















|
ŞAMİL NADİR OĞLU NƏCƏFOV
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
ANAR MIRSƏMİD OĞLU AĞALARZADƏ
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
NEFTÇALA RAYONUNUN ARXEOLOJİ ABİDƏLƏRİ.
AZƏRBAYCANIN ARXEOLOJİ İRSİNİN ARAŞDIRILMASINDA
NEFTÇALA RAYONUNUN TARİXİ-ARXEOLOJİ ABİDƏLƏRİNİN ƏHƏMİYYƏTİ.
(Arxeoloji və yazılı mənbələr əsasında)
Respublikamızda yaranan əlverişli siyasi-iqtisadi şərait, ideoloji mühit nəticəsində ölkəmizin qədim tarixi keçmişinə olan diqqət istər ölkə daxilində və istərsə də onun hüdudlarından kənarda xeyli artmış və bu da öz növbəsində arxeoloji abidələrin tədqiqinə yeni stimul vermişdir. Məhz son illərdə respublika rəhbərliyinin, cənab prezident İlham Əliyevin Azərbaycan tarixinə və arxeologiyasına həssas qayğısı və dərin diqqəti nəticəsində bu sahədə xeyli yeni faktlar toplanmışdır. Respublikamızda arxeoloji ekspedisiyaların maliyyələşdirməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə rəhbərliyinin imzaladığı məlum sərəncamlar ilə Azərbaycanda həyata keçiriləcək arxeoloji qazıntıların maddi bazası xeyli güclənmişdir. Azərbaycan tarixinin öyrənilməsində, Azərbaycan xalqının bu ərazidə yerli köklərə malik xalq kimi formalaşmasının təbliğində, qədim arxeoloji mədəniyyətləri yaratmış olan bu xalqın həm də nadir sayılan arxeoloji abidələri yaradıb-yaşatmasında və s. kimi faktorların araşdırılmasında bu qazıntılardan əldə edilən tapıntıların qiyməti ölçüyəgəlməzdir.
Qeyd etmək lazımdır ki, məkirli qonşularımız – ermənilər son zamanlar daha da təhlükəli fitnələrə əl atıblar. Onların məqsədi bizim minilliklərlə yaşı ölçülən arxeoloji abidələrimizə sahib çıxmaq, Azərbaycan xalqının bu əraziyə gəlmə olduğunu və heç bir özünəməxsus arxeoloji abidəyə malik olmadıqlarını sübuta yetirmək istəyirlər və bunun üçün bütün vasitələrdən istifadə edirlər. Azərbaycanın qərb ərazilərində (tarixi-arxeoloji abidələrlə daha zəngin hesab olunan, qədim mədəniyyət mərkəzi sayılan Gəncə-Qazax bölgəsi) mövcud olan tarixi-arxeoloji abidələrin əksəriyyətinin onlara məxsus olduğunu, Xocalı-Gədəbəy mədəniyyətinin özlərinin yaratmasını iddia edirlər. İşğal altında saxladıqları Azərbaycan torpaqlarında abidələrimizə qarşı barbar münasibət bəsləyir, onları dağıdır, bəzilərini isə erməniləşdirirlər. Abidələrimizin forması və məzmunu dəyişdirilir, dəyişdirilə bilməyən abidələrimiz isə yerli-dibli dağıdılır. Bu gün erməni tədqiqatçıları Ağdamda, Ağdərədə, Füzulidə kurqan abidələrini vəhşicəsinə dağıdır, əldə etdikləri materialları talan edib erməni xalqının yaratdığı maddi mədəniyyət abidələri kimi təqdim edərək “Tiqranakert” muzeyinə daşıyırlar. İlk dəfə Azıx mağarasında qazıntılar aparan arxeoloqlarımız azıxantropun qalıqlarını tapmış və dünyaya sübut ediblər ki, Azərbaycan öz təbii zənginliyi ilə qədim insanların yaşadığı ərazilərdən olmuşdur. Bu gün yalançı ideyalarla silahlanan erməni alimləri Azıxda qazıntılar aparır və orada da erməni izi axtarırlar. Ancaq bu zavallılar dərk etmir ki, dünya alimləri onların cəfəng fikirlərinə gülür və hələ XX əsrin 60-cı illərində Azərbaycan paleolit məktəbinin nümayəndələrinin irəli sürdükləri fikirlərlə razılaşırlar. Bunun bariz ifadəsidir ki, bu il Azıx qazıntılarının başlanmasının 50 illiyi ilə bağlı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun xətti ilə Bakıda beynəlxalq arxeoloji konfrans keçirildi və bu konfransada dünyanın ən nüfuzlu paleolit dövrü alimləri öz məruzələri ilə təmsil olunaraq Azərbaycan xalqının bu maddi mədəniyyət abidəsinin unikallığından, ümumdünya əhəmiyyətindən danışdılar. Millətimizə, xalqımıza aid olan maddi mədəniyyət abidələrimizi mənimsəməklə, öz adlarına çıxartmaqla, bu abidələrin üzərində əlavələr etməklə tarix yaratmaq mümkün deyil. Bu abidələr onu yaradan xalqa məxsusdur və onun nə qədər zəngin irsə malik olduğunun göstəricisidir.
