|
Bura Vətəndir
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.
Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.
Bu inkişaf Azərbaycanın şəhər və rayonlarına da öz müsbət təsirini göstərmiş, bir çox turizm mərkəzlərinin açılmasna təsir göstərmişdir.
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır. Bu səhifədə biz turizmin daha çox inkişaf etdiyi mərkəzlər haqqında az da olsa məlumat verib, oxucuları bu səfalı guşələrə dəvət edirik.
Bakı
Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.
Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.
Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.
Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.
Gəncə
Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Gəncə-Qazax ovalığında, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın tarixində mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişdiyi yerdə salınmışdır. Yolçular burada dayanıb dincəlir, əcnəbi alimlər bir-biri ilə söhbət edirdilər. Gəncənin zəngin tarixinin səhifələrini vərəqlədikcə bu tarixin hər bir sətrində qədim şəhərin izlərinə rast gəlir, onun səsini eşidir, nəfəsini duyuruq.
Gəncənin yaranma tarixi barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər bu şəhərin eramızdan əvvəl yaranmasını, digərləri isə onun əsasının erkən orta əsrlər dövründə qoyulmasını iddia edirlər.
XII – XIII əsrlərdə Gəncə Atabəylər dövlətinin ikinci paytaxtı olmuşdur. Bu dövrü Gəncənin çiçəklənmə dövrü adlandırmaq olar. Gəncədə istehsal edilən mallar ölkənin hüdudlarından çox-çox kənarda da məşhurlaşdığına görə bu şəhər «Arran şəhərlərinin anası» səviyyəsinə yüksəlmişdir.
Bu şəhərdə «Gəncə ipəyi» adlı parça qonşu dövlətlərin və Orta Şərq ölkələrinin bazalarında çox yüksək qiymətləndirilirdi.
Dahi Nizaminin, şairə Məshəti – xanımın, Mirzə Şəfi Vazehin vətəni, qədim mədəniyyətə malik olan gəncə şəhərində çoxsaylı memarlıq abidələri var. Onlardan biri Gəncənin Cümə məscididir. Görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazeh Cümə məscidinin nəzdindəki mədrəsədə dərs demişdir. Şeyx İbrahim məqbərəsi də öz ilkin gözəlliyini qoruyub saxlanmışdır.
Şəhərdə daha bir neçə qədim məscid var: Qızılhacılı məscidi, Ozan, Balabağbanlı, Şərəfxanlı, Şahsevən və başqa məscidlər. Qədim memarlıq abidələri arasında aşağdakıları qeyd edə bilərik: böyük və kiçik körpülər (XII əsr), Darısultan sarayı (XII əsr), qüllələr, mədrəsə, hamalar, karvansaralar və İmamzadə tikililər kompleksi (XVI əsr). Göy günbəzli bu gözəl bina İmam Bəcirə ibn İbrahimin məqbərəsi kimi tikilmişdir. Azərbaycan Demokratik Respublikasının ilk parlamentinin binası da maraq doğurur. Hazırda bu binanın qarşısında böyük şəhər parkı salınmışdır. XVI əsrə aid qala divarlarının qalıqları da buradadır. Şəhər hamamlarının diqqəti cəlb edən günbəzləri uzaqdan seçilir. Onların yaxınlığında Cavad xanın məzarı yerləşir. Qədim abidələrdən biri də Aleksandr Nevski kilsəsidir (indi həmin binada kukla teatrı yerləşir).Yerli sənətkarların möcüzəsi sayılan 2 mərtəbəli butulka-ev böyük marağa səbəb olur. Bu binanın tikilməsi üçün 50.000 şüşə butulkadan istifadə edilmişdir. II dünya müharibəsində həlak olmuş ailə üzvünün portreti binanın bədii tərtibatının bir hissəsidir.
