlar. Ölçülərindən və yaşından asılı olaraq hər dişi fərdin məhsuldarlıq 150-2250 min ədəd kürü təşkil edir.






Uzunburun (Acipencer stellatus). Uzunburun Xəzərdə iki forma ilə təmsil olunur. Bunlar Şimal və Cənub formalarıdır. Bu balıq Xəzər dənizinə endemik olan və keçici nərə cinsli balıqlar arasında ən kiçiyidir. Cinsi yetişkənliyə çatmış balıqların çəkisi 1,1-54 kq, uzunluqları isə 86-120 sm olur. Bəzi erkək fərdlər 8 yaşında cinsi yetişkənliyə çata bilir.









Nərə (Acipencer Guldenstandti). Nərə Xəzərdə 3 növ müstəqil sürü ilə təmsil olunur: a)Şimal və yaxud Volqa sürüsü; b) Fars sürüsü; c)Kür sürüsü. Dənizdə nərələr əsasən 50 m qədər dərinlikdə yaşayır və üstünlüyü orta və Cənub Xəzəri isti 10-20°C olan sularına verir. Ölçüləri 105-224 sm və çəkisi 9-73 kq–a çatır. Cinsi yetişkənliyə çatmış balıqların yaş intervalı 8-48-ə qədər ola bilir. Balığın məhsuldarlığı 84-873 min ədəd arasında dəyişir.








Kələmo (Acipencer Nudiventtris). Kələmo keçici balıqlara aiddir.Əslində kələmonun nəsil artırmaq məqsədilə çaylara girməsi il boyu müşahidə olunur, amma bu prosesin əsas pik nöqtələri çayda suyun hərarətin 7,4-16,4°C olan mart-aprel və suyun hərarətinin 12,1-17,9°C olan oktyabr-noyabr aylarına təsadüf edir. Kür çayına girən Kələmoların ölçüləri 104-221 sm, çəkisi isə 5,4-78,4 kq arasında dəyişir. Bu növün cinsi yetişkənliyə çatmaq müddəti erkəklərdə 9-13, dişilərdə 14-19 ildir.Kələmonun mütləq məhsuldarlığı 280-1290 min ədəd kürü dənəsi təşkil edə bilir.






Mayalanma və İnkubasiya (Fertilzation & Incubation). Alınmış kürü xüsusi gilli məhlul (1l suda 50 qr gil) əlavə olunaraq “Barbotaj” aparatına qoyulur və 45-60 dəq ərzində yapışqan maddədən ayrılmaq üçün yuyulur. Kürü yuyulduqdan dərhal sonra emallaşdırılmış qablara tökülür. Bir kürülü fərdin kürüsünü mayalandırmaq məqsədilə üç erkəkdən maya alınır. Alınan cinsi məhsullar, 1kq kürüyə 10 ml3 maya nisbətində, 5 dəq. ərzində ehtiyatla qarışdırılaraq mayalandırılır. Mayalanmış və yuyulmuş kürü inkubasiya sexinin C bölümündə quraşdırılmış 8 ədəd “Osetr” tipli və 1 ədəd “MC Donalds” tipli inkubatorlara yerləşdirilir, balığın növündən və suyun hərarətindən asılı olaraq 3-7 gün ərzində inkubasiya edilir. Alınmış süfrələr dairəvi hovuzlar sexində diametri 2 m olan 252 sayda plastik hovuzlara yerləşdirilir. Sürfələr şərti körpə çəkisinə (100-150 mq) çatdıqdan sonra diametri 4 m olan 196 ədəd dəmir-beton hovuzlara köçürülür. Körpələr normativ-buraxılış çəkisinə törədicilərin daşınmasında nəqliyyat vasitələri ilə Kür çayının mənsəbinə buraxılır.