Üzdəniraq erməni alimlərinin və fırıldaqçılarının bu iddialarına əlbəttə ki, rəsmi səviyyədə cavablar verilir. Şübhə yoxdur ki, son illərdə ölkə rəhbərliyi də ideoloji sahədə Ermənistanın uydurma ərazi iddialarına qarşı, yalan və qondarma fikirlərinə qarşı, Qafqazda guya ən qədim xalq olmaları kimi cəfəng ideyalarına qarşı mübarizə aparır və çox tutarlı cavablar verilir. Belə tutarlı və məzmunlu cavablar əlbəttə ki, göz qabağında olan və mənbələrdə əks olunan tariximizə əsaslanır. Arxeologiyanın xidməti isə bu sahədə bəlkə də heç nə ilə ölçüyəgəlməzdir. Məhz arxeoloji qazıntılardan əldə olunan tutarlı və təkzibolunmaz faktlar, arxeoloji sübutlar heç bir vəchlə dəyişdirilə bilməz. Erməni tarixçiləri nə qədər çalışsa da bu faktları özününküləşdirə bilməzlər. Вütün bu kimi hallara qarşı tutarlı cavab vermək, bu sahədə erməni birliklərinin informasiya imkanlarını zəiflətmək, arxeoloji abidələrimizin tədqiqi və təbliğini daha da genişləndirmək üçün arxeologiya sahəsində təklif edilən layihələrin həyata keçirilməsi çox aktualdır.
Azərbaycanda kompleks arxeoloji qazıntılar və elmi tədqiqatlar yalnız bir elmi tədqiqat müəssisəsi tərəfindən həyata keçirilir: AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən. Hər il bu İnstitutunun əməkdaşlarının rəhbərliyi altında Azərbaycan Respublikası ərazisində 40-dan çox abidədə arxeoloji qazıntılar və tədqiqatlar aparılır. Qazıntılar respublikamızın hər bir bölgəsini əhatə edir. Son illərdə bu ekspedisiyaların bəzisi beynəlxalq xarakter almışdır. Azərbaycan-Amerika, Azərbaycan-Almaniya və Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyaları respublikamızın müxtəlif bölgələrində tədqiqatlar aparır. Arxeoloji qazıntılar zamanı çoxlu tarixi-arxeoloji abidələr aşkar olunub abidələrin külliyatına salınmış, nəzərdə tutulmuş abidələrdə - yaşayış yerləri və qəbiristanlıqlarda qazıntılar aparılmış, minlərlə maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Bütün bu tapıntılar tarixi keçmişimiz haqqında çoxlu yeni faktlar üzə çıxarmış və muzey eksponatlarını zənginləşdirmişdir. Digər tərəfdən isə respublikamızda aparılan irimiqyaslı arxeoloji qazıntılar əcnəbi alimlərin də böyük marağına səbəb olmuş, onlar da birgə şəkildə qazıntıların ya iştirakçısı olmuş, ya da müşahidəçi kimi abidələrimizdə aparılan arxeoloji qazıntıları izləmişlər. Bu da müsbət hal kimi qiymətləndirilməlidir ki, aparılan arxeoloji qazıntılar xarici turistlərin Azərbaycanın arxeoloji abidələrinə marağını artırmış və axınını sürətləndirmişdir. Neftçala rayonu da respublikamızın qədim maddi mədəniyyətini özündə əks etdirən bir bölgədir. Amma təəssüflər olsun ki, bu rayonda əsaslı arxeoloji tədqiqat işlərinə hələ də start verilməmişdir. Rayon ərazisindəki arxeoloji-tarixi abidələr antik və ilk orta əsrlərdən üzü bəri olan tarixi əks etdirir. Ümumiyyətlə, rayonda aparılmış tədqiqat və qazıntılardan anlaşıldığına görə bu ərazilərdə nəzərdən keçirilmiş abidələrin çoxu antik və orta əsrlər dövrünün müxtəlif mərhələləri üçün xarakterikdir. Amma ola bilsin ki, tədqiqatların sonrakı mərhələrində bu ərazidə də tariximizin daha qədim dövrlərinə aid maddi mədəniyyət abidələri üzə çıxarılsın.