Gəncənin mərkəzindən 6 km şərqdə qədim Gəncənin xarabalıqları qalmışdır. Şəhərin tarix muzeyi və akademiya muzeyi Gəncənin tarixi inkişaf yolundan söhbət açır. Gəncəyə getmək və dahi şair Nizaminin məqbərəsini ziyarət etməmək heç cür mümkün deyil. Mərmərdən düzəldilmiş bu monumental abidənin hündürlüyü 20 m-dir. Abidənin arxa tərəfində metaldan tökülmüş fiqurlarda Nizami əsərlərindən ayrı-ayrı sujetlər təsvir edilir. Gəncədəki şəhər muzeyi, təsviri sənət qaleriyası və poeziya teatrı Nizaminin adını daşıyır.
Gəncədən 25 km cənubda, Murovdağın şimal yamaclarında, dəniz səviyyəsindən 1566 m yüksəklikdə gözəl Göy-göl yerləşir. Bu yerlərin nadir təbiətini, flora və faunasını qoruyub saxlamaq məqsədilə 1965-ci ildə Göy-göl qoruğu yaradılmışdır. Qoruğun ərazisində təbiət muzeyi var. Bu gölün ətrafındakı Hacıkənd kurort zonası yay vaxtı sevimli istirahət yeridir. Hacıkənddə bir neçə turist bazası, istirahət evi və pansionat fəaliyyət göstərir. Turist marşarutlarından bir neçəsi bu yerlərdən keçir. Gəncədən 45 km aralıqda yerləşən Maral-göl də çoxlarının istirahət yeridir.
Xaçmaz
Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Belə güman edirlər ki, «Xaçmaz» adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə «Xaçmaz» şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçüb getmiş və orada Xaçmax adlı kənd və eyni adlı qala tikmişlər.
Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmiş. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur «Baba əl Əbvab» («Dəmir darvaza», «Dərbənd qapıları») istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi daynmışdır.
Rayonda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoljci abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır.Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbələdəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruq – oba, Qalağan, Uzun – oba, Tağar – oba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. XX əsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi də maraq doğurur. Bu tikililər indi də texniki cəhətdən yaxşı vəziyyətdədir.
Ölkədə çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonun ərazisindədir. Burada qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, ən tələbkar turistləri də razı salacaq şəraitə malik olan istirahət evləri tikilmişdir.
Quba
Quba rayonun ərazisi böyük Qafqazın şimal-şərq yamaclarından başlayaraq, Samur – Dəvəçi ovalığına qədər uzanır. Rayonda şəfalı guşələr çoxdur: Balbulaq, Qızbənövşə, Qəçrəş dərinliyi 400-600 metrə çatan Təngəaltı yarğanı, Afurca çayının yaxınlığında hündürlüyü 75-80 metrə çatan əzəmətli şəlalə və s. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaratmışdır. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub Minarə forması almış fiqurdur.Rayon ərazisində iki süni göl var. Zəngin floraya və faunaya malik olan bu rayonda heyvan və balıq ovu üçün yaxşı imkanlar var.
Ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Quba rayonu özünün məşhur alma bağları ilə tanınmışdır. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətiri hər tərəfə yayılır. Qubanı bəzən «alma bağı» adlandırırlar.
Quba rayonu Azərbaycana gələn turistlərin ən çox xoşladığı bölgələrdən biridir. Afurca kəndi və onun məşhur şəlaləsi isə illər boyu bakılıların sevimli istirahət yeri olmuşdur. Bu rayona səyahətə çıxan turistlər hökmən Təngəaltı yarğanına tamaşa edir, sonra isə bulanıq sulu Vəlvələçaydan keçərək Kunxırt şəlaləsində baxmaqdan zövq alır, daha sonra ötən əsrin 40-cı və 50-ci illərdən rayon mərkəzi olmuş Qonaqkəndə, təkrarolunmaz gözəlliyilə tanıan Noğurdüzü, Yerfi kəndlərinə üz tuturlar.