Neftçala rayonu ərazisində indiyədək kiçikmiqyaslı olsa da arxeoloji kəşfiyyat və qazıntı işləri aparılmamışdır. Bu tədqiqatlar əsasən sualtı arxeologiyanın nailiyyətləri və yeni tikinti sahələrinin arxeoloji tədqiqi ilə bağlı olmuşdur. Azərbaycan tarixinin antik və ilk orta əsrlər dövrünün müxtəlif problemlərinin, ilkin şəhər mədəniyyəti məsələlərinin, tarixi-coğrafiya, paleocoğrafiya, landşaftologiya kimi məsələlərin öyrənilməsində bu abidələrin öyrənilməsinin əhəmiyyəti çox böyükdür. Rayon ərazisində aşkar edilmiş bəzi arxeoloji abidələr öz unikallığına görə seçilir və bunların tədqiq edilməsi bir məqsəd kimi qarşıda durmalıdır. Arxeoloji abidələrinin daha çox orta əsrlər dövrünə aid olması Neftçala rayonu ərazisində ilkin şəhər mədəniyyətinin formalaşması və əhalinin miqrasiyasındakı təbəddülatların izlənilməsinin mənbələr və abidələr əsasında öyrənilməsini zəruri edir.
Neftçala rayonu ərazisində qeydə alınmış müxtəlif dövrləri özündə əks etdirən arxeoji abidələr vardır:
Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında ilk orta əsrlərə aid şəhər xarabalığı vardır. İlkin arxeoloji tədqiqatlar və arxeoloji müşahidələr əsasında belə bir qənaətə gəlmək olar ki, xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri tapılmışdır. Maddi mədəniyyət nümunələrinin əksəriyyəti keramika materiallarından ibarətdir. Bu keramikaların üzərində müxtəlif həndəsi və nəbati (bitki) naxışlar həkk olunmuşdur. Əsasən şirli və şirsiz qab nümunələrinin üzərində çox nadir hallarda zoomorf təsvirlərə (heyvan təsvirləri) rast gəlmək də mümkündür. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala ərazisinə də aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olmuşdur. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Burada əsaslı arxeoloji tədqiqatlar 1960-1980-cı illərdə V.A.Kvaçidze tərəfindən aparılmışdır. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır. Qalıqlar içərisində xeyli miqdarda gil qab nümunələri (əsasən şirli), çıraqlar, piydanlar, pintader qalıqları vardır.
Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya kaspililərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Qədim mənbələrin məlumatına görə qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş. Əlbəttə ki, tarixi reallığı belə faktların üzərində qurmaq və bərkitmək olmaz. Şübhəsiz belə faktların doğruluğu yazılı mənbələrin olmadığı şəraitdə yalnız maddi mənbələrin –arxeoloji materialların əsasında araşdırılır və tədqiq olunur.
Professor Q.Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxrinin (950-1000 ci illər) "Dövlətlərin və xalqların yolları kitabı"ndakı (“Kitab əl-məsalik vəl-məmalik”) xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisinin (1100-1166) 1154-cü ildə tərtib etdiyi xəritədə (qeyd edək ki, İdrisinin atlasındakı 70 xəritənin biri ayrıca olaraq Xəzər hövzəsinə və onun ətrafındakı iri yaşayış məntəqələrinə həsr olunmuşdur), 1375- ci ilə aid Kataloniya xəritəsində və Venesiya səyyahı Fra Mauronun 1459-cu ilə aid coğrafiya xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Bu şəhərin antik dövrə aidliyi isə bəzi məxəzlərdə əksini tapmışdır. Əlbəttə ki, Kür çayının indiki mənsəbi ilə təxminən 1500-1700 il öncəki mənsəbi arasında fərq olmaya bilməzdi. Amma, qeyd olunduğu kimi ərazinin tarixi coğrafiyasında elə bir ciddi təbəddülat olmamışdır. Tarixçilər Kürün deltasında içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. Hətta qeyd olunur ki, həmin boyadan şirli saxsı qab istehsalında istifadə geniş olmuşdur.
Bir çox yazılı qaynaqlarda monqol işğallarına qədərki dövrdə Aran, Kürboyu ərazilərdə bəzi yaşayış məntəqələrinin olması göstərilir. XIV əsrdən sonra bu qaynaqlar tamamilə itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir və daha çox real tarixi faktlara söykənməyən yaşayış yerlərinin adlarını qeyd edirlər. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir.
Bu yerlərdə ilk ciddi elmi axtarışlar 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Fikrimizcə tədqiqatçının rast gəldiyi ərazi əslində onun iddia etdiyi Xaraba şəhərin qalıqları yox, kənd tipli yaşayış yerinin bir hissəsi olmuşdur. Birincisi burada əsaslı arxeoloji-kəşfiyyat şurfları qoyulmamışdır. İkincisi isə, əldə olunan materiallar arasında nə antik dövrün, nə də ilk orta əsrlər dövrünün materiallarına rast gəlinməmişdir. Antik və orta əsr şəhərlərinin inkişafı o qədər əhatəli olmuşdur ki, bu şəhərlərin ətarfında xırda yaşayış məntəqələri də mövcud olmuşdur. Ehtimal ki, etnoqraf alim bu yaşayışın izlərinə rast gəlmişdir və öz fikrində yanılmadığını sübuta yetirmək istəmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunun Fondunda saxlanılan Örənqala, Şamaxı, Cəlilabad, Muğan, Şirvan, Şabran, Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Mərhum arxeoloq, Neftçalanın Xəzər sahillərində, Xaraba şəhər adlanan ərazilərdə, I və II Bəndovanda uzun müddət sualtı arxeologiya qrupuna rəhbərlik edən V.A.Kvaçidze əldə etdiyi tapıntılar əsasında qeyd etmişdir ki, dəniz suları altından tapılan və öz boya naxışlarının keyfiyyətini itirməyən keramika nümunələri yalnız yüksək şəhər mədəniyyətinin sənətkarlıq ocaqlarında hazırlana bilərdi.
Əraziyə yaxından bələd olan tədqiqatçı alim və arxeoloq kimi şəxsi qənaətimiz və mülahizələrimizə əsasən qeyd edə bilərik ki, bu şəhər antik dövrdən yaranıb inkişafa başlamışdır və ilk orta əsrlərdə öz inkişafının zirvəsinə çatmışdır. Saxsı qab nümunələri üzərindəki müxtəlif ərəb yazı növlərinin (nəsx, nəstəliq, süls) ifadəsində həkk olunan, ştamplanan və qravürə edilən yazılar yüksək savadlı və geniş dünyagörüşlü şəhər mədəniyyətinin nümayəndələrinin əl işləri ola bilərdi. Azərbaycan Tarix Muzeyində saxlanılan bəzi artefaktlarla tanışlıq zamanı müəyyən etmək olur ki, Xaraba şəhər tapıntıları adı altında inventarlaşdırılmasalar da bəzi nümunələrin həmin ərazinin materiallarının spesifik xüsusiyyətlərini daşımaları şübhəsizdir. Monqol hücumları ərəfəsində belə bir şəhərin mövcudluğu diqqətdən kənarda ola bilməzdi və bu şəhər də digrələri kimi monqol hücumlarından heç cür yayına bilməzdi. Amma, heç bir mənbə və yazılı qaynaq monqol hücumları zamanı bizə belə bir şəhərin olması haqqında məlumat vermir. Ehtimal ki, monqol hücumaları ərəfəsində bu şəhər artıq iqtisadi-siyasi cəhətdən tənəzzül keçirirmiş, və yaxud iqlim dəyişmələri nəticəsində Xəzərin suları altında qalıbmış. Hər halda XIII-XIV əsrlərdə bu şəhərin siyasi tariximizdə rolu haqqında heç bir bilgimiz yoxdur. Əlbəttə ki, bu və ya digər məsələlərin həllinə işıq ərazidə arxeoloji, paleogoğrafi, etnoarxeoloji tədqiqatlar aparılan zaman salınacaqdır. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması, bu şəhərin ümumi sahəsinin öyrənilməsi, şəhərin antik adı, mədəni-iqtisadi əlaqələrdəki rolunun araşdırılması üçün burada irimiqyaslı arxeoloji, həm də paralel olaraq sualtı arxeoloji tədqiqatlara başlanılması Azərbaycan orta əsrlər tarixinin və şəhər mədəniyyətinin öyrənilməsinin xeyli dərinləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.
Xol Qaraqaşlı yaşayış yerində (inventar nömrəsi: 1625) aparılmış ilkin arxeoloji müşahidələr burada yaşayışın antik dövrün sonlarından başlayaraq ta son orta əsrlərə qədər davam etməsini göstərmişdir. II əsrdən başlayaraq XVII əsrə qədər izlənilən keramika nümunələrinin keyfiyyətli hazırlanaraq sabit tempraturda bişirildikləri məlum olur. Keramika nümunələri pərakəndə halda təxminən 1,5-2 ha-ya yaxın bir sahədə səpələnmişdir ki, bu da yaşayış yerinin dəqiq sərhədləri haqqında bizdə təsəvvür yaradır. Əldə edilən keramika nümunələrinin çox hissəsi dulus çarxında hazırlanmışdır. Bu keramika nümunələrinin bəziləri Qırxçıraq ərazisindəki orta əsr yaşayış yerindən əldə edilmiş materialların bəzilərini təkrarlayır. Ərazidə genişmiqyaslı arxeoloji qazıntılar aparılarsa tariximizin böyük bir dövrünə işıq salınmış olar.