Bir qədər də yuxarıda, Xaçınçay sahillərində kükürdlü su bulaqları yerləşir. Buradakı dar yarğandan çıxan qaynar sular müalicəvi əhəmiyətə malikdir. Burada qayalarda çapılmış 3 vannadan ibarət olan sanatoriyaya bənzər bir tikilini kimin inşa etdiyi indi heç kəsin yadına gəlmir. Hər birinin ölçüsü 2x3 m olan bu vannaların dövrəsinə daş divar çəkilmiş, üstü isə ağac gövdələrindən düzəldilmiş talvarla örtülmüşdür. Bu daş vannalar müalicə proseduraları qəbul etmək üçün o qədər münasibdir ki, hətta şəhər sivilizasiyasını görüb bir qədər şıltaqlaşmış turistlər də orada vaxtlarını məmnuniyyətlə keçirirlər. Ümumilikdə, Quba rayonuda 70-yaxın təbiət abidəsi mövcuddur. Bunlardan “Gəlin qayası”, “Qızıl qaya”, “Gülcahan daşı”, “Xatadərə”, “Cəfər dərəsi”, “Nənə-huy dərəsi”, “Xan bulağı”, “Daş gəlinlər”, “Ağacda ev”, “Atəşgah”, “Xaltan suyu”, “Xaşi isti suyu”, “Sona bulağı”, “Qırxbulağ”, “Xan çinar”, “Yol gözətçisi”, Pirit çökəkliyi, Palıd meşəsi, Qızılağac meşəsi və s. kimi təbiət möcüzələrini göstərmək olar. Xınalıq kəndində atəşpərəstlər məbədi (IX əsr), Ağbil kəndindəki səkkizguşəli məqbərə (XVI əsr), yerli əhali arasında müqəddəs sayılan Pirbənövşə ziyarətgahı yəqin ki, turistləri çox maraqlandıracaqdır.
Lənkəran
Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.
Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
Rayonun inzibati mərkəzi – yaşallağı qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası «lövbər yeri», yəni «liman» demək idi.
Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.
Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı –məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.
Lerik
Talış dağlarının zirvəsində Azərbaycaınn ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Burada adama elə gəlir ki, əlini uzatsa göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, yaşıl meşələr, büllur kimi saf sulu çaylar və şəlalər, təmiz hava və bərəkətli torpaqlar…
Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi,Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələ baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir etmişdir. Lerik həmişə uzunömurlulər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.
Rayonun inzibati mərkəzi – Lerik şəhəri uca dağlar və münbit düzənlik ərazi arasında yerləşir. Burada Siz yerli diyarşünaslıq muzeyinə getmək və Qarabağ müharibəsi şəhidlərin xatirəsinə ucaldılmış memoriala baxmaq imkanı əldə edəcəksiniz.
Masallı
Masallı rayonu Bakıdan cənuba – Lənkəran və İrana gedən əsas yol boyunca yerləşən kənd təsərrüfatı rayonudur. Antik dövrdə bu ərazi Manna və Atropatena dövlətlərinə məxsus olmuşdur.
Rayonda müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları çoxdur. İstisu mineral bulağı dağların mənzərəli bir guşəsindədir. Yay vaxtı buraya gələnlər xüsusilə çox olur. Onların arasında sadəcə olaraq təbiətin gözəlliklərndən zövq almaq üçün buraya üz tutanlar da olur, revmatizm xəstəliyindən əziyyət çəkdiklərinə görə müalicə üçün gələnlər də. Qaynar sulu kiçik şəlalə və asma körpü buranın gözəl mənzərəsinin doğurduğu təəssüratı daha da zənginləşdirir.
Rayonun inzibati mərkəzi Masallı şəhəridir. Bu şəhərin adı bir vaxtlar orada yaşamış masal qəbiləsinin adı ilə bağlıdır. Tarix – memarlıq abidələrindən salamat qalanlara misal olaraq, XIX əsrdə tikilmiş hamam və məscidi, Ərkivan qülləsini, Boradigah və Digah kəndlərindəki məscidləri (XV əsr), Seyid Sadıx türbəsini göstərmək olar. Masallı – Lənkəran yolu boyunca Qızılağac qoruğu yerləşir.
Şəhərdəki tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasına tamaşa etmək, ənənəvi xalq sənəti məmulatları ilə tanış olmaq turistlər üçün maraqlı olar. Musaküçə kəndində toxunan həsirlər, Tükoba kəndində hazırlanan baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məhsulları, dağ kəndlərində xalçalar, corablar, əlcəklər, Qəriblər, Kolatan və Sığdaş kəndlərində isə milli naxışlarla bəzədilmiş ağac məmulatları bu qəbildəndir.
Masallı şəhərinin kənarında sıx meşənin içində kiçik bir göl var. Bura yerli sakinlərin və qonaqların çox xoşladığı istirahət yeridir. Maraqlı səyahətlərdən sonra Azərbaycan mətbəxinin dadlı, adamı iştaha gətirən fincan, ləvəngi və başqa nemətlərini dadmaq yerinə düşər.
Qazax
Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. Tarixdən məlumdur ki, VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd «Kasal» adlı yaşayış məntəqəsi salınmışdır. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olması qeyd edilir.
Qazax rayonunda qədim memarlıq abidələri çoxdur: Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qıraq Kəsəmənli kəndindəki dairəvi qüllə (XVIII əsr), Qazax şəhərindəki məscid, Poylu kəndində XIX əsr məqbərələr qrupu, Qatır körpüsü, Qızılhacılı körpüsü, Kazım körpüsü (hamısı XV əsrə aiddir), Xramçay üzərindən salınmış Qırmızı körpü və ya Sınıq körpü (XII əsr). Günəşin qızıl rəngli al şüalarında bərq vuran «Qızıl qaya» baxanları valeh edir. Vaxtilə bu qayanın zirvəsində Koroğlu qalası və ya Didivan qalası olmuşdur (VI-VII əsrlər).
Rayon ərazisində diqqəti cəlb edən maraqlı yerlər arasında Daş Salahlı kəndinin yaxınlığında Avey dağında yerləşən mağaraları xüsusilə qeyd etmək olar. Arxeoloqlar burada qədim insan məskənləri, əmək alətləri və silahlar aşkar etmişlər.
Rayonun inzibati mərkəzi – Qazax şəhəri Respublikanın qərbində yerləşən iri şəhərlərdəndir. Qazax Azərbaycanın bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir. Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və başqaları bu diyarda doğulmuşdur. Port – Arturun müdafiəsinin iştirakçısı, məşhur general Əliağa Şıxlinski də Qazaxda anadan olmuşdur. Azərbaycanda ilk müəllimlər seminariyası 1918-ci ildə Qazaxda açılmışdır.
Qazaxda gözəl bir məscid, qədim, lakin hələ də fəaliyyətdə olan hamamlar var. Şəhərdə bir neçə park, mədəniyyət evi, zəngin ekspozisiyalı muzey fəaliyyət göstərir. Buradakı atçılıq müəssisəsində məşhur diliboz cinsli atlar yetişdirilir.
Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirir.
Qazax aşıqları bütün Azərbaycanda məşhurdur və hər yerdə onlara hörmət göstərilir. Baharın gəlişini bildirən Novruz bayramı ilə bvğlı bütün adətlər və mərasimlər Yuxarı Salahlı kəndində xüsusi qayğı ilə qorunub saxlanılır. Bu bayram günlərində oraya gələn qonaqlar indi də qədim dövrdcə olduğu kimi yazın əvvəlində gecə ilə gündüzün bərabərləşməsinin qeyd edilməsinin şahidi olurlar.
Qobustan
«Qobu» sözü – dərə, yarğan mənasında işlənir. Bahar fəslində bura əsl cənnətə dönür – al – qırmızı lalərin, rəngbərəng çobanyastığı, qaymaqçiçəyi və başqa çöl çiçəkləinin ətri adamı məst edir. Qobustan rayonun inzibati mərkəzi olan Mərəzə qəsəbəsi Mərəzə yaylasının mərkəzi hissəsində, əsas magistral yolun kənarında yerləşir. Deyilənlərə görə, bu yerin «Mərəzə» adlanmasının qəribə bir tarixi var. Vaxtilə bir kişinin çox sevdiyi arvadı xəstələnir. Əri onu bu mərəzdən (xəstəlikdən) xilas etmək üçün onunla bərabər gəlib burada məskunlaşır və qadın sağalır. Mərəzə qəsəbəsinin yaxınlığında olan mağara labirintləri turistləri çox maraqlandırır. Yeraltı keçidlər və lağımlar vasitəsilə bir-biri ilə əlaqələndirən bu labirintlər hələ orta əsrlərdə tikilmiş bütöv bir qaleriyalar sistemidir.