Boyat kəndində antik, ilk və inkişaf etmiş orta əsrlərə aid edilən (təxminən II-XIII əsrlər) kənd tipli yaşayış yerinin qalıqları müəyyən edilmişdir. Azərbaycan Respublikasının maddi mədəniyyət abidələrinin toplusuna 1626 inventar nömrəsi ilə düşən bu abidənin ərazisində 2008-2009-cu illərdə qısamüddətli arxeoloji müşahidələr (t.e.n. Ş.N.Nəcəfov və t.e.n. A.M.Ağalarzadə tərəfindən) aparılmlşdır. İlkin tədqiqatlar zamanı əldə edilən keramika nümunələrinin forma və məzmun müxtəlifliyi, onların hazırlanma texnologiyası bu ərazidə qeyd olunan dövrdə inkişaf etmiş kənd tipli yaşayış yerinin mövcudluğu barədə məlumat vermişdir. Heç şübhəsiz ki, gil qab istehsalı üçün bu ərazidəki zəngin xammal mənbəyi (məlumdur ki, Neftçala rayonu ərazisində Kürböyu bəzi ərazilərdə zəngin gil yataqları vardır) belə nəfis dulusçuluq məmulatlarının istehsalına şərait yaratmışdır. Şirli qabların bəzi nümunələri əraziyə gətirilmə olsa da əksər keramika məmulatı yerli istehsalın məhsulu olmuşdur. Gətirilmə məmulatlar isə yerli əhalinin orta əsrlərdə mal mübadiləsində və ticarət-iqtisadi əlaqələrdə xeyli irəlilədiyini sübut edir.
Ehtimal etmək olar ki, burada antik dövrün yaşayış yeri nisbətən daha böyük ərazini əhatə edirdi. Əhalinin təsərrüfat işləri zamanı əkin sahələri isə bu yaşayış yerinin kənarını kəsib keçmişdir. Antik dövrə aid mədəni layda keramika nümunələrini az tapılmasına da bununla izah etmək olar. Bir ədəd qəbrin tapılması bu fikri bir daha təsdiq edir. Belə ki, antik dövrün qəbirləri yaşayış yerindən kənarda salınırdı. Bu tip qəbirlərin sayı güman ki, çox olmuş və onlar qazıntı sahəsindən kənarda qalmışlar. Antik və ilk orta əsrlər dövrünə aid yaşayış yerinin hüdudlarında bir neçə sayda daş düzümləri aşkarlandı ki, bunlar da çox ehtimal ki, sallama qəbirlər idi.
XI-XII əsrlərə aid edilən II Boyat yaşayış yeri (inventar nömrəsi: 1628) haqqında arxeoloji məlumatlar da məhdud sayda olduğundan bu barədə ətraflı danışa bilmirik. Təəssüflər olsun ki, sahəyə baxış keçirmək hələlik mümkün olmamışdır və bu sahədə gələcəkdə aparılacaq arxeoloji müşahidələr və ilkin tədqiqatlar ərazidə yaşayışın hansı müddətdə və hansı dövrlərdə mövcud olmasını dəqiq söyləyəcəkdir.
XIII-XV əsrlərə aid Qaravəlli yaşayış yeri (inventar nömrəsi: 1629) haqqında geniş olmasa da müəyyən qədər məlumat bazasına malikik. 2002-2003-cü illərdə burada t.e.d. Ə.İ.Novruzlunun rəhbərliyi, t.e.n. Ş.N.Nəcəfov, e.i.Y.M.Danyalov, k.e.i.Ə.Əbdürrəhmanov, k.e.i. S.Məlikovanın iştirakı ilə arxeoloji ekspedisiya kiçik arxeoloji müşahidələr aparılmışdır. Müşahidələr əsasında yaşayış yerinin sahəsi vizual olaraq müəyyənləşdirilmiş, əldə edilən keramika nümunələri əsasında yaşayış yerinin kənd tipli yaşayış yeri olması və şirli saxsı məmulatı əsasında orta əsr sənətkarlığının sürətli inkişafı haqqında məlumat əldə edilmişdir. Abidənin yerləşdiyi ərazi otlaq sahəsi kimi istifadə eedildiyindən yaşayış yerini müəyyənləşdirmək imkan xaricində idi. Bundan başqa abidənin kənardan diqqəti cəlb edəcək yerüstü əlamətləri də müşahidə edilmirdi. Mədəni təbəqənin qalınlığını yoxlamaq məqsədilə burada –yaşayış yerinin düz mərkəzində 2x2 m ölçüdə yoxlama şurfu qoyuldu. Şurfdan çıxarılan torpağın daha narın və yumşaq, eyni zamanda qaralmış formada olması həmin ərazidə heyvan peyininin uzun müddət qalmasının və izlərinin nəticəsi olaraq görünürdü. Bu çürüntüdən lazımı analiz götürə bilməsək də ətrafda tapılan heyvan sümükləri burada daha çox iribuynuzlu heyvanların üstünlük təşkil etdiyini sübut edir. Şurf yerindən aşkar edilmiş arxeolji materialların əksəriyyətini keramika məmulatı təşkil edir. Ümumiyyətlə, keramika nümunələri yalnız gil qabların qırıqlarından ibarətdir. Qazıntı nəticəsində kiçik bir ərazidən 30-dən çox saxsı qırığı aşkar edilmişdir ki, onların da əksəriyyəti müxtəlif tutumlu küp və küpə hissələrindən ibarətdir.