Mərəzə yaxınlığında şor sulu mineral bulaq da var.
Qobustan rayonunda çoxlu tarixi abidələr qorunub saxlanır. Onlardan ən mühümləri – Diri baba məqbərəsi (1402-ci il), Şah Abbas karvansarası, Şeyxbərgü abidələri, Şeyx düzükurqanlarıdır.
Şeyxbərgü abidələri – bizim eradan əvvəl I əsrdən bizim eranın VIII əsrinə qədər Şamaxı ilə Təbrizi birləşdirən ticarət yollarında mövcud olmuş insan məskənlərinin qalıqlarıdır. Dağ kolanı kəndinin yaxınlığında yerləşən bu xarabalıqlar arxeoloqlar tərəfindən 1961-ci ildə aşkar edilmişdir.
Şeyx düzü kurqanları tarixən Şıx düzü adlanan ərazidə yerləşən üç kurqandan ibarətdir.
Qobustan rayonu Şirvanın xalçaçılıq mərkəzlərindən biridir. «Mərəzə», «Nəbur», «Çuxanlı» və «Cəmcəmli» adlanan yerli xalçalar çox məşhurdur.
Şəki
Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Şəki şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.
Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulmuşdur. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınmışdır. Qədim Şəki ticarət yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Böyük İpək Yolu bu ərazidən keçdiyi dövrdə buralarda necə canlanma yarandığını təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi.
1826-cı ildə A.S.Puşkinin dostu general N.Rayevski bu diyarda olandan sonra qohumlarına yazdığı məktubda buranı belə təsvir etmişdir: «Mənim keçib getdiyim diyar adamı heyran edir. Düşərgəmiz nar, çinar və başqa ağaclar bitən meşədədir. Nuxa əsl möcüzədir. O, Bağçasaraydan qat-qat üstündür… Burada bu diyarın keçmiş xanlarının sarayı var. Bu saray o qədər gözəldir ki, Bağçasaray onunla müqayisədə çox zəif təsir bağışlayır». Şəki ərazisində çoxsaylı arxeoloji abidələrin olması onun çoxəsrlik tarixə malik olduğuna sübutdur. Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qotur təpə adlı qədim məskən, Salman dərə (tunc dövr), Dəhnə kəndindəki qüllə və s.
Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı (1762-cı il) turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir.
Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində “Gələrsən – görərsən” qalasının xarabalıqları vardır. Bir vaxtlar düşmənlər üçün əlçatmaz olan bu qala şəhərin gəliş-gediş yollarını qoruyurdu. Qalanın müdafiəçiləri yadelli işğalçılara qarşı mübarizə tarixinə çox rəşadətli səhifələr yazmışlar. Təsadüfi deyildir ki, Lev Tolstoyun məşhur «Hacı Murad» povestində təsvir edilən hadisələrin Şəki qalasında baş verməsi yazılır. Şəhərin lap girəcəyində burada döyüşlərin birində həlak olmuş Hacı Muradın məzarı var. Buraya gələn turistlərə həmin məzarı hökmən göstərirlər.