XII-XIV əsrlərə aid Bankə yaşayış yeri (inventar nömrəsi: 1630) ilk və inkişaf etmiş orta əsrlərə aid olub, özündə müxtəlif maddi mədəniyyət nümunələrini əks etdirir. Bu sahədə ilkin vizual müşahidələr və tədqiqatlar V.A.Kvaçidze tərəfindən aparılmışdır. Tədqiqatçı Xəzər sularında, I və II Bəndovanda apardığı tədqiqatlarda Bankə yaşayış yeri haqqında da məlumat vermişdir. Qısaca olaraq göstərmişdir ki, bu yaşayış yeri kənd tipli olmuş və Xəzərdə balıqçılıqla məşğul olan ailələrin saldığı bir yer kimi səciyyələnmişdir. Burada əsaslı tədqiqat işlərinin aparılmamasının səbəblərindən biri də Kür sularının müntəzəm olaraq artması və yaşayış yerinin uzun müddət su altında qalması ilə bağlı olmuşdur.
VIII-XIV əsrlərə aid Ərəbqardaşbəyli yaşayış yeri (inventar nömrəsi: 1631) haqqında məlumat bazamız çox zəifdir və burada heç bir kəşfiyyat, tədqiqat və qazıntı işləri həyata keçirilməmiş, yalnız qeydiyyata alınmışdır. Bir çox başqa abidələr kimi burada da əsaslı arxeoloji qazıntıların aparılmasına böyük ehtiyac vardır.
Qaraqaşlı yaşayış yeri maddi mədəniyyət abidələri siyahısında I-XIII əsrlərə (inventar nömrəsi: 1632) aid edilsə də burada dəqiqləşdirmələrin aparılması çox zəruridir. Antik, ilk orta əsr və orta əsrləri özündə ehtiva edən yaşayış yerinin tipi, xüsusiyyətləri barədə dolğun təsəvvür əldə etmək üçün burada əsaslı arxeoloji tədqiqatlar aparmaq vacibdir.
Təxminən XII-XVII əsrlərə aid edilən Xıllı yaşayış yeri (inventar nömrəsi: 1633) və onunla eyni dövrə aid edilən Xıllı qəbristanlığı (inventar nömrəsi: 1634) da böyük maraq doğuran arxeoloji-tarixi və epiqrafik abidələr sırasında dayanır. Xıllı yaşayış yeri hazırda Xıllı məscidinin yerləşdiyi sahədən başlamış ta Kürboyu əraziləri əhatə edərək indiki Xıllı nərə balıqartırma kombinatının ərazisinə qədərki böyük bir sahəni əhatə edir. 2002-2003-cü illərdə balıqartırma kombinatının tikintisi ilə bağlı yeni tikinti sahələrinin arxeoloji tədqiqi planına uyğun olaraq ərazidə arxeoloji kəşfiyyat işlərini həyata keçirdik (t.e.d. Ə.İ.Novruzlu, t.e.n. Ş.N.Nəcəfov, e.i. Y.M.Danyalov). İlkin kəşfiyyat işləri zamanı tapılmış xeyli miqdarda artefaktlar əsasən keramika məmulatı olub, məzmun və forma baxımından müxtəlif idilər. Mətbəx və məişət keramikasının tipik xüsusiyyətləri Beyləqan, Salyan, Şamaxı, Bakı ərazisindən tapılmış orta əsrlərə aid keramikanın xüsusiyyətlərini təkrarlayır. Şirli qablara çox az rast gəlinsə də şirsiz keramika çox sayda tapılmışdır. Keramika məmulatı içərisində küp, küpə, bardaq, nehrə və s. təyinatlı gil qabların fraqmentləri daha çoxdur və onlar yaxşı hazırlanaraq, sabit tempraturda bişirilmişlər. Gil tərkibkləri əsasən təmiz olan keramika nümunələrinin bəziləri cilalanaraq anqoblanmışdır. Yaşayış yerinə aid olan qəbristanlıq indiki qəbristanlığın hüdudlarından kənara çıxsa da təxminən həmin əraziləri əhatə etmişdir. Epiqrafik materialların daha çox rast gəlindiyi bu qəbristanlıqdakı qəbirlər dövr baxımından yaşayış yeri ilə üst-üstə düşür və bu yaşayış yerinin qədim sakinlərinə məxsus olmuşdur.