Rayonda başqa qədim abidələr də var. Onlara misal olaraq bir neçəsinin adını çəkək. Kiş kəndindəki qədim alban kilsəsi I-II əsrlər). Bu məbəd Kiş adlı dağ çayının sahilindədir. Məbədin binası xalq arasında «şirima» deyilən iri daşdan tikilmişdir. Orta Zəyzid kəndindəki kilsə də (VI-VII əsrlər) elə həmin daşdan tikilmişdir. Kiş kəndindəki Qızlar qalası adlı qüllə IV-V əsrlərə aiddir. VI əsrə aid Cavur qülləsi, XVIII əsrə aid Gileyli məscidinin minarəsi, Şəki şəhərində M.F.Axundovun ev muzeyi, Şin kəndindəki orta əsrlərə aid Şinaz qülləsi, rayonun müxtəlif kəndlərində XIX əsrdə tikilmiş çoxsaylı məscidlər bu qəbildəndir.
Şəkinin özünəməxsus və zəngin mətbəxi var. Görünür, bu yerin sakinlərinin mehribanlığı və şən əhvalı onların şirniyyatı çox sevməsi ilə bağlıdır. Şəkiyə gələnlər qırmabadam, zilviyyə, qoz və düyü unundan bişirilmiş paxlava, nabat, adamın ağzında əriyən şirin pəşvəng halvası və başqa məşhur Şəki şirniyyatını dadmaqdan özlərini saxlaya bilməyəcəklər. Bu sadaladığımız şirniyyat növləri və məşhur Şəki halvasının ətri bütün şəhərdə duyulur.
Şəkidən söz düşəndə bu şəhərin daha bir əlamətdar cəhəti – Şəki yumoru barədə susmaq olmaz. Hər il aprel ayının 1-də “Gülüş günü” keçirilir. Axşam saatlarında Şəkinin küçələrində tələsmədən gəzməyə çıxsanız və şəkillərin özünəməxsus ləhcəsinə diqqətlə qulaq assanız görəcəksiniz ki, sizi əhatə edən insanlar xoş və xeyirxah niyyətli adamlardır.
Bənzərsiz təbii gözəlliyi, gözəl abidələri, zəngin ənənələri və özünəməxsus mədəniyyəti, yerli sakinlərin qonaqpərvərliyi və incə yumor hissi ilə ad çıxarmış qədim Şəkinin üstünlükləri siyahısına bu yaxınlarda ucaldılmış gözəl Olimpiya İdman Kompleksini də əlavə etmək olar.
Şamaxı
Şamaxı rayonu Şirvanın özəyi sayılır. Rayonun mərkəzi Şamaxı şəhəri hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi. Burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikililərin qalıqları və tapılan əşyalar göstərir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. Qədim yunan tarixçəsi Ptolomey Qafqaz Albaniyasının şəhərləri sırasında Şamaxının da adını çəkir. Şamaxını bağları və ipək parçaları qədimdən məşhurdur. Burada müxtəlif sənət növləri geniş yayılmışdı. Misdən döyülmüş naxışlı məmulatlar, yüksək bədii keyfiyyətlərə malik bəzək əşyaları və ev müxəlləfatı çox ustalıqla hazırlanırdı.
Şamaxı şəhərinin yarandığı vaxtdan keçən əsrlər boyu onun adı dəfələrlə dəyişmişdir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mənbələrdə bu diyarın adı Şirvan, Sarvan, Xairvan, Əşşmax, Şax-max, Şamux və başqa şəkillərdə göstərilir. Bu fərziyyəyə görə Şamaxı adı «şah» (böyük) və «max» (şəhər) sözlərindən əmələ gəlmişdir. Başqa bir fərziyyəyə görə, «şam» sözü – Dəməşq şəhərinin ərəbcə adı, «axı» (əxi) isə «oxşar», «bənzər» deməkdir. Buraya köçüb gəlmiş suriyalılar Şamaxının gözəlliyini və əzəmətini görəndən sonra onu Dəməşqlə müqayisə ediblər.
Şamaxı rayonu ərazisində qədim dövrlərdə baş vermiş maraqlı hadisələr haqqında işarə verən toponimlər çoxdur. Məsələn, Məlhəm kəndinin yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur olmuşdur. Astma və başqa ağır xəstəliklərdən əziyyət çəkən adamlar Məlhəmə gələrək bir neçə həftə bu mağarada yaşadıqdan sonra xəstəlikdən xilas olurdular. XII əsrdə yaşamış məşhur şair Əfzələddin Xaqani bu kiçik kənddə dünyaya göz açmışdır.