Xıllı qəbristanlığı II Boyat nekropolu
XI-XII əsrlərə aid Qaramanlı yaşayı yeri (inventar nömrəsi: 1635) və Qaramanlı nekropolu (inventar nömrəsi: 1636) da eyni dövrə aid olub xüsusi əhəmiyyətə malik maddi mədəniyyət abidələridir. Təxminən iki əsrlik bir tarixi özlərində əks etdirsələr də bu abidələrdə gələcəkdə aparılacaq arxeoloji qazıntılar rayonun qədim tarixinin bir çox qaranlıq mətləblərinə işıq salmış olacaqdır. Nekropol, daha doğrusu qəbristanlıq yaşayış yerinin qədim sakinlərinə məxsus olub biri-birindən çox az məsafə ilə ayrılırlar. Yerli əhali burada təsərrüfat işləri ilə məşğul olarkən bir neçə ədəd gil çıraq fraqmentləri, iri və orta tutumlu küpə qırıqları və mis sikkələr tapmışdır. Bu materiallar əsasında həmin abidənin tipoloji xüsusiyyətləri haqqında məlumat verən t.e.d. A.Nuriyev bu yaşayış yerinin monqollaraqədərki dövrə aid olduğunu və heyvandarlıqla məşğul olan köçəri tayfalara məxsus olduğunu göstərmişdir. Təəssüflər olsun ki, tədqiqatçı yaşayış yeri ilə bağlı tədqiqatlarını ümumiləşdirə bilməmiş və elmi məqalə şəklində nəşr etdirməmişdir. Mis sikkələrin Atabəylər dövrünə aid olduğunu söyləyən tədqiqatçı onların oxşar nümunələrinin Cəlilabad, İmişli, Sabirabad rayonları ərazisində aşkarlanmış dəfinələrdən də tapıldığını qeyd edir. Yaxın vaxtlarda belə bir dəfinə t.e.n. A.Ağalarzadə və t.e.n. A.Quliyev tərəfindən Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində aşkar edilib. Aşkar edilmiş dəfinədən 26 ədəd mis sikkə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilmişdir. Sikkələr Atabəylər dövrünə (XII-XIII əsrlər) aid edilir. Qaramanlı yaşayış yerindən əldə edilmiş yerüstü materiallar burada yaşayış sıx olduğunu deməyə əsas verir. Abidələrin mühafizəsi ilə AR Mədəniyyət və Turizm Nazirliyi ciddi məşğul olsa da son illərdə yaşayış yerinin bəzi yerlərdə dağılması faktlarına da rast gəlinir.
Üst Qoltuq yaşayış yeri (inventar nömrəsi: 5972) nisbətən inkişaf etmiş və son orta əsrlərin abidəsi olsa da burada maraqlı yerüstü materiallar toplanmışdır. Əldə edilən materialların müqaisəli təhlili burada yaşayışın XIV-XVII əsrlərdə mövcud olduğunu göstərir.
Orta əsrlərə aid Kür Qarabucaq kəndi yaşayış yeri (inventar nömrəsi: 5973) son orta əsrlərə aid olub, təxminən XVIII-XIX əsrin birinci yarısını ehtiva edir. Yerüstü keramika məmulatının əksəriyyəti yaxşı hazırlanaraq, sabit tempraturda bişirilmiş, dulus çarxında mükəmməl hazırlanaraq, anqoblanmış şirsiz qab fraqmentlərindən ibarətdir. Ərazidə gələcəkdə irimiqyaslı arxeoloji tədqiqatlar aparılarsa maddi mədəniyyət tariximizə dair maraqlı məlumatlar əldə olunacaqdır.
Kür Qarabucaq qəbiristanlığı müsəlman qəbristanlığı olub (inventar nömrəsi: 5974) təxminən XVI-XVII əsrlərə aiddir. Epiqrafik baxımdan Şirvan zonasını əhatə edən qəbirüstü epitafiyalar (onların bəzisi t.e.n. A.M.Ağalarzadə tərəfindən tədqiq edilmişdir) həmin tarixi dövrü əks etdirir. Qəbristanlıq ərazisindəki yerüstü əlamətləri bilinməyən qəbir abidələri isə nisbətən daha qədim tarixə -təxminən bir əsr öncəyə aid edilirlər.