Şamaxının ad çəkiləndə məşhur xalçalardan başlamış, Puşkin «Şamaxı şahzadəsi»nə qədər müxtəlif assosiasiyalar yaranır. Məşhur rus səyyahı, Tverli tacir Afanasi Nikitin “Üç dəniz arxasına səyahət”ə çıxarkən burada da olmuşdur.
Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir. Qaraçay, Vələvliçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.
Şamaxı Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Zeynalabdin Şirvani, Hamidi Şirvani, Fələki Şirvani, Məhəmməd Hadi, İmadəddin Nəsimi, Hacı Zeynalabdin Şirvani, Əzim Əzimzadə və başqa istedadlı söz və fırça ustalarının, dahi mütəfəkkirlərin və memarların vətənidir.
Şamaxı həm də Azərbaycanın ən iri üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məşhurdur. Şamaxının məşhur süfrə və desert şərabları beynəlxalq sərgilərdə çoxsaylı medallara və diplomlara layiq görülmüşdür.
Şamaxı şəhrindən 12 km şimal-şərqdə. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan, teleskopla təchiz edilmişdir. Pirquluda qışda dağ-xizək idmanı ilə məşğul olmaq, yayda isə at belində maraqlı gəzəntiyə çıxmaq mümkündür.
El arasında «Qırxbulaq» deyilən, saf sulu bulaqları ilə məşhur olan mənzərəli yer də çox məşhurdur. Buranın gözəl təbiətini mühafizə etmək üçün sahəsi 1521 hektar olan «Pirqulu» qoruğu yaradılmışdır. Şamaxı yolunun düzənliyə çıxdığı hissəsində yerləşən kiçik Cəngi qəsəbəsində turistlər məşhur «Şirvan», «Qobustan», «Şamaxı», «İsrafil», «Ərciman» xalçalarını toxuyan mahir ustalarla tanış ola bilərlər. Bu yerlərdə yaşayan çobanlarını ailələri milli naxışlarla bəzədilmiş al-əlvan yun corablar toxuyurlar.
Zəngin təbiətə malik olan Şamaxı rayonun həm də qədim tarixi vardır. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Kələxanı kəndindəki İmamzadə piri, XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və s. XIV əsrdə tikilmiş, yeraltı hamamı olan karvansara kompleksi də böyük marağa səbəb olur.
Gülüstan qalasının xarabalıqları Şamaxının yaxınlığındadır. Şirvan hökmdarlarından biri olmuş Mustafa xanın sarayının qala divarlarının qalıqları Fit dağında ucalır. Şirvan xanlarının uyuduğu Yeddi Gümbəz məqbərəsi (XVIII-XIX əsrlər) yaxşı vəziyyətdə qalmışdır. Ən qədim abidələrdən biri də Xınıslı kəndində daşdan yonulmuş qadın heykəlidir.
Xızı
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgiləri yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir.
Azərbaycanın ən səfalı guşələrindən biri olan Altıağac da Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.
Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək. VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi. Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları. Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi. V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur. Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.
Rayonun inzibati mərkəzi Xızı şəhəridir. Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır.
Yardımlı
Azərbaycaının cənubunda, Talış dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu qərbdən İranla həmsərhəddir. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Qışda burada torpaq başdan-başa qar ötrüyü altında olur. Yardımlıda istirahət üçün ən münasib vaxt bahar və yay fəslilləridir. Rayonun zəngin faunası var. Masallı – Yardımlı avtomagistralının 25-ci km-də «Şəlalə» adı ilə məşhur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir. Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox gözəl və populyar yeridir. «Göz narı» adlanan çeşmə tarixi abidə hesab edilir.
Bu rayonda qədim xalq sənəti – xalçaçılığın ənələri qorunub saxlanmışdır. İxtisaslaşdırılmış xalçaçılıq sexləri yoxdur. Xalça ustaları öz evlərində xalça toxuyurlar. Rayonun inzibati mərkəzi – Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var.
|