Xol Qarabucaq orta əsr yaşayış yeri (inventar nömrəsi: 5975) haqqında əlimizdə geniş arxeoloji, etnoqrafik faktlar olmadığı üçün bu yaşayış yeri barədə ətraflı məlumat verə bilmirik. Yalnız onu qeyd edə bilərik ki, 2009-cu ildə abidənin ərazisinə ilkin baxış zamanı onun sahəsinin çox böyük olmaması və müasir kəndlə qarışdığının şahidi olduq. Yerüstü arxeoloji materiallar bu yaşayış yerinin son orta əsrlərə (XVII-XVIII əsrlər) aid olmasını söyləməyə imkan verir. Yerüstü arxeoloji tapıntıların böyük əksəriyyəti keramika məmulatından ibarət olub, küp, küpə, nehrə, bardaq, aftava, kuzə, xeyrə, boşqab kimi tapıntıların fraqmentlərindən ibarətdir. Əhali tərəfindən tapılmış bardaq tipli gil qab salamat olub, təsərrüfat işləri zamanı aşkar edilmişdir. Qab keyfiyyətli hazırlanmış, üzərində və daxili səthində dulus çarxının izləri görünür.
EPİLOQ: Qeyd edək ki, Neftçala rayonu ərazisində indiyədək əsaslı arxeoloji kəşfiyyat və arxeoloji qazıntı işləri aparılmamışdır. Adları məlum olan və maddi mədəniyyət abidələrinin külliyyatına düşən arxeoloji abidələrin hamısı sovet hakimiyyəti illərində qeydə alınmış abidələrdir. Fikrimizcə uzun müddət arxeoloji-etnoqrafik və epiqrafik tədqiqatlardan kənarda qalan, böyük əraziyə malik Neftçala rayonu ərazisində mövcud olan dünya, respublika və yerli əhəmiyyətli arxeoloji, epiqrafik, memarlıq abidələrimizi bütünlüklə qeydə almaq, inventarlaşdırmaq vaxtı artıq çoxdan çatmışdır. Bəlkə də bu sahədə bir qədər gecikmişik də. Rayon ərazisində olan abidələri qeydə almaq üçün arxeoloqların, etnoqrafların, numizmatların, və epiqrafların iştirakı ilə birgə ekspedisiya təşkil olunmalı və bu ekspedisiya müntəzəm olaraq işləməli, fəaliyyətinə koməklik göstərilməlidir. Neftçala rayonu ərazisindəki bütün abidələr qeydə alındıqdan sonra onların siyahısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalı, bu abidələrin qorunması ən yüksək səviyyədə təşkil olunmalı, abidələrin üzərində onların, dövrünü, tipini, əhəmiyyət dərəcəsini göstərən məzmunlu və dolğun informasiya əks etdirən lövhələr (abidələrin pasportu) vurulmalıdır. Respublikamızın əksər rayonlarında arxeoloji qazıntıların geniş vüsət aldığı bir vaxtda rayonumuz niyə bu elmi tədqiqatlardan kənarda qalmalıdır? Azərbaycanda arxeoturizmin tətbiqi imkanlarının müzakirəsi getdiyi bir zamanda Neftçala rayonu ərazisində bu qəbildən olan çoxlu abidələrin müqəddaratı nə üçün gölgədə qalmalıdır? Bunun üçün təkliflər isə məhz rayon ictimaiyyəti, ziyalıları, müvafiq təşkilatlar və strukturlar tərəfindən irəli sürülməli və Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi, Tarix-diyarşünaslıq muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilməlidir. Öz növbəmizdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri kimi və ən əsası Neftçala torpağının yetirdiyi ziyalılar kimi bu sahədə olan mövcud boşluqların doldurulmasında, əsaslı arxeoloji-etnoqrafik və epiqrafik tədqiqatların aparılmasında öz elmi dəstəyimizi hər zaman verə bilərik.
Ayrıca olaraq redaksiyada qoyduğumuz telefon nömrələrinə müraciət edərək məqalə ilə bağlı verəcəyiniz təkliflər, arxeoloji abidələrimizin tədqiqi ilə bağlı tövsiyələriniz bizim üçün maraqlı olardı.
ŞAMİL NƏCƏFOV
mob: 051 842 11 85
email: shamil_necefov@mail.ru
ANAR AĞALARZADƏ
mob: 050 367 84 88
050 275 72 56
e-mail: anararxeoloq@mail.ru
|